Naxçıvanda “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib – FOTO

Siyasət


Noyabrın 16-da Şərur şəhərində yeni “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib.

resmixeber.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kompleksdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 8384 kvadratmetr ərazini əhatə edən kompleksə 132 mağaza, 18 rəfdən ibarət meyvə-tərəvəz satış məntəqəsi, kafe, eləcə də altı texniki otaq daxildir. Bazarda həmçinin ət, balıq, quşçuluq və süd məhsullarının satışı üçün tam gigiyenik qaydalara cavab verən yerlər ayrılıb.

Diqqətə çatdırılıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri sırasında məşğulluq imkanlarının artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi vacib məsələlər dayanır.

Yüzlərlə sakinin işlə təmin olunmasına hesablanmış yeni ticarət kompleksinin tikilib istifadəyə verilməsi Şərur rayonunda məşğulluq probleminin həllinə mühüm töhfədir. Burada 400 nəfərin işlə təmin olunması nəzərdə tutulur. “Yaşıl bazar”da əvvəlki illərdə mülkiyyət hüququ pozulmuş 32 rayon sakininə də ödənişsiz satış yerləri ayrılacaq.

Səlahiyyətli nümayəndə bildirib ki, Şərur ərazisində 100 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə veriləcək. Bu, rayondakı istixanaların da daha səmərəli fəaliyyətini təmin edəcək.

F.Nəcəfli satışa çıxarılan təbii məhsulların qablaşdırılması və “Orqanik Naxçıvan” brendi adı altında geniş tanıdılmasının vacibliyini vurğulayaraq, bazarda fəaliyyətə başlayacaq hər bir sahibkara uğurlar arzulayıb.

Bazar kompleksinin ətraf əraziləri də abadlaşdırılıb, geniş avtomobil dayanacağı istifadəyə verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir