“Artıq heç kəsə sirr deyil ki, postpandemiya və postmüharibə dövründə yaşadığımız dünya əvvəlki kimi inkişaf etmir. Yeni düzəni xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımıdır. Ölkəmizin bu qlobal çağırışa hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta hazırkı dövrdən öncə də dövlət gündəliyində mühüm yer tutur və hökumət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı”.
Bunu resmixeber.az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
O bildirib ki, məhz Prezident İlham Əliyevin iradəsi nəticəsində ölkəmizdə bir sıra innovativ layihələr uğurla icra edilməyə başlandı, rəqəmsallaşma, operativlik, hesabatlılıq və ən əsası şəffaflıq başlıca amil olaraq nəzərə alındı. Vaxtında həyata keçirilən bu təşəbbüslər və onların gələcək müsbət təsirləri ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsində Azərbaycanı qlobal çağırışların hərəkətverici qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlirdi:
“Bu məcrada dövlət idarəçiliyində aparılan kompleks institusional islahatların mühüm tərkib hissəsi kimi, ölkə başçısının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması haqda 13 iyul 2013-cü il tarixli Fərmanını xüsusi vurğulamaq olar. Günümüzün ən qabaqcıl təcrübəsinə əsaslanaraq fəaliyyətini quran Dövlət Agentliyi, dünya ictimaiyyəti, mötəbər beynəlxalq təşkilatlar tərəfindən tanınan “ASAN xidmət” artıq 10 ildən artıq müddətdə uğurla dövlət xidmətlərini həyata keçirməkdədir və bu günə qədər mərkəzlərdə 66 milyondan çox vətəndaş müraciətinə baxılıb.
Rəqəmsallaşma və onun gətirdiyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyinin bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqləndiyini nəzərə alaraq, “ASAN xidmət” konsepsiyasını Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensialın mövcudluğunun bariz nümunəsi kimi adlandırmaq olar. Prezident İlham Əliyevin söylədiyi kimi, “Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. “ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik”.
Deputat vurğulayıb ki, mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən, unikal “bir pəncərə” modelini təmsil edən, vətəndaşlara 15 dövlət və 30 özəl təşkilat tərəfindən təklif olunan 400 xidmətdən bir dam altında istifadə etmək imkanı verən “ASAN xidmət” mərkəzləri vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə təşkil olunmasına möhkəm zəmin yaratdı:
“Uzun illər ərzində bu konsepsiya Azərbaycanın unikal əqli mülkiyyətinə çevrilməklə yanaşı, eyni zamanda beynəlxalq aləmdə də böyük maraq doğurub. Belə ki, bu günə qədər innovasiyalarla bağlı sahələrdə təcrübə mübadiləsi aparmaq məqsədilə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla 20-dən çox anlaşma memorandumu bağlanılıb, habelə “ASAN xidmət” bir sıra beynəlxalq nominasiyalar üzrə müxtəlif illərdə qalib olaraq dövlət xidmətlərinin göstərilməsi üçün təqdirəlayiq model kimi qeyd olunur, onun insan hüquqlarının inkişafında, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əhəmiyyətli rolu vurğulanır.
Əldə olunan nailiyyətləri davamlı etmək, habelə kiçik sahibkarlıq sahəsində də innovasiyaların, yeni texnoloji imkanların tətbiqi məqsədilə Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi yaradıldı. Burada mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstəklə yanaşı, eyni zamanda regionlarımızı təbliğ edən xalq sənətkarlığının da inkişafına təkan verildi. “ABAD”ın yaradılması dövlət büdcəsinə vergi daxilolmalarının da həcmini artırmaqla ölkədə yeni iqtisadi münasibətlər ənənəsi formalaşdırdı. Bu da Prezident İlham Əliyevin müdrik, düşünülmüş, qloballaşan dünyamızda gedən proseslərin inteqrə edilərək lokallaşdırılması siyasətinin bariz göstərici idi.
Görülən işlərlə paralel olaraq, Agentliyin təşəbbüsü ilə “ASAN könüllüləri”nin formalaşdırılması Azərbaycanda həm gənclər siyasətinin həyata keçirilməsinə, həm də könüllülük hərəkatının fəaliyyətinə dəstək olmaqla ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Məhz könüllülərin dövlət qulluğunda hərtərəfli iştirakı, onların Heydər Əliyev ideologiyası əsasında miras qalmış adət-ənənələrin yaşatması, beləliklə vətəndaşlara xidmət sahəsində məmnunluğun əldə olunması, müxtəlif səpkili istər yerli, istərsə də beynəlxalq layihələrin həyata keçirilməsi Qərblə Şərqin idarəçilik ənənələrinin sintezini uğurla ortaya qoyur.
Ümumiyyətlə son 20 il ərzində Prezident İlham Əliyev Azərbaycan xalqının ən böyük innovatoru olaraq çıxış edib. Ölkəmizin dünyaya inteqrasiyasında, müasirləşdirilməsində, yeniləşdirilməsində ən qabaqcıl çağırışların lokallaşdırılması istiqamətindəki fəaliyyəti bu gün əldə etdiyimiz bütün Zəfərlərin kökü olmaqla Azərbaycanda yeni bir mədəniyyətin formalaşmasına dəlalət etdi.
Beləliklə, aparılan ardıcıl fəaliyyət, tətbiq edilən davamlı siyasət 2020-ci ildə Azərbaycan Prezidentinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan qərarının icrasını mümkün etdi, eyni zamanda bu gün Azərbaycanın dünyada yalnız sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu nümayiş etdirir”.
www.RESMIXEBER.az