Qazaxın qədim üzüm bağları: “Məhsul boldur, lakin…” – FOTO

Cəmiyyət


Azərbaycanda əkinçilik sahəsində üzümçülük xüsusi yer tutur. Ölkəmizin ayrı-ayrı bölgələrində yüz illərdir ki, yetişdirilən rəngarəng, 400-dən çox yerli üzüm sortu, habelə üzümdən hazırlanan çeşidli məhsullar – mürəbbə, doşab, sirkə, abqora, kişmiş, mövüc, turşaşirin, şirə, şərbət, şərablar, spirt və s. – bu ərazidə əhalinin üzümçülüklə kor-koranə deyil, məqsədyönlü məşğul olduğunu göstərir.

Bizim.media-nın yerli bürosu qərb bölgəsində üzümçülüklə bağlı araşdırma aparıb.

Azərbaycanda üzümçülüyün tarixi

Azərbaycanda şərabçılıqla bağlı qədim nümunələrdən biri də 1931-ci ildə Göygöl rayonu yaxınlığında təpənin qazılması zamanı Y.H.Hummel tərəfindən tapılmış küpdür. 1939-49-cu illərdə B.B.Piotrovski bu tapıntını tunc dövrünə – e.ə. II minilliyin sonu – I minilliyin əvvəlinə aid edib. Küpün içərisində üzüm toxumları, habelə şərabın daşlaşmış çöküntüləri olub. 1956-cı ildə Gədəbəy rayonunun Xar-xar kəndində XVI əsrə aid edilən küp və şərab saxlamaq üçün nəzərdə tutulan başqa qablar tapılıb.

Tədqiqatlar nəticəsində məlum olub ki, tapılan küp şərab istehsalı və saxlanılması üçün hazırlanıb. Küpdəki qalıqların tədqiqatı göstərib ki, burada şərab çöküntüləri üstünlük təşkil edir.

1962-ci ildə Ağstafa yaxınlığında arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində ən azı 7 000 il tarixi olan mədəni üzüm toxumları tapılıb.

Bütün bu qeyd olunanlar onu göstərir ki, üzümçülük Azərbaycanın əkinçilik sektorunun xüsusi yer tutan sahəsidir.

Qərb bölgəsində üzümçülüyün hazırkı vəziyyəti

Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, “2012-20-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qəbul olundu və bu layihə ölkəmizdə bu sahənin inkişafına güclü təkan verdi. Hər il 100 hektarlarla müasir tipli üzüm bağları salındı.

Kənd təsərrüfatının ən sərfəli və qazanc gətirə biləcək bu sahəsi indi də ölkəmizin fermerləri üçün önəmli sahələrdən hesab olunur. Azərbaycanın qərb bölgəsində üzümçülük həmişə prioritet sahələrdən olub. Bu gün əkinçiliyin bu istiqaməti regionda xeyli inkişaf edib.

Qazax rayonu hazırda respublikanın aparıcı üzümçülük rayonlarından biridir. Ötən il rayon ərazisindəki üzüm bağlarından ümumi 60-65 min ton üzüm istehsal olunub.

Hazırda rayonda 285 hektar üzüm bağı var. Bunlardan 80 hektarı texniki sortlardır. Üzüm qəbulu və emalı müəssisəsi olmadığına görə istehsal olunmuş üzümün satışında çətinliklər yaranır. Hər hektardan ümumilikdə 8-10 ton məhsul götürən fermerlər xeyli çətinliklə qarşılaşırlar.

“Məhsul boldur, amma sata bilmirik”

Fermerlər hazırda ən böyük çətinliyin alıcıların olmaması ilə bağlı olduğunu deyirlər:

“Çox yaxşı təsərrüfatımız var. Çətinliklə də olsa, bol məhsul əldə edə bilmişik. Amma tonlarla məhsulumuz ortada zay olub gedir. Bir dənə də emal müəssisəsi bizə müraciət edib üzümümüzü almır. Əgər belə davam edərsə, mövsümü böyük ziyanla başa vuracağıq”.

Fermerlər onu da əlavə ediblər ki, ən böyük problemlərdən biri də Qazax rayonunda məhsulların saxlanması üçün soyuducu kameraların olmamasıdır:

“Bilirsiniz ki, rayon əhalisinin əksəriyyəti kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Təkcə üzümçülük üzrə Qazaxda orta hesabla 300 hektara yaxın ərazidə bağlar salınıb. İl ərzində orta hesabla 40 000 sentnerə yaxın üzüm istehsal olunur. Kameraların yoxluğundan hər il xeyli məhsulumuz xarab olur. Bu da milyonlarla ziyan deməkdir. Soyuducu bircə Şəmkir rayonunda var. Ora da məhsullarımızı aparıb qoyub, sonra da götürmək iqtisadi baxımdan sərfəli deyil”.

“İstehsal müəssisəsi var idi, lakin…”

Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) Qazax filialının bitkiçilik sektorunun müdiri Barat Vəliyev də qeyd edilən problemlərin varlığını təsdiqləyib. DAİM nümayəndəsinin sözlərinə görə, aidiyyəti qurumlara bu məsələlərlə bağlı dəfələrlə müraciət olunub:

“Biz DAİM-in Qazax filialı olaraq aidiyyəti qurumlara fermerlərin əsas problemləri – rayonda emal müəssisəsinin olmaması, soyuducu kameraların qıtlığı, alıcıların azlığı, məhsulların xarici bazara çıxarılmasında çətinlikləri – barədə müraciətlər etmişik.

Qazaxda bir kiçik istehsal müəssisəsi fəaliyyətə başlamışdı. O da rentabelli olmadığından fəaliyyətini dayandırdı. Həm də o müəssisə rayonda istehsal olunan üzümün qəbul olunub, emal edilməsi gücündə deyildi.

O ki qaldı soyuducu kameralara, bununla bağlı aidiyyəti qurumlar tərəfindən iş adamlarına bu biznesdə maraqlı olmaları və ayrılan kredit vasitəsilə özəl soyuducu anbarların yaradılmasını tövsiyə ediblər”.

“Üzümçülərin alıcı probleminə gəldikdə isə bu işdə DAİM heç bir köməklik göstərə bilmir. Çünki həmin alıcılar özəl şirkətlərdir və onlara bununla bağlı hər hansı göstəriş verilməsi mümkün deyil”, – deyə B.Vəliyev əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir