İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası özünü doğrultmur. Necə doğrultsun?! Bir şey ki BMT TŞ-nin beş daimi üzvü ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çindir… Burada iki müttəfiq blok var. Biri ABŞ-Böyük Britaniya, digəri isə Rusiya-Çin.
Fransa isə tək qalır. O, Avropa İttifaqında Almaniyanı özünün marioneti edir. Müttəfiqlərin də bir-birilə rəqabəti var. Belə bir təsisatda BMT TŞ formatında münaqişələrin mümkünsüzlüyü önə çıxır. Çünki məhz böyük güclərin əlində oyuncaq olan BMT gözləntiləri qarşılamır. Təhlükəsizlik Şurası isə daha çox, böyük qüvvələrin siyasi polemika meydanını xatırladır.
BMT TŞ-nin İsrailin Qəzzada keçirdiyi əməliyyat fonunda tamamilə faydasızlığı nümayiş olunur. Çünki hərənin ağzından bir avaz çıxır.
BMT TŞ İsrail-Fələstin toqquşması prosesində tamamilə faydasız təsisat olduğunu bir daha nümayiş etdirdi.
ABŞ Prezidenti Co Bayden İsraildə olduğu ərəfədə orada xeyli insan öldü. Vəziyyətin bu yerə çatmasında ABŞ və Avropa İttifaqı sanki öz məsuliyyətlərini dərk etmirlər və ya özlərini belə göstərirlər. Onlar bəşəriyyəti sivilizasiyaların yeni toqquşmasına aparırlar.
Onlar üçün insan ölümünün, insan faciəsinin heç bir önəmi yoxdur. Belə demək olarsa, ABŞ və Avropa İttifaqı riyakardırlar. Avropa İttifaqının bu siyasətinin arxasında Fransa dayanır. Özlərinə sərf edəndə insan hüquqlarından danışırlar. Amma Yaxın Şərqdə günahsız insanların ölümü ilə nəticələnən münaqişələri dayandırmaq əvəzinə onun üzərinə benzin tökməklə məşğuldurlar.
BMT TŞ isə funksional deyil. Heç bir şeyə təsir edə bilmir. O, artıq heç nəyə və heç kimə lazım olmayan qurum kimi fəaliyyət göstərir. Bəs belə fəaliyyət kimə lazımdır?! Təbii ki, bir-birilə didişən güclərə.
BMT TŞ diktə etmək platformasına çevrilib. Burada hüquqi normalar işləmir. Beynəlxalq hüquqi normalar uyğun zamanda effektiv tədbir görməyi tələb edir. BMT TŞ-nin isə qətnamələri elə kağız üzərində qalır. Elə Qarabağ münaqişəsi zamanı da bunun şahidi olmuşduq. BMT TŞ üçün münaqişənin həlli Ermənistana dəstəkdən keçirdi. Amma bu da onlara nəticə vermədi.
İndi də İsrail-Fələstin münaqişəsi ilə əlaqədar yeni eyibləri üzə çıxır. Eyib də demək olmur, bunun adı rəzillik və biabırçılıqdır.
ABŞ-nin, Avropa İttifaqının belə riyakar siyasətindən sonra Azərbaycan onların təqdim etdiyi sülh platformalarına necə inansın?! Vaxtilə onlar tərəfindən eyni şəkildə Ermənistana da dəstək verilmişdi və Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən soyqırımı törədilmişdi.
Qərb Ermənistanın arxasında durur və indi planları pozulduğu üçün Azərbaycana qarşı bütün alətlərdən istifadə edir. Amma bunun heç bir faydası olmayacaq. Azərbaycan güclü dövlətdir, regionda söz sahibidir. Sözlə deyil, real addımlarla hərəkət edir.
Aqil Vəlili
www.RESMIXEBER.az