Təmiz su, qida və sığınacaq çatışmazlığı Qəzza zolağının əhalisi arasında yoluxucu xəstəliklərin yayılması riskini artırır.
Bu barədə “Reuters” agentliyi 10 həkim və yardım işçisinə istinadən məlumat yayıb.
“Qəzza zolağında xəstəliklərin yayılması üçün ideal mühit yaranıb. İndi söhbət bunun nəticələrinin nə qədər ciddi olacağından gedir”, – deyə BMT-nin Uşaq Fondunun nümayəndəsi Ceyms Elder agentliyə şərhində bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, noyabrın 29-dan dekabrın 10-dək mədə-bağırsaq xəstəlikləri əlamətləri olan beş yaşadək uşaqların sayı 66% artaraq 59 895-ə çatıb. Anklavın qalan əhalisi üçün bu göstərici 55% təşkil edib.
Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki “Naser” xəstəxanasının pediatriya şöbəsinin müdiri Əhməd əl-Farra agentliyə bildirib ki, onun şöbəsi ağır susuzluqdan əziyyət çəkən uşaqlarla doludur. Bəzi uşaqlarda bu böyrək çatışmazlığına səbəb olub və ishal halları dörd dəfə artıb.
Əl-Farranın sözlərinə görə, son iki həftə ərzində şəhərdə 15-30 hepatit A virusuna yoluxma faktı qeydə alınıb.
“Virusun inkubasiya müddəti üç həftədən bir aya qədərdir, ona görə də bir aydan sonra hepatit A-ya yoluxma hallarının sayında partlayış baş verəcək”, – deyə o vurğulayıb.
www.RESMIXEBER.az