Azərbaycanın səhiyyə naziri Teymur Musayev Dünya Tibb Təhsili Federasiyasının (“World Federation of Medical Education”, WFME) prezidenti Rikardo Leon-Borkeslə görüşüb. Görüşdə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də iştirak edib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev WFME-nin missiyasının beynəlxalq müstəvidə ali elmi və etik standartların tətbiqi yolu ilə tibbi təhsilin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
Nazir çıxışında qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsinin və tibb elminin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Teymur Musayev Azərbaycan Tibb Universiteti ilə (ATU) Dünya Tibb Təhsili Federasiyası arasında uğurlu əməkdaşlığın davam etdiyini də diqqətə çatdırıb. Nazir ötən il ATU beynəlxalq akkreditasiyadan keçməklə, yüksək status əldə etdiyini və Dünya Tibb Təhsili Federasiyasının keyfiyyət nişanının qazandığını vurğulayıb. Onun sözlərinə görə, bu standartlar ATU diplomunun beynəlxalq tanınma coğrafiyasının genişləndirilməsində mühüm addımdır:
“Eyni zamanda, bu standartlar Azərbaycan Tibb Universitetinin beynəlxalq tibbi təhsil məkanına daxil olmasına və yüksəksəviyyəli mütəxəssislər hazırlamasına imkan yaradır”.
Sonda Azərbaycan səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğuladı.
Səmimi qəbula görə minnətdarlığını bildirən WFME prezidenti Azərbaycanda səhiyyə və tibb elminin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Federasiyasının Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Tibb Assosiasiyası, UNESCO və BMT-nin müvafiq qurumları ilə qarşılıqlı əlaqədə olduğunu qeyd edən Rikardo Leon-Borkes WFME-nin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüş zamanı Azərbaycan Səhiyyə Nazirliyi ilə Dünya Tibb Təhsili Federasiyası arasında əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.
www.RESMIXEBER.az