“Qafqazın mirvarisi”nin azadlığından üç il keçir: “İtlər erməni hərbçilərə reaksiya vermirdi” – MÜSAHİBƏ +FOTO

Cəmiyyət


“İndi həmin “ev”ləri sizə göstərə bilmirəm. Amma belə izah edim ki, kənardan baxanda dam örtüyü olan evlər görünürdü. Amma ermənilər dəmir lövhələrdən ev formasında sığınacaqlar düzəldib, orada gizlənmişdilər. Kənardan baxanda heç kim bilməzdi ki, orada hərbçilər ola bilər. Bizim qrup onları bir-bir tapıb, təslim olmağa məcbur etdi”.

Bunu 44 günlük Vətən müharibəsinin qırılma nöqtəsi olan, gərgin döyüşlər nəticəsində azad olunan Hadrutda resmixeber.az-ın əməkdaşlarının həmsöhbət olduqları polkovnik-leytenant Etibar Məmmədov deyir. Üç il sonra yenidən Hadrutda həmin günlərdə yaşananları bir-bir anladır: 

– Polkovnik-leytenant Etibar Məmmədov, artıq neçə ildir Azərbaycan Ordusunda xidmət edirsiniz?

– 1991-ci ildə Leninqradda (indiki Sankt-Peterburq, Rusiya – red.) ibtidai hərbi məktəbə qəbul olmuşdum. Amma qarışıq dövrə düşdü, SSRİ dağılan ərəfədə bizi xaric etdilər. Dedilər ki, müstəqil dövlətin vətəndaşlarısınız gedin, öz ölkənizdə oxuyun. Qayıdıb burada orta məktəbi oxudum. 1994-cü ildə orta məktəbi bitirdim. Daha sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil oldum. Orada təhsilimi başa vurduğum ildən Azərbaycan Ordusunda xidmət edirəm.

– Üç il öncə, Vətən müharibəsi başlayan zaman siz hansı istiqamətdə xidmətdə olmusunuz?

– Beyləqan istiqamətindəki “N” saylı hərbi hissədə xidmət aparmışam.

– Hərbçilərimizin Hadruta girişi necə oldu?

– Biz Hadruta üç istiqamətdən daxil olduq. Ermənilər bizi Hadrutda ümumiyyətlə gözləmirdilər. Həmin gün bizim üçün tarixi an, onlar üçün isə adi günlərdən biri idi. Ərazilərimizi işğaldan azad edə-edə irəliləyirdik. Bizim dəstə Cəbrayıl şəhərindən Balyand kəndi istiqamətinə hərəkət edirdi. Balyandı keçərək Ərgünəş dağını aşıb Hadruta girdik. Dəstələrimizdən biri Ərgünəş dağı tərəfdən, o biri qrup yuxarıdan, digəri isə yanında dayandığımız küçənin sonundan – mərkəzi küçədən – Hadruta daxil oldu.

İndi hava dumandır, bəlkə də, görmürsünüz, dağın ətəyində yaşıl damlı ev var. O evin yanında ağır döyüş oldu. Orada erməni qüvvələrinin dəstələri var idi. Bizim tabor komandiri həmin döyüşdə yaralandı, onun yanında da altı hərbçimiz şəhid oldu. Hətta tabor komandirimiz üç sutka yaralı vəziyyətdə orada qaldı. Bizim Hadruta daxil olmağımız ermənilər üçün gözlənilməz idi deyə heç bir fürsətləri olmadı. Onların komanda məntəqələri buradakı icra nümayəndəliyinin binasında idi. Ərgünəş dağının ətəyində isə onların minaatan batareyaları vardı. Təbii ki, Azərbaycan Ordusunun hərbçiləri və təchizatı düşmən maneələrini rahat aşa bilmək üçün yüksək səviyyədə idi. Elə də oldu.

– Yaralı tabor komandirinin üç sutka köməksiz qaldığını qeyd etdiniz. Onu oradan necə çıxardınız?

– Bəli, tabor komandiri Mansur Şükürov yaralanmışdı, amma döyüşlər getdiyi üçün oraya yaxınlaşa bilmirdik. O, üç gün özü-özünə yardım etməklə həyatda qalmağı bacardı. Təsəvvür edin, onunla ermənilər arasındakı məsafə 15 metr olub. Ağrıdan qıvrılsa da, səsini də çıxartmayıb ki, düşmən onu görməsin. 12 nəfərdən ibarət dəstə olub. Məhz o döyüşdə altı nəfər yaralanıb, altısı isə təəssüf ki, şəhid olub. Hadrut tam azad olunduqdan sonra biz yaralıları çıxara bildik. Komandirimizin müalicəsi hələ də davam edir, ordu sıralarından tərxis edilib.

Hadrut döyüşlərində bizim bölmələrdən 20-yə yaxın hərbçi şəhid oldu, digər bölmələrdə də şəhidlər, yaralılar olub. Dəqiq rəqəm demək çətin məsələdir, Allah hər birinə rəhmət eləsin.

– Hadrut azad olunandan sonra da ermənilərin evlərdə gizləndikləri doğrudur?

– Hadrutu azad etdikdən sonra buranın mühafizəsinin təşkili bizə həvalə edildi. Təbii olaraq ərazidə axtarışlar aparırdıq. Biz Hadruta girəndən sonra bəzi evlərdə sobaların üzərində çaydanların qaynadığını gördük. Hadrutda daha bir gün çay içmək düşmənin hərbçilərinə qismət olmadı. Onlar üçün Azərbaycan Ordusunun hərbi əməliyyatla Hadrutu azad etməsi dəhşətli fakt idi. Hamısı şokda idi. Hadrut azad olunduqdan sonra burada düşmənin tör-töküntüləri qalmışdılar. Onlar müxtəlif yerlərdə gizlənmişdilər.

Bu gördüyünüz küçələr itlərlə dolu idi. Ermənilər itləri küçəyə buraxıb qaçmışdılar ki, üzərimizə hücum çəksinlər. İtlər binaların içindən, həyətlərdən üstümüzə hücum edirdilər. Məcburiyyət qarşısında qalıb bir neçə iti zərərsizləşdirməli olduq. Biz müşahidə aparırdıq, görürdük ki, aşağı küçədə hərəkətlilik var. Amma itlər onların idi deyə reaksiya vermirdilər.

İndi həmin “ev”ləri sizə göstərə bilmirəm. Amma belə izah edim ki, kənardan baxanda dam örtüklü ev görürdük. Amma erməni döyüşçülər dəmir lövhələrdən ev görünüşündə sığınacaqlar düzəldib orada gizlənmişdilər. Kənardan baxanda heç kim bilə bilməzdi ki, orada kimsə ola bilər. Bizim qrup onları bir-bir tapıb təslim olmağa məcbur etdi. Erməni hərbçilər Azərbaycan Ordusunun silahsız dinc əhaliyə atəş açmayacağını bildikləri üçün mülkilərə də silah paylamışdılar. Gizlənənlər arasında biz hərbçi olmayan insanlara da rast gəlmişdik.

– Evləri minalayıb çıxmışdılar, yoxsa fürsətləri olmamışdı?

– Buradakı evlərdə döşəmələrin altında partlamamış silah-sursat gizlətmişdilər. Evlərin qapılarında minaaxtaran detektorlar aşkarlaya bilməsin deyə kağız korpuslardan ibarət minalar qoyulmuşdu. Hadrutda, çayın yuxarısında bizim hərbi hospital var idi. Çayın aşağısında isə taborlarımız yerləşmişdi. Çayın kənarında bağlar var. Həmin bağlarda 200-300 quraşdırılmamış mina aşkarlayıb götürmüşdük. Mənfur xislətlərini burada da göstərmək istəyirdilər, amma onlara göz açmağa imkan vermədik. O minaları quraşdırmağa macal tapmadılar.

Hadrutun yuxarı tərəfində isə çoxsaylı minalanmış ərazilər var idi. Bizim taborda mühəndis mayor Ramin Əfkarov həmin minalanmış əraziləri təmizləyərək hərbçilərin təhlükəsiz hərəkətini təmin edib. Daha sonra ermənilərin kvadrokopterləri, uçuş aparatlarını, müxtəlif kəşfiyyat vasitələrini, koordinatları müəyyən etmək üçün müxtəlif müşahidə avadanlıqları, binoklları götürülərək aidiyyəti üzrə təhvil verilib.

– Hadrut döyüşlərinə siz rəhbərlik edirdiniz?

– Hadrut döyüşlərinə rəhbərlik edən polkovnik Nizami Mövlanov olub. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Nizami Mövlanov, eləcə də mayor Mansur Şükürov, polkovnik-leytenant Vüsal Quliyev və digərlərinin bu döyüşlərdə çox böyük əməyi olub. Hadrutu “Qafqazın mirvarisi” adlandırırlar. Hər tərəfdən dağlarla əhatə olunduğu üçün buranı itirmək ermənilərə ağır zərbə oldu.

– Ən çox aviasiya zərbələri Hadrut istiqamətinə olub deyirlər, elədir?

– Müharibə zamanı zəruri istiqamətlərdə lazımi tədbirlər görülüb və nəticə də göz qabağındadır. Sizə deyim ki, Hadrutda ermənilərin diviziya binasını bizim artilleriya rəisi Şəhriyar Ağagülovun verdiyi dəqiq koordinatla zərərsizləşdirmişdik. Biz Cəbrayıl istiqamətindən Hadruta tərəf gələndə düşmən tərəfindən pusqular təşkil olunduğunu gördük. Hətta bizim komandirin maşınını vurdular. Xoşbəxtlikdən, atəşdən cəmi üç dəqiqə öncə komandir maşından düşmüşdü. Hadrut strateji əhəmiyyətli nöqtə olduğu üçün biz oranı azad etdikdən sonra ermənilər onu geri qaytarmaq üçün əks-hücum əməliyyatı təşkil etdilər. Bu zaman, təbii ki, güclü atışma oldu. Hər iki tərəfdən itkilər oldu. Tuğ və digər istiqamətlərdən gələn düşmən qüvvələri bizim artilleriya bölməmiz tərəfindən zərərsizləşdirildi.

Cəbrayılın Nüzgar və Füzulinin Horadiz kəndləri istiqamətlərindən bizim hərbi hissə hücuma keçərkən çox ağır döyüşlər olub. Ümumilikdə, bəlkə də, Vətən müharibəsinin ən gərgin döyüşü məhz orada baş verib desəm, yalan olmaz… Ön xətti yarıb hücuma başladıqdan sonra döyüşlər daha da çətinləşdi. Düşmənin minaatan mərmiləri və güllə yağışı altında hərəkət etmək çətinləşsə də, onlar geri çəkildikcə qoyub getdikləri silah-sursatları əlimizə keçirdi. Heç təminat-təchizata ehtiyac duymurduq. Təsəvvür edin, biz döyüşdə istifadə etdiyimiz silah-sursatın üç misli qədər düşmən silah-sursatları əldə etmişdik. Düşməni elə öz silahları ilə zərərsizləşdirirdik.

– Şəhid zabit yoldaşlarınızın vəsiyyətləri oldumu?

– Hadrut döyüşlərində iştirak edib Şığnaqda şəhadətə ucalan zabit yoldaşımız kapitan Ülvi Hüseynov var idi. Taborun qərargah rəisi idi, sonra tabor komandiri oldu. O, sağlığında demişdi ki, mənim övladıma velosiped sözüm var, onu alıb verərsiniz uşağa. O, yüksəkliyi qoruyurdu, rabitə ilə komandirə demişdi ki, burada şəhid olsam da, postu tərk etməyəcəyəm. Elə də oldu, sona qədər vuruşdu və şəhidlik zirvəsinə ucaldı. Biz onun vəsiyyətini yerinə yetirdik. O velosipedi onun övladına alıb vermək o qədər ağır məsuliyyət idi, izah etmək çətindir…

Polkovnik-leytenant Mehman Qəmbərov hərbi hissə komandirinin müavini idi, o da döyüşlərdə şəhid oldu. O, zabit kabinetindən çıxanda otağının qapısını bağlamadı. Dedi, qismətdir, birdən qayıtmaram, otağa rahat girə bilsinlər.

Sədi Musayev var idi, biz həmişə rəsmi tədbirlərdə qarşılaşırdıq. O həmişə tədbir başlayanda şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edirdi. Hələ Vətən müharibəsindən qabaq da tədbirlərdə şəhidləri yad edəndə özünə şəhidlik arzu edirdi. Müharibənin ikinci günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

– Müharibə zamanı heç olubmu ki, hansısa avadanlıqlar işləməsin?

– Leytenant Qafarov var idi, mühəndis idi. Nüzgar döyüşündə hücuma keçəndə yağış yağırdı. O mühəndis o qədər peşəkar idi ki, bizə bildirmədən qabağa düşdü. Minalanmış sahəni təyin edərək bölüyü qarşı tərəfdə keçirdi. Keçəndən sonra gördüm ki, leytenant soyuq tər axıdır, qəribə təlaş var. Elə bildim, üşüyür, xəstələnib. Onda mən hələ mayor idim, yaxınlaşıb nə olduğunu soruşdum. Dedi, cənab mayor, heç kimə deməyin, amma minaaxtaran cihazın daşı bitib, mən özüm bölüyü minalanmış ərazidən keçirdim. Müharibə müddətində belə yazılmamış, deyilməmiş qəhrəmanlıqlar çox olub.

Fərdi şücaətləri ilə müharibədə fərqlənənlərdən biri də Əli Manaflı idi. O, birinci taborun əsgəri olub. Düşmənin minaatan batareyası bölüyün hücuma keçməsinin qarşısını alırdı. Həmin minaatan batareya bizim bölmələrimizdən dörd kilometr aralıda idi. O əsgər təkbaşına həmin istiqamətdə dörd km məsafəni qət edib, doqquz düşmən əsgərini məhv edib, batareyanı susdurmuşdu. Müddətli həqiqi hərbi xidmətdə olan əsgər üçün bu çox böyük şücaət idi. Bir ilin əsgəri idi. Sonra gəlib gülə-gülə bizə dedi ki, o batareya idi sizə mane olan? Artıq yoxdur, rahat gedin. Bu hadisə olmuşdu Nüzgar istiqamətində, amma o əsgər Hadrut döyüşlərində şəhid oldu.

– Ailənizdə müharibədə olduğunuzu bilirdilər? Yoxsa siz də yaxınlarınızdan gizləmişdiniz?

– Bizim nəsildə hamı zabitdir. Mənim ulu babam da zabit olub, Səttarxan hərəkatının sərkərdələrindən idi. Babam Xudaşirin kişi Azərbaycan Demokratik Respublikasının ilk zabitlərindən olub. 1934-cü ildə sovet hökuməti tərəfindən repressiya edilib. Atam da peşəkar zabit olub, 1972-ci ildən xidmətə başlayıb, ömrünün 48 ilini Azərbaycan Ordusunda xidmətə həsr edib.

Ailəmizdən üç nəfər – biri 2005-ci ildə, ikisi 2020-ci ilin Vətən müharibəsində şəhid olub. Əmim oğlu Emin Məmmədov, bibim oğlu Murad Səlifov şəhadətə ucalıblar. Bizim üçün hərbi sahə seçim deyil, həyat tərzi olub. Çox vaxt sual verirlər ki, saçınız nə tez ağarıb? Amma bizi başa düşmürlər. Biz bu Vətən üçün doğulmuşuq, yetişdirilmişik. Nə qədər ki canımızda can var, bu Vətən üçün də xidmət edəcəyik.

– Orduda xidmətlərinizə, eləcə də Vətən müharibəsində göstərdiyiniz şücaətlərə görə ölkə başçısı tərəfindən təltif edilmisiniz.

– Ali Baş Komandanın Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğı əvəzolunmazdır. Bu qayğının əyani sübutudur ki, Vətən müharibəsindən sonra qəhrəman zabitlərimiz müxtəlif adlar və orden-medallarla təltif edildilər. Mən də dövlət başçısının sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və bir çox başqa medallarla təltif olunmuşam. Xidmətim dövründə ümumilikdə 15-ə yaxın medal və ordenlərim var.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir