Bəşir Hacıyev: “Ağdam Sənaye Parkının yarısı artıq rezidentlərə verilib”

Cəmiyyət


Ağdam şəhərində yerləşən 190 hektarlıq sənaye parkının tam yarısı rezidentlərə verilib.

“resmixeber.az” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu” panelində deyib.

“Bir neçə rezidentin fəaliyyətə başlaması üçün qısa zaman qalıb. Ağdam Sənaye Parkında əsas üstünlük təmir-tikinti materiallarının istehsalına verilir. Burada fəaliyyət göstərəcək rezidentlər müxtəlif imtiyazlardan yararlana biləcəklər və ərazidə çalışan inşaat şirkətləri üçün də əlverişli mühit yaranmış olacaq”, – deyə B.Hacıyev qeyd edib.

Xatırladaq ki, Ağdam Sənaye Parkının 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1 600-dən çox daimi iş yeri yaratmağı planlaşdırırlar. Hazırda sənaye parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi) iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkarın istehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir