Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Nicat Əliyev 1938-ci il təvəllüdlü nənəsi Qənirə Mehdixanlını qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nicat ötən il iyunun 25-də gecə saat 01:30-da nənəsi Qənirə ilə birlikdə yaşadığı evə gəlib.
Nənə evə gec gəldiyi üçün Nicatı məzəmmət edib, bununla kifayətlənməyərək anası və atasını təhqir edib. Nicat bu təhqirlərdən sonra, əvvəllər də nənəsi ilə tez-tez mübahisə etməsindən bezdiyi üçün son 2-3 gün ərzində nənəsini öldürmək barədə fikirlərini reallaşdırmaq qərarına gəlib. Təxminən saat 3 radələrində özünə aid idman ayaqqabısının hər iki ipini açaraq bir-birinə bağlayıb və nənəsinin yataq otağına daxil olub. Nənə yuxudan ayılıb və ondan nə üçün otağa gəldiyini soruşub. Nicat heç nə demədən nənəsinə yaxınlaşıb, əlindəki ipi onun boğazına keçirərək, boğmağa başlayıb.
Lakin nənəsi müqavimət göstərdiyindən iplə onu boğa bilməyəcəyini başa düşüb, sağ qolu ilə nənəsini təxminən 1-2 dəqiqə ərzində boğmağa davam edib. Həmçinin nənəsinin müqavimətini qırmaq üçün sol əli ilə sifət nahiyəsinə bir neçə yumruq vurub. Sonra nənəsini boğaraq öldürüb.
İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Tez-tez mübahisə etmişik”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ittiham üzrə özünü təqsirli bilib və suallara cavab verməkdən imtina edib. O, əməlindən peşman olduğunu bildirib.
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Həmin ifadədən görünür ki, əvvəllər nənəsi Qənirə ilə münasibətləri normal olub:
“Təxminən son 6-7 ayda münasibətlərimiz yaxşı deyildi. 14-15 il ailəmizlə birlikdə Türkiyənin Antalya şəhərində yaşamışam.
2021-ci ilin martında nənəm koronavirus xəstəliyinə tutulanda ona qulluq məqsədilə Sumqayıt şəhərinə gəldim. Son 6-7 ayda tez-tez mübahisə edirdik”.
Təqsirləndirilən şəxs deyib ki, qonşuluqda yaşayan Cevriyə adlı qızı sevdiyindən, ailə qurmaq istədiyindən, lakin qohum olmadığından nənəsi Qənirə onun Cevriyə ilə münasibətinə razılıq verməyib:
“Həmçinin mənim geyimimə, saqqal saxlamağıma, siqaret çəkməyimə və digər vərdişlərimə görə tez-tez mənə irad tutaraq məzəmmət edirdi. Nənəmlə tez-tez mübahisə etməyimizdən bezdim. Hadisədən 2-3 gün əvvəl onu öldürməyi fikirləşdim”.
“Gecə zəng vurdu, gələcəyimi bildirdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl, təxminən saat 9 radələrində yuxudan oyanaraq nənəsinin ona almış olduğu “Passat” markalı avtomobilin yağını dəyişmək məqsədilə əşya bazarında olan Kamil adlı ustanın yanına gedib:
“Ustanın yanında olarkən bibim Vəsilə mənə zəng vurdu, oğlu Uğuru şahmat məktəbindən götürməyimi xahiş etdi. Ustanın yanında növbə olduğundan bibimi də evindən götürərək, şahmat məktəbinə getdik. Uğuru oradan götürüb evlərinə qaytardım.
Ardınca yenidən Kamil ustanın yanına gəldim. Avtomobilin yağını dəyişib evə qayıtdım. Evdə olarkən nənəm mənə zəng vuraraq, işlədiyi Aşıqlar Birliyindən götürməyimi xahiş etdi. Aşıqlar Birliyindən onu götürüb evə gətirdim. Avtomobili yudurtmaq üçün əşya bazarına getdim. Təxminən saat 18-19 radələrində yenidən evə qayıtdım.
Evdə 1-2 saat oturduqdan sonra məhəlləyə düşüb, Şərif və daha bir neçə adını bilmədiyim şəxslərlə siqaret çəkdim, söhbətləşdik. Yarım saat sonra evə qayıdaraq saat 21-22 radələrində yenidən evdən çıxdım. “Misli” mərc oyunlarının keçirildiyi məkana getdim. Təxminən gecə saat 12 radələrində nənəm zəng vuraraq, yatdığını dedi, evə nə zaman gələcəyimi soruşdu. Ona bir azdan gələcəyimi bildirdim”.
“Nənəmin məni danlamağı yadıma düşdü”
Nicat ifadəsində daha sonra göstərib ki, təxminən saat 01:30-da mağazadan Xırdalan pivəsi alaraq evə gəlib:
“Blokun qarşısında məhəllə dostlarım Şərif və qardaşı Vüqarla görüşdüm, sonra yuxarı qalxdım. Qapının səsinə nənəm yuxudan oyandı, evə gec gəldiyim üçün məni məzəmmət etməyə başladı. Əsəbi soyumayaraq ardınca məni təhqir etməyə, ata-anamla bağlı əxlaqsız sözlər söyləməyə başladı.
Nənəmin təhqirlərinə əsəbiləşsəm də, ona məhəl qoymadım və qonaq otağına keçdim. Evdə olarkən televizorda “Survivor” verilişinə baxmağa başladım. Ardınca binanın yanında yerləşən “Mini Marketə” düşdüm və günəbaxan tumu alıb evə qayıtdım. Pivələrin hər ikisini içdikdən sonra nənəmin məni danlamağı yadıma düşdü”.
“Qırmızı rəngli ipi də götürdüm…”
Nicat qeyd edib ki, təxminən saat 3 radələrində nənəsini öldürmək qərarına gəlib:
“İdman ayaqqabımın hər ikisinin iplərini açdım, otaqdakı dolabda olan qırmızı rəngli ipi də götürdüm. İpləri bir-birinə bağladım və nənəmin otağına girdim. Orada nənəmi nə cür boğacağımı fikirləşdim.
Bu zaman nənəm yuxudan ayıldı, “nə var, nə axtarırsan?” – deyə soruşdu. Nənəmə cavab verməyərək, ona yaxınlaşdım. Nənəm sağ yanı üstə uzandığından ayağımı onun kürəyinə dirədim və əlimdəki ipi boynuna keçirdim. Güc tətbiq eləyib onu özümə tərəf dartdım. Müqavimət göstərdikdə sağ qolumla nənəmin boğazından tutdum və onu boğmağa davam elədim. Müqavimət göstərdikdə sol əlimlə onun sifət nahiyəsini yumruqlamağa başladım. Təxminən 1-2 dəqiqə boğduqdan sonra sol qulağından qan gəlməyə başladı.
Nənəm hərəkətsiz vəziyyətdə qaldıqda onun öldüyünə əmin oldum. Bundan sonra əlimi ondan buraxdım”.
“Nənəmin öldüyü təsdiqləndi”
Təqsirləndirilən şəxs qeyd edib ki, nənəsi Qənirəni öldürdükdən sonra siqaret çəkib, əl-üzünü yuyub:
“Əynimdəki paltarın qan olduğunu gördüm, əynimdən çıxardım, paltarı və nənəmi boğarkən istifadə etdiyim ipi torbaya qoydum. Evdən çıxıb yaxınlıqdakı parka getdim. Ağacların arasında ipi yandırdım. Paltarımı da yandırmaq istədim. Alışqan yanmadığından paltarı basdırmaq qərarına gəldim. Bir qədər aralıda yeri qazdım. Paltarı torbadan çıxararaq basdırdım. Torbanı isə oralarda yerə atdım.
Bütün bunlardan sonra yenidən evə qayıtdım, bibim Vəsiləyə zəng vurdim və nənəmin öldüyünü bildirdim, ağlamağa başladım. Bibim qonşulara xəbər verməyimi, özünün də gəldiyini dedi.
Evdən çıxaraq qışqıra-qışqıra qapı qonşularımız Hicrangilin qapısını döydüm. Bu zaman səsimə üst qonşularımız Şərif gəldi və nə baş verdiyini soruşdu. Şərifə nənəmin öldüyünü bildirdim. O, dərhal Təcili Tibbi Yardıma zəng vurdu və bir neçə dəqiqə sonra həkimlər evə gələrək nənəmin öldüyünü təsdiqlədilər”.
“Nişanlımdan borc pul almışam”
Nicat deyib ki, nənəsi Qənirəni öldürərkən ona heç kəs kömək etməyib:
“Qətli tək törətmişəm. Nənəm evdə pul, qızıl-zinət və digər qiymətli əşyalar saxlamasının şahidi olmamışam.
Mərc oyunları oynadığımdan, müəyyən miqdarda borcum yığıldığından təxminən bir ay əvvəl evdəki notbuku nənəmdən xəbərsiz sataraq borcumu qaytardım. Sonradan notbuku satdığımı nənəmə etiraf etdim.
Bundan başqa təxminən 10 gün əvvəl mərc oyunlarından yaranmış borcumu qaytarmaq üçün nişanlım Cevriyədən 3000 manat borc pul aldım. Cevriyə həmin pulları bankdan kredit şəklində götürərək mənə verdi”.
“Oğlumu anama qulluq etməyə göndərdim”
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anasının sözlərinə görə, zərərçəkmiş Qənirə doğma anası, təqsirləndirilən şəxs isə doğma oğludur:
“Təxminən 14-15 il bundan əvvəl Rasim adlı şəxslə ikinci dəfə ailə həyatı quraraq, oğlum Nicatla birlikdə Türkiyənin Antalya şəhərinə köçdük. Rasimlə evliliyimdən Oğuz adlı oğlum dünyaya gəldi. Anam Qənirə isə Sumqayıt şəhərində tək yaşayırdı.
2021-ci ilin mart ayında COVID-19 xəstəliyinə tutulduğundan Nicatı ona qulluq etməyə göndərdim. Anam özü də Nicatın onunla birlikdə yaşamasını istəyirdi.
Nicat Sumqayıt şəhərinə gəlib anamla birlikdə yaşamağa başladı. Hətta anam kreditlə Nicata “Passat” markalı avtomobil də aldı”.
“Anam da razılıq verdi”
Şahid qeyd edib ki, Nicat Sumqayıt şəhərinə gəldikdən 2-3 ay sonra 9-cu mikrorayonda yerləşən mağazada kassir işləməyə başlayıb:
“Tez-tez anama və Nicata zəng vuraraq hal-əhval tuturdum. Anam Nicatdan gileylənir, aldığı maaşdan evə heç nə vermədiyini, yəni avtomobilin kreditinə köməklik etmədiyini bildirirdi. Nicata bu barədə dedikdə o da cavan oğlan olduğunu, xərclərinin çıxdığını dedi.
2022-ci ilin martında Nicat qonşuluqda yaşayan Cevriyə adlı qızla nişanlandı. İlk vaxtlar anam buna etiraz etsə də, ailələr tanış olduqdan sonra o da razılıq verdi”.
“Tez-tez pul istəməyə başladı”
Təqsirləndirilən şəxsin anasının sözlərinə görə, hadisədən 1-2 ay əvvəl iş şəraitini bəyənmədiyi üçün Nicat mağazada işdən çıxıb:
“İşdən çıxdıqdan sonra anamdan tez-tez pul istəməyə başladı. Hətta evdə olan notbuk da bir gün evdən itdi. İlk başda Nicat bundan xəbəri olmadığını bildirsə də, bir neçə dəfə söhbətdən sonra notbuku satdığını bildirdi. Pulları hara xərclədiyini soruşdum, Nicat mərc oyunları oynadığını və borcu yarandığını, buna görə nənəsindən tez-tez pul istədiyini, notbuku satdığını bildirdi”.
Şahid deyib ki, hadisədən 2 həftə əvvəl Nicat ona zəng vuraraq mərc oyunları ilə əlaqədar yaranmış borcunu ödəmək üçün telefonunu satdığını deyib:
“Təzə telefon almaq üçün məndən pul istədi. Ona 400 dollar pul göndərdim. Mərc oyunları oynamağı tərgitməyi xahiş etdim. Nicat and içərək, bir daha mərc oyunu oynamayacağını bildirdi”.
“Zənglərimə cavab vermədiyindən mesaj yazdım”
Şahid qeyd edib ki, sonuncu dəfə anası Qənirə ilə telefonla danışıb:
“Anam zəng vuraraq Nicatın evə gəlmədiyini dedi, narazılığını ifadə etdi. Anamla danışıb qurtardıqdan sonra Nicata zəng vurdum. Lakin zənglərimə cavab vermədiyindən ona mesaj yazdım. Nicat mesajlarıma da cavab vermədi.
Səhəri gün Nicat zəng vuraraq, gecə dostu Fəridin bağında ad günündə olduğundan zənglərə cavab verə bilmədiyini bildirdi. Nicatın dostları ilə söhbət etdikdə onun hər hansı bir ad günündə olmadığı aydınlaşdı”.
“Oğlumun anamı öldürdüyünü öyrəndim”
Şahid bildirib ki, hadisə günü, təxminən gecə saat 3 radələrində Nicat ona zəng vuraraq, ağlaya-ağlaya Qənirənin öldüyünü bildirib:
“Anamın hər hansı bir xəstəliyi olmadığından bu xəbər məni təəccübləndirdi və ondan anamın necə öldüyünü soruşdum. Nicat həmin vaxt şok keçirdiyindən heç nə bilmədiyini, həkim çağırdığını dedi.
Təyyarə bileti alaraq Sumqayıt şəhərinə gəldim. Qonşulardan, qohumlardan oğlum Nicatın anamı öldürdüyünü öyrəndim”.
Məhkəmənin hökmü ilə Nicat 10 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, şairə, QHT rəhbəri kimi tanınan Qənirə Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri olub.
Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedaqoji fəaliyyət göstərib.
www.RESMIXEBER.az