Naxçıvandakı toyda mahnı üstündə DAVA: Əraziyə gələn polis vuruldu – MƏHKƏMƏ İŞİ

Kriminal


Naxçıvan şəhərində toy mərasimində polisi vuran şəxsə hökm oxunub.

resmixeber.az-ın məlumatına əsasən, hadisə 2023-cü ilin 17 iyununda şadlıq saraylarının birində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Əli Qafarov (şərtidir) həmin tarixdə şadlıq sarayında qardaşı oğlunun toy şənliyində iştirak edib.

Toyda spirtli içki qəbul edən Əli Qafarov qohumlarının mahnı üstündə mübahisə etdiklərini görüb.

O, bacısı oğlu ilə qardaşı oğlunun mahnı dəyişmək üstündə yaranan mübahisələrinin davaya keçdiyini görüb. Qohumlarının çölə çıxaraq mübahisəni davam etdirdiklərini görən Əli Qafarov onları sakitləşdirmək istəyib.

Lakin dava böyüyüb və əraziyə polis əməkdaşları cəlb olunublar.

Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşı bildirib ki, o, iş yoldaşları birlikdə asayişin təmin olunmasını tələb edib.

“Xahiş edirəm, asayişi pozub səs-küy salmayın, mübahisəyə son qoymaq üçün bu qədər polis əməkdaşı gəlib. Sakit olun və hörmətsizlik etməyin”, – dedim. Lakin Əli Qafarov aqressiv şəkildə reaksiya verdi.  Bunu görüb özümü polis əməkdaşı kimi bir daha təqdim etdim, lakin o, “nə edim ki, polissən” deyərək üzərimə gəlib sifət nahiyəmdən bir yumruq zərbəsi vurdu”, – deyə polis ifadəsində göstərib.

Polisin aldığı yumruq zərbəsindən üst dodağında qançır əmələ gəlib.

Daha sonra Əli Qafarov polisə zor tətbiq etməklə müqavimət göstərməyi davam etdirmək istəsə də, polis əməkdaşları onu post-patrul avtomobilinə mindirməyə nail olublar.

Əli Qafarov ifadəsində qeyd edib ki, sərxoş olduğundan hadisəni tam olaraq xatırlamır. O, baş vermiş hadisəyə görə üzr istədiyini və peşman olduğunu bildirib. Ona yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş isə təqsirləndirilən şəxsi bağışladığını, onun sərxoş olduğundan bu əməli törətdiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.

Naxçıvan Şəhər Məhkəməsinin dekabrın 8-də keçirilən iclasında cinayət işi ilə bağlı hökm oxunub.

Hökmə əsasən, Əli Qafarov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli bilinib.

Hökmə əsasən, Əli Qafarov 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Aqil Vəlili

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir