“Orqanizmə daxil olan hər bir əlavə dərmanın zərəri var. Çünki dərmanlar yad maddədir və bir istiqamətdə kömək etsə də, digər sistemin işini müəyyən dərəcədə pozur”.
resmixeber.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov qurumun rəsmi “Instagram” səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.
T.Əyyubov qeyd edib ki, dərman vasitələri yalnız həkim təyinatı ilə və mütləq göstərişə əsasən təyin edilməlidir:
“Məsələn, bir çoxları virus infeksiyalarında antibiotik verirlər. Birincisi, antibiotik virusa təsir etmir. Antibiotik, adından məlum olduğu kimi (anti – əks, bios – həyat, canlı), yəni həyata, canlıya qarşı deməkdir. Viruslar isə canlı deyil. Bundan başqa, antibiotik bakteriyalara hansı mexanizmlə təsir edirsə, bizim qanımızda tez-tez bölünən hüceyrələrə (limfositlərə – viruslarla mübarizə aparan hüceyrələr) də eyni cür təsir edir. Nəticədə virus xəstəliyi zamanı viruslarla mübarizə aparan limfositləri zədələmiş oluruq”.
Pediatr, həmçinin bildirib ki, bəzən virus infeksiyaları zamanı hormonal spreylərdən istifadə olunur:
“Qətiyyən olmaz. Həmçinin, yuxarı və ya aşağı tənəffüs yolu xəstəliklərində inhalyasiyalardan istifadə edirlər. Bu da yolverilməzdir. Bir daha vurğulamaq istəyirəm ki, hər bir xəstəliyin əlamətinin yaranma mexanizmi, səbəbi var. Bunlar müxtəlifdir. Ona görə də müalicə tədbirləri də bu mexanizm və törədiciləri əsas tutaraq lakonik şəkildə aparılmalıdır. Əks halda, “qaş düzəltdiyimiz yerdə gözü vurub çıxara bilərik”.
Könül Cəfərli
www.RESMIXEBER.az