Tanınmış aktrisanın etirafı: “O hadisə məni tamam dəyişdi…” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət


“Amaliya xanım dünyasını dəyişəndən sonra idarəçiliyi qızı Aynur xanım edir və o da teatra eyni nəfəsi gətirib”.

Bunu tanınmış aktrisa Zülfiyyə Qurbanova Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

Onunla söhbəti təqdim edirik:

“Onda soruşsaydınız, deyəcəkdim ki, sevmişəm”

– Xoşbəxt aktrisa, yoxsa xoşbəxt qadınmı?

İndi həyatımda yaradıcılıq daha ağır basır. Amma ümid edirəm ki, bir gün hər ikisi balansı qoruyub saxlayar. Müəyyən yaşa gələndən sonra sən bilmirsən ki, həyatda gerçək olan nədir… İndi daha realistəm, romantikaya qapılmıram. İnsan həyatda sevirmi və o sevgidirmi? Bəlkə beş il, ya səkkiz il öncə məndən sevgi ilə bağlı fikrimi, həmçinin sevib-sevmədiyimi soruşsaydınız, deyəcəkdim, sevmişəm. Amma indi bilmirəm. Müəyyən həyat hadisələrindən sonra çox dəyişmişəm. Mənim üçün sevgi, yaxud əbədi sevgi ana sevgisidir.

Amma hər kəslə dil tapan, uyumlu insanam. Bəlkə də, kənardan iddialı və sərt görünürəm.

“Ağzı söz tutmayan aktrisalar səndən çox pul alanda…”

– Azərbaycanda bahalı aktyor, bahalı aktrisa yoxdur. Axı bizdə filmlərin büdcəsi nə qədərdir ki, hələ bahalı aktyor və aktrisadan da söhbət getsin…

O qədər qiyməti yuxarı deyib sənət göstərməyən adamlar var. Halbuki onlarla müqayisədə orta bir qiymətə çəkilib mükəmməl aktyor işi ortaya qoyan aktyor və aktrisalarımız var. Mənim üçün sənət kamera önündədir, müqavilədə yazılan deyil. Sadəcə adama toxunan odur ki, bütün rollarını eyni oynayıb, bacarıqsız, istedadsız, ağzı söz tutmayan aktyor-aktrisalar müqavilədə səndən çox pul alırlar. Yalan deməyəcəm, bu, adama təsir edir.

Bölgü olmalıdır. Hər kəsə qonorar aktyor işi, istedadı, imza atdığı layihələri, təcrübəsi nəzərə alınaraq hesablanmalıdır.

Türkiyədə aktyorlar istədiyi qonorarı özləri tərtib edir və menecerləri, prodüserləri bu işə təhkim olunurlar. Bizim nə menecerimiz, nə prodüserimiz, nə maliyyəçimiz var. O qədər qazanmırıq ki, onlara əlavə büdcə də ayıraq.

Aktyorun dərdini dediyi, sözünün keçdiyi yer olmalıdır. Bunu kimsə yaratmalıdır və bizi ətrafında toplamalıdır. Səmimi desək, bizdə aktyorların birləşmə problemi var.

Hərdən deyirəm ki, daha aktyorların problemləri barədə danışmayacağam. Mən də başqaları kimi ancaq özümə aid məsələlərdən söz açacağam. Məsələn, 39 yaşım var, indiyə kimi heç bir işdən başıaşağı çıxmamışam, yaradıcılığım göz qabağındadır. Fəxri adım və ya mükafatım da yoxdur. Çox istəyərəm olsun, bu, sənət adamı üçün stimuldur.

“Aktyorlar sevgi adamlarıdır”

– 17 ilə yaxındır mərhum aktrisa Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrında işləyirəm. Mənim və eləcə də bir çoxlarının Bələdiyyə Teatrına sadiqliyi düşünürəm ki, birinci növbədə Amaliya xanıma olan sevgidən irəli gəlir. Çünki Amaliya xanım bizi, biz də onu çox sevirdik.

Bizi həmişə qorumağa çalışırdı. Amaliya xanım dünyasını dəyişəndən sonra idarəçiliyi qızı Aynur xanım edir və o da teatra eyni nəfəsi gətirib. İnsanlar heç vaxt doğma olan yerlərdən getmək istəmirlər. Biz bəyəm əziyyət çəkdiyimiz, amma doğma bildiyimiz yerləri tərk eləyirik? Yox. Çünki orada sevgi tapmışıq. Aktyorlar sevgi adamlarıdır.

“Onu polisə verdim, məlum oldu ki…”

– Tez-tez eşidirəm, deyirlər, heç kimin oynamadığı rolları oynayır, elə bilirsiniz, mən hər rol təklifinə razılaşıram? Yox… Təmas səhnəsi, bu və ya digər cəhətdən məni qane eləməyən səhnələrin olduğu rollardan imtina etmişəm. İmtina etdiyim təklif isə məni heç vaxt düşündürməyib. Əgər bir şey mənim deyilsə, deməli, razılaşmamışam, razılaşmışamsa, deməli, mənimdir.

Bunu bir dəfə müsahibəmdə demişdim, camaata qəribə gəlmişdi. Mən rolları seçib, qəbul edəndə özümdən, sonra gələcək şərhlərdən də arxayınam. Bəlkə də bu, çox iddialı səslənir. Amma həqiqətən özümdən arxayınam. Çünki enerjimi yaradıcılığıma sərf eləyən adamam və mən əminəm ki, orada artıq bir şərh ola bilməz. Şəxsiyyətimə, əxlaqıma toxunan nəsə olsa, qanun qarşısında cavab verəcək.

“Əqrəb mövsümü” serialı efirdə yayımlanan ərəfədə belə bir problem olmuşdu. Oradakı rolumla bağlı bir nəfər sosial şəbəkədə artıq-əskik yazmışdı. Mən o adamı polisə verdim. Polis o adamı tapdı və məlum oldu ki, əqli problemli adamdır.

Bilirsiniz, mənə görə hər kəs yazdığı fikrində azaddır. O halda ki, şəxsiyyəti alçaldan nəsə olmasın.

Kimsə yaza bilər ki, bu qızdan xoşum gəlmir. Bu, çox normaldır, özü bilər. Bunun mənim həyatıma, yaradıcılığıma, gözəlliyimə heç bir mənfi yaxud müsbət təsiri yoxdur. Bəyəm hamı hamını sevir? Yox.

“Demişdi, heç bir efirdə bunu danışıb ağlama…”

– Digər tərəfdən cəmiyyət özünə arxayın, iddialı, kamera önündə bütün günü ağlayıb dərdini tökməyən, dərdini, acısını mərd çəkən insanları çox az sevir.

Anam dünyasını dəyişəndə məni efirə çağırırdılar, kövrəlib ağladığım hissələrin sonradan kəsilməsini xahiş edirdim. Sağ olsunlar, xətrimi çox istəyən aparıcı dostlarım xahişi yerə salmırdılar. Amma canlı efir olanda özümü birtəhər sıxıb otururdum. Mən istəmirəm ki, kimsə məni kövrələn görsün. Ağrımı, həyatda üzləşdiyim hər hansı bir çətinliyi danışıb insanların duyğularına, kövrək damarlarına toxunub onlardan yaradıcılığıma sevgi dilənmək istəmirəm. Buna ehtiyac yoxdur. Məni yaradıcılığımla sevsinlər.

Mənim duyğularım, insan olaraq hisslərim bütün çılpaqlığıyla ancaq doğma bildiyim – bu, qan doğması və ya sonradan doğmalaşdığım insanların yanında açıqlana bilər. Kamera önündə heç vaxt… Lazım deyil, hərənin özünə görə problemləri var. Mən bəyəm problemsiz adamam? Kimsə mənə deyəndə ki, gözlərin qəribədir, qəmlidir… Deyirəm, hər kəsin yaşadığı gözünə yansıyır.

Bir dəfə aktrisalardan biri efirdə keçmiş həyatı ilə bağlı danışıb, kövrəldi və hönkür-hönkür ağlamağa başladı. Anam mənə sarı döndü, dedi, bilirəm kövrəksən, mən rəhmətə gedəndə heç bir efirdə danışıb ağlama… Dedim, ana, bu nə sözdü danışırsan? Amma o söz mənim beynimdə qaldı.

“Buna görə özümü tənqid edirəm”

– Necə başa salım… Anam rəhmətə gedəndə itki o qədər təzə idi ki, o ağrıya tab gətirməyə çalışırdım. Emosionallığa qapılıb sosial şəbəkədə tez-tez paylaşımlar edirdim, paylaşdıqca kədərimin azalacağını sanırdım. Amma heç nə azalmır, əksinə üstünə gəlir, ona görə gərək heç paylaşmayasan… Buna görə özümü tənqid edirəm.

“Elə bilirdilər ki, incəsənətdən getmişəm”

– Bəlkə mənim bu sözlərim kiməsə qəddarcasına görünə bilər. Mən anam öləndən sonra çox dəyişdim. Bir bu mövzuda həssasam və 50 il keçsə, yenə də anam haqda danışanda kövrələcəm. Hər kəsin başına gələ biləcək bir şeydir.

Mən düz insanam, ya məni sevin, ya sevməyin, orta balansım yoxdur. Çünki mən özüm verici tərəfəm. O qədər tanıdıqlarım var idi ki, o ağır dönəmlərimdə mənə yaxın düşmədilər, acıma biganə yanaşdılar, mən də qəti olaraq o insanları həyatımdan sildim.

Xoş günlərində iştirak etdiyim insanları qarşılıq olsun deyə xoş günümə məcbur çağırtdıracağam. Amma acı günlərinə getməyəcəm. Bu qədər kəskin…

Kin saxlamıram, amma unutmuram. Kin saxlayıb pislik eləmərəm. Mən ağrımı özüm sağaltdım. Yaxşı ki, bu, belə oldu və mən içimdəki bir çox şeylərdən arındım.

Əvvəllər soyuqqanlılığı oynayırdım. Amma indi soyuqqanlıyam. Hissiyyatımı həmişə gizlətməyə çalışırdım ki, insanlar bundan istifadə eləyib məni incitməsinlər. Artıq dəyişmişəm.

O çətin günlərimdə elə bilirdilər ki, incəsənətdən getmişəm, daha çəkilməyəcəm.

Anamın vəfatının 8-ci günü serialın çəkiliş meydançasında idim. Hər səhnələrarası fasilədə otağa girir, hönkürüb ağlayır, sonra makiyajımı düzəldib özümü toparlayıb kamera önünə çıxırdım.

“Anamın tövsiyəsi…”

– Ümumiyyətlə, incəsənətdə dostlarım yoxdur. Gözəl münasibətdə olduğum insanlar çoxdur, amma şəxsi dostluqlar qurmuram. Bu mənim anamın tövsiyəsidir.

Yanımda olan hər kəsin yanındayam, başlarına bir şey gəlsə, mənə güvənə bilərlər. Amma… Anam deyərdi ki, evinə çox girib-çıxan olan adamın evinin söhbəti danışılır. Qonşu çox gələrsə, yaxşını görüb əsəbiləşib danışacaq, pisini görüb sözünü danışacaq. Ona görə öz qabımda olmaq mənə rahatlıq verir.

Hərdən soruşurlar ki, nə zaman ailə quracaqsan, deyirəm, inşallah, soruşurlar yeni iş var, “inşallah olar” deyirəm. Cümlələr sanki əzbərlənib, amma bu, səmimiyyətsizlik deyil. Çünki məndən onu soruşan adamla daha artığını onsuz da danışa bilməyəcəm.

Halbuki iç səsimlə danışdığım çox yaxın dostum, rəfiqəm var.

“Şöhrətin ən yaxşı pik həddi…”

– Şöhrət mənim üçün heç nə ifadə etmir. Mən şöhrətin pik həddini çox yaşamışam. “Həyat, sən nə qəribəsən” serialı efirdə yayımlananda bir küçə yol gedə bilmirdim. Görənlər tanıyır, saxlayıb fikirlərini deyirdilər. Bu sevgiyə görə hamısına təşəkkür edirəm. Halbuki orada mənfi obraz oynayırdım, amma çox sevilirdi. Həm nifrət edirdilər, həm də çox istəyirdilər. Mənə əsəbləşə bilmirdilər.

Bu fikirdəyəm ki, qəşəng iş görəcəksənsə, deməli, şöhrət də gələcək.

“O bu cür mühitdə var olan bir qadındır”

– Tamaşaçılar tezliklə Səadətlə tanış olacaq. Belə həyat hekayəsi, belə bir ağır həyat tərzi yaşayan, bu cür mühitdə var olan bir qadın rolunu ilk dəfə oynayıram. Rol təkliflərində diqqət etdiyim ən vacib nüans yeni obrazın digərlərinə bənzəməməsidir. Yəni fabrik istehsalı kimi nə gəldi oynayıb tamaşaçıların ixtiyarına buraxmağı sevməmişəm.

Çalışıram ki, rollar dəyişsin, kəskin şəkildə seçilsin. Səadət bu mənada çox fərqlənir və bunu yaxın günlərdə tamaşaçılar da görəcək. Mən Səadəti sevərək oynadım.

“Vətəndaş A” serialı Cəfər Cabbarlının “Almaz” əsərinə xitabən yazılmış serial ssenarisidir. Ssenari müəllifi Asiman Ağa Rövşən, serialın rejissoru Elvin Rüstəmzadə, proyektin rəhbəri isə Sevinc Əliyevadır. Çox maraqlı serial olacağına inanıram. Çəkilişlərimiz digər serialdakı kimi olmadı. Yəni səhnələri bir neçə günə toplayıb, plan yerinə yetirircəsinə çəkmədik. Sanki bir film çəkirik təəssüratı yaranır.

İstər rejissor işi, istər aktyorun səhnədəki iş gedişatında rolun həlli baxımından, istərsə texniki işin keyfiyyəti baxımından hər səhnə film kadrları kimi çəkildi. Mən bu sözlərimi vaxtilə bir serial haqqında da demişdim. Həmin serial Azərbaycanda ajiotaja səbəb oldu.

Yaxşı mənada dediklərim öz təsdiqini tapdı. Ümid edirəm və inanıram ki, “Vətəndaş A” haqqında dediklərim və düşündüklərim də reallaşar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir