“Həqiqətlər təhrif olunur, Azərbaycan barəsində yalan məlumat verilir” – ŞƏRH

Siyasət


“Tarixi ədalət Azərbaycanın tərəfində olduğuna görə biz qalib gəldik. Azərbaycan öz ərazi bütövlüyünü, özünü suveren hüquqlarını müdafiə etdi, qələbə çaldı. Cəmiyyətdə milli birlik yarandı, hamı sağlam, milli ideologiya ətrafında birləşdi. Cəmiyyət lider seçimini düzgün etmişdi və liderin apardığı siyasət Azərbaycan xalqının tarixi istəyini həyata keçirdi. Bununla belə hamı yaxşı dərk edir ki, mübarizə bitməyib”.

Bu fikirləri resmixeber.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycan bundan sonra mübarizəsini artıq informasiya siyasəti müstəvisində davam etdirməlidir:

“Buna qədər də informasiya müharibəsi sahəsində iş gedirdi. Nəticədə, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qərarlar qəbul ediblər. Azərbaycan bu gün beynəlxalq birlikdə yüksək nüfuza malikdir. Cənab Prezidentimizin dövrünün görkəmli siyasi və dövlət xadimi kimi nüfuzu kifayət qədər böyükdür. Azərbaycanı sevməyənlər isə Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlərindən əl çəkmirlər. Hazırda hərbi təxribatlar edə bilməsələr də, beynəlxalq aləmdə Azərbaycana qarşı çirkin bir təbliğat kampaniyası aparmağa çalışırlar. Ermənistanı bu işdə Fransa, Kanada və digər ermənipərəst dairələr müdafiə edirlər. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərin video xülasəli şəkilləri guya Azərbaycanın ermənilərə qarşı qəddarlığı kimi qələmə verilir. Həqiqətlər təhrif olunur, Azərbaycan barəsində yalan məlumat verilir. Guya Azərbaycanın Qarabağda yaşayan əhaliyə soyqırımı həyata keçirməsi barədə yalan məlumatlarla beynəlxalq birliyi aldatmağa çalışırlar”.

Aydın Mirzəzadənin fikrincə, bütün bunlara rəğmən fakt ondan ibarətdir ki, rəsmi Bakı həmin əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün dəfələrlə təkliflər irəli sürüb:

“Oradan Ermənistana köçmək istəyən əhalinin rahat köçməsi üçün şərait yaratdı. Qalan yerli əhalinin isə bu gün təhlükəsizliyi qorunur, yüksək tibbi xidmət göstərilir. Yaşlılara sosial qayğı sistemi qurulub. Belə soyqırımı olur? Belə əhaliyə qarşı zorakılıq olur? Ermənilər və ermənipərəst dairələr özlərinin etdiklərini Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Ancaq mübarizəmiz davam edəcək. Çünki ədalət, beynəlxalq hüquq biz tərəfdədir. Biz öz ərazimiz uğrunda vuruşub, torpağımıza sahiblənmişik. Biz çoxmillətli və hər kəsin hüquqlarının qorunduğu bir dövlət qura bilmişik. Bu dövlət ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulub. İndiki Prezident İlham Əliyevin 20 illik dövlət rəhbəri kimi fəaliyyəti sayəsində qurulub. Mübarizəmiz yenə davam edir. Öz haqqımızı həmişə qoruyacağıq. Heç kəs bizim haqqımızı tapdalamağa, torpağımızı yenidən işğal etməyə, həqiqətləri fərqli göstərməyə nail ola bilməz, buna imkan verməyəcəyik”.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir