Özündənrazı italyanları ram edən Maradona və onun kontrast şəhəri – FOTO

Cəmiyyət


İtaliyanın cənubu ilə şimalı arasındakı fərqlər italyanlar üçün başağrısı olsa da, bunu müzakirə etməyi sevirlər. Hər iki bölgəyə səyahət edən təcrübəli turistlər də həmin fərqləri dərhal müşahidə edirlər. Məsələn, Puglia bölgəsində Cənubi İtaliyanın iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə yoxsul olmasını sakinlərinin daha tənbəl, daha rahat və işləməyə daha az meylli olması ilə əlaqələndirir, “Bəli, onlar süstdürlər” deyirlər. Cənublulardan niyə işləməkdən imtina etdiklərini soruşanda isə cavab verirlər ki, avtobus dayanacağı evdən uzaqdır, ya da təhsilləri adekvat deyil. Onlar müavinətlə yaşamağa davam edirlər. Cənubdakı yoxsulluğu ənənəvi cənub həyat tərzi səbəbləri ilə yanaşı, son illər Aralıq dənizi ilə gələn miqrantların bu bölgədə daha çox məskən salması ilə də əlaqələndirirlər. Onlar yaşamaq üçün daha çox Kampaniya bölgəsinin paytaxtı Neapolu seçirlər. Bununla belə, Cənubi İtaliya ölkənin ruhudur. Əsl italyan tərzini bütün çılpaqlığı ilə duymaq, ölkə haqqında təsəvvür formalaşdırmaq üçün bu bölgəyə səyahət etmək yetər…

“Kaspi” qəzeti bu barədə məqalə dərc edib:

Cənublular iddia edirlər: güclü təəssüratlar istəyənlər bu şəhərə səyahət edir. İtaliyanın ən təzadlı və şokedici şəhəri turistlərə yaddan çıxmayacaq anlar yaşadır. Neapol turisti məmnun etməyə can atmır: səyahətdən sonra turistlər tarixi memarlıqla yanaşı, mərkəzdə zibil və qraffiti bolluğunu xatırlayırlar.

Neapola – bu qədim şəhərə müxtəlif bucaqlardan baxmaq olur. Bu gün Neapol kontrastlar şəhəridir. Burada Kral Sarayı, köhnə qalalar və yaşı əsrlərlə ölçülən dini məbədlər, katakombalar var. Kampaniya bölgəsinin inzibati mərkəzi İtaliyanın Roma və Milandan sonra üçüncü böyük şəhəridir. Əhalisi bir milyona yaxındır. Neapol həm də Bakı ilə qardaşlaşmış şəhərdir.

Evsizlər, dilənçilər, müxtəlif millətlərdən olanlar

Hotelimiz dəmiryolu vağzalının yaxınlığında yerləşdiyi üçün dərhal neapolitan incəlikləri ilə üz-üzə gəlməli olduq. Pizzariyada işləyən ofisiant qız turist olduğumuzu bilincə xəbərdarlıq etdi ki, şəhərdə gəzərkən pul, sənədlər və qiymətli hər şeyi gizlətmək lazımdır: “Burada dünyanın hər yerindən cürbəcür adamlar var. Evsizlər, dilənçilər, müxtəlif millətlərdən olan və naməlum peşə sahibləri”.

Qədim şəhərin küçələrini gəzdikcə müşahidə edirik: Neapol digər italyan şəhərlərindən fərqlidir: daha qaynar və səmimidir. Burada insanlar hay-küy salır, söyüş söyür, mübahisə edir, barışır, mahnı oxuyur, rəqs edirlər. Bir neçə il əvvəl şəhərdə rəsmi olaraq zibil böhranı elan edilmişdi. Problem bu gün də aktualdır. Məşhur Vezuvi vulkanı, güclü, emosional italyanlar, xaotik tıxac, dadlı yeməklər və böyük porsiyalar, zibilli küçələr və “Napoli” klubuna, əfsanəvi Maradonaya olan sevgi – bu şəhəri səciyyələndirən əsas xüsusiyyətlərdir. Neapol körfəzinin və Avropada yeganə aktiv vulkan olan Vezuvinin mənzərələri turistlərin çox xoşuna gəlir.

Neapol İtaliyanın ən çirkli və ən kriminal şəhəri kimi də tanınır. Amma eyni zamanda barokko kilsələri, dəbdəbəli sarayları və unikal muzeyləri ilə ölkənin ən gözəl şəhərlərindən biridir. Əslində, Neapol paradoksların və ziddiyyətlərin, memarlıq əsərlərinin, səs-küylü bazarların, dar və labirint küçələrin, cibgirlərin, gurultulu motorinoların və qəşəng butiklərin qarışığıdır. Tutaq ki, dar bir küçə ilə gəzirsən, sözün əsl mənasında skuterdən qaçırsan, sağa baxırsan və orada erkən xristian bazilikasıdır. Bu, Neapolda hər addımda rast gəlinən haldır. Tarixi yerləri ilin bütün fəsillərində dünyanın hər yerindən turistlər və tədqiqatçılar ziyarət edirlər. Turistlər rəylərində “Neapolda siz həmişə ehtiyatlı olmalısınız”, – deyə qeyd edirlər. Küçələrdə gəzərkən hər an sizdən nəyinsə oğurlana biləcəyi hissi ilə yanaşı, çoxlu sayda avtomobil, motosiklet və skuterlərin təhlükəsini hiss edirsən. Neapollular yol hərəkəti qaydalarına çox az hörmət edirlər. Aralıq dənizi vasitəsilə bura gələn miqrantlar artıq yerli əhali tərəfindən də həzm edilib. Ərəblər, afrikalılar, mərakeşlilər, seneqallılar, hindlilər, pakistanlılar burada yad görünmürlər.

Neapolda demək olar ki, ictimai nəqliyyat – avtobuslar, trolleybuslar, tramvaylar və metro mükəmməl qurulub, lakin onlar tıxaclarda ilişib qalmağa meyllidirlər. Nəqliyyat şəbəkəsinin mühüm komponenti şəhərin funikulyorlarıdır.

Yerli mətbəxə laqeyd qalmaq mümkün deyil

Neapolda yerli mətbəxə laqeyd qalmaq mümkün deyil. Mətbəxi bu rəngarəng şəhərin ayrılmaz hissəsidir. Şəhərdə əsl yemək kultu var. Kiçik kafelər, pizzaçılar, restoranlar və xəmir dükanları bütün şəhərə səpələnib. Yerli sakinlər YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsi kimi tanınan pizzanın Neapolda yaranması ilə öyünürlər. Burada pizzanın 16-cı əsrdə meydana gəldiyi güman edilir. 1738-ci ildə açılmış şəhərin ən qədim pizzaçısı hələ də fəaliyyət göstərir: “Pizzeria Antica Port Alba”. Neapolda və bütün dünyada ən məşhur pizza Savoy kraliçası Marqaritanın adını daşıyan “Margherita”dır. O, pizzanı çox sevirdi və özü sonradan onun adını daşıyan reseptin yaradılmasında iştirak edib. Hər il sentyabr ayında Neapolda dünyaca məşhur “Pizzafest” festivalı keçirilir. Neapolluların xüsusi sirlə bişirdiyi – incə xəmir, kənarları bir az yanmış, isti pendir, pomidordan ibarət “Margherita” pizzasını dadmaqdan heç kim imtina etmir. Qiymətlər ölçüsündən asılı olaraq 5-15 avro arası dəyişir.

Maradona Neapolun simvolu kimi

Qədim şəhərin küçələrini gəzdikcə əfsanəvi futbolçu Dieqo Maradonaya olan sonsuz sevgi adamı heyran edir. Hər küncdə, divarda Maradonanın qraffitisi ilə üz-üzəsən. Maradona Napoli şəhəri üçün sadəcə əfsanəvi futbolçu deyil, əsl simvol və kumirdir. “Napoli” azarkeşləri ona aşiqdirlər. Suvenir dükanları 10 nömrəli maykalarla, fotoları həkk olunan əşyalarla bəzənib. Şəhər bələdiyyəsi Maradonanın Neapolda çempionluq zamanı keçdiyi yerləri işarələməklə turizm marşrutu yaradıb. Zarafat deyil, argentinalı futbolçu “Napoli”ni iki dəfə ölkə çempionluğuna yüksəldib, Neapolu futbol paytaxtına çevirib.

Maradonanın “Napoli”yə təsiri futbol meydançasından kənara çıxıb, o, çətin anlarda ondan ilham, ümid tapan bütün şəhər sakinləri üçün qəhrəman olub, özündənrazı italyanların qəlbinə nüfuz edib. Futbolçu Neapol şəhərinin firavanlığının və gücünün simvoluna çevrilib. Əfsanəvi futbolçunun moda və üsluba təsiri də çox böyük olub. Onun obrazı azadlıq, ehtiras və üsyan simvoluna çevrilib. Bu gün “Napoli” stadionu əfsanəvi futbolçunun adını daşımaqla bərabər, onun xatirə əşyaları və interaktiv eksponatlarını sərgiləyən muzeyinə milyonlarla turisti cəlb edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir