2023-cü il: Azərbaycanın xarici siyasəti regional və qlobal güclərin balanslaşdırılması fonunda – TƏHLİL

Siyasət


2023-cü il Azərbaycanın xarici siyasəti qlobal proseslərdə özünün səlahiyyətlərini genişləndirmək üçün daxil olduğu mühüm trayektoriyalarla yadda qaldı.

Konseptual şəkildə təhlil etsək, deyə bilərik ki, Azərbaycan illər ərzində formalaşmış xarici siyasətini 2023-cü ildə planetar və regional miqyaslarda cərəyan edən proseslərin fonunda qiymətləndirərək ili strateji uğurlarla başa vurur.

Azərbaycan diplomatiya və güc konsentrasiyalarını birləşdirərək Cənubi Qafqazda strateji maraqları ilə uyğunsuzluq təşkil edən təhdid mənbələrindən birini – separatizmi məhv etdi. Bu, Azərbaycanın Qarabağ münaqişəsindən sonra yaxınmüddətli hədəf üçün qarşıya qoyduğu məqsədləri təmin edən zirvə idi.

Qarabağda keçirilən antiterror tədbirlərinin geosiyasi nəticələri Azərbaycanın beynəlxalq siyasətdəki iddialı yanaşmalarını təmin edəcək bir faktora çevrilərək Bakının əlini dəmir kimi bərkitdi.

Düzdür, Azərbaycanın strateji yüksəlişinə mane olmaq üçün əlindən gələni əsirgəməyən qüvvələrin fəaliyyəti yeni təhdid mənbələri formalaşdırırdı, hərçənd ki, Bakı bunların da həll variantlarını tapdı.

İranın yola gəlməsi

Lenti bir qədər arxaya çevirək, 2023-cü ilin ilk ayları Azərbaycanla İran arasındakı siyasi gərginliyin pik müstəviyə daxil olma fazası kimi yadda qaldı. Bakı ilə Tehran arasındakı pisləşən münasibətlər birincinin müdafiə, ikincinin isə təhdid ritorikaları ilə müşayiət edildi.

Lakin Azərbaycan İranın irəli sürdüyü tələb və şərtlərə boyun əymədi, əksinə, irəli gedərək Tehranın güc nümayişinə adekvat təmkinli cavablar verdi, İslam Respublikasını yeni reallıqlara alışdırdı.

Bu tədrici prosesin strateji təyinatı Bakı ilə Tehranın münasibətlərə yenidən baxması zərurətlərini yaratdı. Vəziyyət o yerə çatdı ki, Azərbaycanın regionda Ermənistanın təhdidlərinə və Qarabağdakı separatizmə qarşı profilinin qalxmasına İran əvvəlkitək kəskin reaksiyalar vermədi.

Düzdür, İranın mövqeyində həlledici, nəzərəçarpacaq dəyişiklik olmasa da, onun siyasətinin formasına bir qədər redaktələr etməsini Bakı fürsət bildi. Bu mənada Qarabağda keçirilən antiterror tədbirlərinin vaxtının təyin edilməsi ilə İranla münasibətlərin ruhu arasında dolayı bağlantı qurmaq lazımdır.

Eyni zamanda, Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə dərinləşən əlaqələrinin funksiyası prosesdə açar rol oldu, artıq Bakının strateji hədəflərinə çatmasına nə Rusiya, nə də İran maneə yarada bildi.

Çünki Türkiyədə 2023-cü ildə keçirilən prezident seçkisindən sonra Ankaranın regional baxış bucağı praktiki olaraq bir az da itiləşdi və o, Rusiya, Qərb və İranın bölgədəki maraqlarını Azərbaycanın xeyrinə balanslaşdıran addımlarını gücləndirdi.

Ağ Ev Bakının maraqlarını nəzərə alır

Hərçənd ki, Qarabağdakı antiterror tədbirlərindən sonra Azərbaycana qarşı ən çox səs Qərbdən ucaldı, lakin burada NATO üzvü olan bir neçə dövlətin qışqırıqları daha bərk eşidildi – başda ABŞ və Fransa olmaqla.

Ancaq bu, NATO-nun Azərbaycan ilə münasibətlərinin işığını söndürmək istəkləri formatında qurulmadı, sadəcə olaraq, prosesdə Alyans üzvü olan bəzi dövlətlərin fərdi maraqları ön planda tutuldu.

Lakin nəticədə, Fransadan fərqli olaraq, ABŞ regional siyasət tonunu yenidən Azərbaycanın maraqlarının çərçivələrinə yaxınlaşdırdı və burada Bakı-Vaşinqton strateji tərəfdaşlıq həddindəki münasibətlər əks olundu.

Rusiya ilə münasibətlər

Azərbaycan böyük güclər arasındakı tarazlıq dinamikasını qurarkən Rusiya ilə münasibətlərini Ukraynadakı müharibədən kənar kontekstdə inkişaf etdirdi, hərçənd, Bakı siyasi cəhətdən Kiyevə dəstək verir və ona humanitar yardımlar göndərir.

Lakin Azərbaycanla Rusiya Ukraynadakı müharibənin geosiyasi hüdudundan kənarda daha çox yaxınlaşıb əlaqələri dərinləşdirməkdə maraqlıdırlar. Bu tərz Rusiyanın regional ambisiyalarının bir qisminin Azərbaycan tərəfindən cilovlanmaq xətti ilə davam edir.

Çin yüksəlişinin qiymətləndirilməsi

Qlobal alternativ güc olan Çinlə münasibətlərə gəlincə, burada Azərbaycan tərəfindən Çin mərkəzli nizamın perspektivini qabardan tezislərin gündəmə gətirilməsi yaddan çıxarılmamalıdır.

Azərbaycan Çinin gələcəkdə gücü və uzaqgörənliliyi birləşdirən nəticələr əldə edəcəyini proqnozlaşdırır. Bu tendensiya təkcə Azərbaycanın xarici siyasət cəbhəsində deyil, ümumilikdə beynəlxalq siyasi arenalarda müşahidə edilir.

Azərbaycanın Qərb-Rusiya-Çin arasındakı seçdiyi hərəkət trayektoriyası Fransanın regiondakı müstəmləkəçilik iddialarına zərbə vuran lövhə yaradır. Fransa demişkən, Paris regionda Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin formalaşdırdığı geosiyasi nəticələri təmizləmək istəsə də, bu planlar fiaskoya uğradı.

HƏMAS-İsrail münaqişəsi və Azərbaycan

Azərbaycanın xarici siyasət iyerarxiyası 2023-cü ildə daha bir çağırışla üz-üzə gəldi, bu, oktyabrda başlayan və hələ də davam edən HƏMAS-İsrail müharibəsinin mümkün regional fəlakətli miqyası ilə əlaqəli şəkildə ortaya çıxır. 

Azərbaycan beynəlxalq hüququn prinsiplərindən çıxış edərək Fələstini dəstəkləyir, lakin İsraillə də münasibətlərə xələl gəlməsində maraqlı deyil.

Buna görə də Bakı rəhbər tutduğu mühüm siyasi prinsipləri önə çəkərək münaqişələrə hüquqla mövcud reallıqlar arasındakı qiymətləndirmələrlə baxır.

NƏTİCƏ

Azərbaycanın 2023-cü ildəki xarici siyasətinin strukturu milli maraqları, strateji təyinatları müdafiə etmək üçün peşəkarlıq səviyyəsini qoruyub-saxladı.

Bunun yekunu olaraq Azərbaycan özünə qarşı böyük güclərin və regional oyunçuların təhdid həddini aşmaq üçün göstərdikləri müqaviməti xeyli dərəcədə zəiflədə bildi.

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir