“Bu gün mənim üçün ikiqat sevincli gündür. Çünki həm özüm Füzuliyə qayıtmışam, həm də övladlarımı Füzulidə qarşılayıram. Bu unudulmaz anları bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuzdur”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Füzuli şəhərində öz övladlarını sevinc göz yaşları ilə qarşılayan Ramin Abbasov söyləyib:
“23 avqust tarixi mənim həyatımda ən unudulmaz bir an olaraq qalacaq hər zaman. Çünki həyatımın həm acı, həm də ən şirin xatirələri var bu tarixdə. 1993-cü il avqustun 23-də 13 yaşım tamam olanda Füzulini tərk etməli olmuşam. 30 ildən sonra isə yenidən doğum günümdə Füzuliyə qayıtmışam. Bu gün isə övladlarımı, nəvələrimi qarşılayıram, onlar öz ailələri ilə birlikdə bura qayıdıb. Uşaq ikən çıxdığım Vətənimdə bu gün 3 övladım və 2 nəvəmlə məskunlaşmışıq. Bu xoşbəxt günləri görmək isə şəhidlərimizin, qazilərimizin, Ordumuzun sayəsində bizlərə qismət oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız həm azad olundu, həm də yenidən qurulmağa başladı. Həsrətində qaldığımız yurd yerlərimizə qovuşduq. Bizlərə gözəl təmirli evlərin açarları təhvil verilib və hər bir şərait yaradılıb. Elimizə-obamıza qovuşduğumuz üçün sevincimizin həddi-hüdudu yoxdur. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.
www.RESMIXEBER.az