Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.
resmixeber.az xatırladır ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Milli Qəhrəmanımız yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.
Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.
Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunur. Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanımızın qəbri bərpa olunub. Qəbirdaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.
www.102info.az