“2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş tanınmamış “DQR” (Qarabağda qondarma separatçı qurum) tarixi başa çatıb. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə 44 günlük müharibənin nəticələrinə görə həll olunub. Məsələnin yekun həlli üçünsə daha bir neçə il lazım oldu”.
Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin ilin əsas hadisələri barədə məqaləsində qeyd edilib. Müəllif Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas beş hadisəsindən biri adlandırıb.
Məqalədə, həmçinin Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin özünü buraxdığını elan etməsi, 2024-cü il yanvarın 1-dən separatçı rejimin mövcudluğuna xitam verilməsi barədə elanı və erməniəsilli sakinlərin Qarabağı tərk etməsi barədə də məlumat verilib.
“Bakı Qarabağda onlarla erməninin qaldığını bildirir. Azərbaycanda dolğun həyat sürmək üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməli və respublikanın bütün qanunlarına əməl etməlidirlər”, – deyə müəllif vurğulayıb.
Bundan əlavə, Ruben Vardanyan da daxil olmaqla, separatçı qurumun keçmiş rəhbərlərinin həbsi də vurğulanıb.
“Onlar, həmçinin terrorizmi maliyyələşdirməkdə, qeyri-qanuni silahlı birləşmələr yaratmaqda və müharibə aparmaqda ittiham olunurlar. Azərbaycan qanunlarına görə, onları ömürlük həbs gözləyir.”
Müəllif İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması mövzusunda söhbətlərin intensivləşdiyini bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin qondarma separatçı rejimin ləğvi ilə sülhə son maneənin aradan qalxdığını vurğulayıb.
O, məqaləsində dövlət başçısının sözlərini də sitat gətirib:
“Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”, – deyə İlham Əliyev vurğulayıb.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan 2016-cı ilin avqustunda dördgünlük müharibədən sonra aparılan danışıqlardan sonra “DQR”in ləğvi prosesinin qaçılmaz olduğunu bildirib.
BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan administrasiyalarının başçıları İlham Əliyevin və Nikol Paşinyan Cənubi Qafqazda sülhün əldə edilməsi üçün tarixi fürsət haqqında birgə bəyanatını alqışlayıb. Eyni zamanda, Bakı və İrəvan bunu bir-birinin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında həyata keçirəcəklərini vəd ediblər.
İki ölkə prezidentləri bəyanatda qeyd ediblər ki, xoşməramlılıq əlaməti olaraq Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə iki azərbaycanlı hərbçini azad edir. Mübadilə baş tutub”, – deyə müəllif qeyd edib.
Məqalədə yekunda bildirilirb ki, hər iki ölkə liderlərinin mətbuat xidmətləri Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsətin ortaya çıxması ilə bağlı fikirlərini bölüşdüklərinə əmin ediblər.
www.102info.az