Paşinyan Ermənistanda ictimai rəyi Rusiya əleyhinə kökləyir – Kreml bədbindir – ŞƏRH + FOTO

Dünya


Anti-Rusiya əhval-ruhiyyə Ermənistanın mövcudluq tarixi ərzində ilk dəfə isterik həddə çatıb. Elə gün olmur ki, İrəvandan Kremlə yönəlik bəyanat, sərt çıxışlar və şantaj xarakterli açıqlamalar səslənməsin. Ölkənin birinci şəxsindən tutmuş mətbuat, siyasilərinə kimi Moskva ən müxtəlif formada ittiham olunur, aşağılanır. Rusiya az qala Ermənistanın bütün bəlalarının səbəbkarı kimi göstərilir. Görünən odur ki, baş nazir Nikol Paşinyan Qərbdən aldığı göstəriş və tapşırıqlara uyğun olaraq addım-addım ictimai rəyi uğurla Rusiyaya qarşı yönəltməyə müvəffəq olur. Obyektivlik naminə deyə bilərik ki, bu siyasətə qarşı müxalif olanlar da barmaqla sayılacaq qədərdir. Yəni ictimai rəy anti-Rusiya əhvala söykənir.

Bu sırada baş nazir Nikol Paşinyanın “respublikanın təhlükəsizlik sahəsində yalnız bir ölkədən asılılığının strateji səhv olduğu” bəyanatını xüsusi qeyd etmək gərəkdir. Məhz bu bəyanatla gərginlik yeni mərhələyə daxil olub. Rusiyanın himayəsi altında olan təşkilatlardan – KTMT, Aİİ və MDB-dən çıxmaq çağırışlarının ardınca, hərbi baza məsələsi də gündəmə gətirilib. İlkin olaraq KTMT çərçivəsində münasibətlərin pozulmasına nail olunub. Bir dövlət kimi mövcudluqlarında Kremlə təşəkkür etməli olan ermənilər “sağ ol” əvəzinə, indi bu bazanı təhlükəsizlikləri üçün hədə görürlər. Bir faktı qeyd edək ki, Ermənistan Sovet İttifaqına daxil olarkən ərazisi 9 min kv. km idisə, cəmi bir neçə il sonra Azərbaycan torpaqları hesabına bu ərazini 29 minə kimi qaldırıb. Bu fakt da çox şeydən xəbər verir.

Beləliklə, vaxtilə Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsini toy-bayramla qeyd edən İrəvan indi onu çıxarmağın yolunu axtarır. Bəhanə kimi gah Qarabağ məsələsində bu bazanın heç bir rol oynamadığı, gah da əhəmiyyətsizliyi qabardılır. Moskvanın reaksiyası isə hələ mətbuat, mətbuat xidmətlərinin rəhbərləri səviyyəsində edilir. Artıq Kremlin nəzarətində olan media vasitələrində İrəvana qarşı hücum start götürüb, yazılarda Gümrüdə yerləşən Rusiya bazasının çıxarılmasının mümkünsüzlüyü təhdid formasında vurğulanıb. Məsələn, “İzvestiya” qəzeti yazır ki, ermənilər nə qədər çalışsalar da, birtərəfli qaydada bazanı 2044-cü ilə kimi çıxara bilməzlər. Rusiya nəşri hesab edir ki, bu baza Cənubi Qafqazda xarici oyunçuları narahat edən əsas məsələ olub, eyni zamanda Moskva ilə İrəvan arasında gərginlik yaranan kimi baza məsələsi dərhal gündəmə gətirilir.

Qeyd edək ki, 102-ci Rusiya hərbi bazasının Ermənistanda iki qarnizonu var, onlar Gümrü və İrəvanda yerləşir. Bazanın aviasiya komponenti Erebuni aerodromundadır (İrəvan). 2017-ci ildə Rusiya və Ermənistanın Birgə Qüvvələr Qrupu yaradıldıqdan sonra hərbi baza Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə qrupa daxil edilib. Bazada şəxsi heyətin sayı təxminən dörd min nəfərdir, onlar S-300 hava hücumundan müdafiə sistemləri, MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri ilə təchiz olunub. 102-ci bazanın statusu və mövqeyi Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 1995-ci ildə Ermənistan ərazisində Rusiya hərbi bazası haqqında imzalanmış müqavilə ilə müəyyən edilir.

Bazanın çıxarılması bir neçə faktorla gündəmə gətirilə bilər.

Birincisi, ermənilərin müsəlman dövlətləri ilə əhatə olunduğu uzun illər qabardılıb. Bu səbəbdən də kiminsə “qoltuğunun altında” olması vurğulanıb. Qarabağ işğal altında olanda isə bu, daha çox qabardılırdı. Lakin artıq Qarabağ məsələsi həll olunub. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması üçün əngəl qalmır. Belə olan halda Ermənistana uzun illər yeridilən xarici təhlükə iddiası və təbii ki, Rusiya hərbi bazası da əhəmiyyətsiz məsələyə çevrilir.

İkincisi, Ermənistan rəhbərliyi sürətlə Qərbə yaxınlaşır, Rusiya silahı Qərb silahı ilə əvəzlənir, İrəvanda Avropa İttifaqının müşahidə missiyaları peyda olur.

Ən mühüm faktorlardan biri də Ermənistan hakimiyyətidir. Bu komanda məhz anti-Rusiya şüarları ilə hakimiyyətə gəlib. Başqa münasibət də gözləmək olmazdı.

Digər bir nüfuzlu nəşr – “Moskovski komsomolets” isə dərc etdiyi məqaləyə “Rusiyanın Ermənistandan qovulması – Gümrüdə bazaya amerikalılar yerləşəcək” başlığını qoyub. Yazıda Nikol Paşinyanın siyasətinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa yönəldiyi, bu tələbin ABŞ-dən gəldiyi vurğulanır. “ABŞ sistemli və qan-tərlə regionda işləyir”, – deyə ehtiyatda olan hərbçi Levon Arzanov nəşrə müsahibəsində bildirib. Onun sözlərinə görə, məqsəd Rusiyanın Qafqazdan çıxarılmasına yönəlib:

“Bu, artıq faktdır ki, postsovet məkanında ən çox Ermənistandakı səfirlikdə Vaşinqtonun əməkdaşları fəaliyyət göstərir – 2500 nəfər. Aydındır. Paşinyan hakimiyyətə təsadüfi gətirilməyib. Bu şəxs sabiq prezident Levon Ter-Petrosyanın davamçısıdır. Ermənistanda hərbi bazanın çıxarılmasına gəlincə, ilk növbədə, Qarabağdan sülhməramlılar çıxacaq. Artıq münaqişə həllini tapıb. Və orada onların qalması mənasızdır”, – deyə ekspert bildirib.

O əlavə edib ki, onların çıxarılmasının ardınca dərhal 102-ci bazanın çıxarılması məsələsi qaldırılacaq. Heç kim də bu mandatı uzatmayacaq. İlkin olaraq Ermənistan KTMT-dən çıxacaq. Sonra sülhməramlıların çıxarılması, 102-ci bazanın çıxarılması baş tutacaq. Bundan sonra amerikalılar gələcək. Bütün bu proseslər də ardıcıl həyata keçiriləcək.

Beləliklə, deyəsən Rusiya artıq bazanın nə vaxtsa çıxarılacağı ilə barışmaq üzrədir. Rusiya ermənilərin razılaşmanı poza bilməyəcəyi kimi təsəlliverici bəyanatlar versə də, görünən odur ki, proses artıq başlayıb. Sadəcə, vaxt lazımdır, o isə Rusiyanın əleyhinə işləyir.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir