Azərbaycanla Kuba xərçəng və QİÇS-lə mübarizədə əməkdaşlıq edəcəklər – FOTO

Siyasət


Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Kuba Respublikasına səfəri davam edir.

Bu barədə Səhiyyə Nazirliyinin Media və Kommunikasiya Şöbəsi məlumat yayıb.

Azərbaycan və Kuba arasında səhiyyə sektorunda əməkdaşlıq, birgə təşəbbüslər, mütərəqqi texnologiyaların inkişafının və tətbiqinin genişləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutan “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda imzalayıblar.

Anlaşma Memorandumunun məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, eyni zamanda, əməkdaşlıq proqramlarının həyata keçirilməsidir.

Memorandumda akademik və elmi mübadilə, əczaçılıq və biotexnologiyalar sahəsində birgə fəaliyyətlər, diplomdansonrakı təlimlər, tibbi turizm əsas əməkdaşlıq istiqamətləri olaraq müəyyən edilib. Eyni zamanda, sənəd yoluxucu və xroniki qeyri-yoluxucu xəstəliklər, o cümlədən İİV/QİÇS, xərçəng, şəkərli diabet, cərrahiyyə və tibbin yüksək dəqiqlik tələb edən istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.

Memorandumda birgə konfransların təşkili, səhiyyə mütəxəssislərinin təlimlərinin keçirilməsi də nəzərdə tutulub.

Daha sonra səhiyyə nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib.

Sənədin əhəmiyyətini vurğulayan Teymur Musayev və Xose Anxel Portal Miranda Memorandumun ölkələr arasında səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi, konkret imkanlardan yararlanması və tibb elminin birgə inkişaf potensiallarının artırılmasında mühüm rol oynayacağını qeyd ediblər.

Görüşdə, həmçinin, Memorandumda nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir