Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və ya qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
Ekoloqların, icra hakimiyyəti, bələdiyyə, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmədə paytaxtın Yasamal, Nizami, Nərimanov, Qaradağ və Pirallahı rayonları üzrə ümumilikdə 85 ədəd qurumuş və ya qəzalı vəziyyətə düşmüş müxtəlif cinsli ağacın götürülməsi müzakirə edilib.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qeyd edib ki, icra hakimiyyəti orqanları və bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər. Dövlətimiz tərəfindən ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Yeri gəlmişkən, qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi normalara görə, yeni salınacaq yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40, istismar müddəti bitən məhəllələr yenidən layihələndirilərkən isə yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.
İctimai dinləmədə yaşıllıqların mühafizəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, icra hakimiyyətləri və bələdiyyələrin də rolundan danışılıb, vaxtında və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb. Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, hətta insan sağlamlığına ağır xəsarət yetirilməsi ilə nəticələnə bilər.
İctimai dinləmədə icra hakimiyyəti, bələdiyyə və QHT nümayəndələrinin təklifləri də dinlənilib.
www.RESMIXEBER.az