Dövlət Komitəsi: “Ailələrin nəzarətində olan ziyarətgahlar cəhalət və xurafatın məhsuludur” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


“Yeddi”, “cümə axşamı” kimi mərasimlər əksər şəhər və rayonlarımızda keçirilmir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə resmixeber.az-ya müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Artıq bir müddətdir ibadət yerlərinə din xadimlərinin təyinatı müsahibə yolu ilə aparılır. Bu vaxtadək neçə din xadimi təyin edilib? Ehtiyat kadr siyahısına neçə nəfər düşüb? Onlar hansı formada təyinat alacaqlar?

– Bildiyiniz kimi, 2022-ci ilin fevral ayında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətinə verilib. Sözügedən dəyişikliklərdən irəli gələn vəzifələri həyata keçirmək məqsədilə ötən ilin aprel ayında Dövlət Komitəsinin Kollegiyası tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”sı hazırlanaraq təsdiq edilib.

Qayda dini fəaliyyət sahəsində, xüsusilə də ibadət yerlərinə din xadimlərinin təyinatı və vəzifəsindən azad olması ilə bağlı hüquqi bazasının formalaşdırılmasında ilk və əhatəli qanunvericilik aktı hesab olunur. Burada din xadiminin təhsili, müsahibə və attestasiyanın keçirilməsinin şərtləri, ibadət yerlərindəki din xadimlərinin vəzifələri və onlar arasındakı əmək bölgüsü müəyyənləşdirilib.

İlk dəfə olaraq ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsi təsis olunub. Ötən dövr ərzində sözügedən qaydanın peşəkar dini fəaliyyət sahəsində subyektiv yanaşmaların və boşluqların aradan qaldırılmasında, eləcə də şəffaflığın təminatında mühüm rol oynadığı müşahidə edilib. Belə ki, Dövlət Komitəsi tərəfindən 2022-ci ildə iki dəfə – may və oktyabr aylarında İslam dininə aid ibadət yerlərinə – məscidlərə din xadimlərinin təyinatı ilə bağlı müsahibə elan edilib. Birinci müsahibədə 39 vakant vəzifə üçün 274, ikinci müsahibədə isə 44 vakant vəzifə üçün 254 namizəd iştirak edib. Həmin müsahibələrdən 18-i qadın olmaqla 199 nəfər uğurla keçib. Bugünədək onlardan 17-si qadın olmaqla, 164 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin ediliblər. Təyinatlar həyata keçirilərkən imtahan nəticələrinə xüsusi diqqət yetirilib, öncə vakant vəzifə üzrə yüksək bal toplayanlar müvafiq vəzifələrə təyin olunublar.

İmtahandan keçmiş, lakin təyinatının həyata keçirilməsi mümkün olmamış şəxslər isə ehtiyat kadr siyahısına daxil ediliblər. Qaydaya əsasən, onların 2 il ərzində imtahan vermədən məscidlərdəki vakant vəzifələrə təyin olunmaq hüquqları var. Hazırda 1-i qadın olmaqla 35 nəfər ehtiyat kadr siyahısındadır. Onlardan 10 nəfəri müsahibəyədək rəsmi olaraq din xadimi işləyirdi, hazırda da onlar vəzifələrini icra edirlər. 4 nəfəri magistratura mərhələsində təhsilini davam etdirdiyinə görə təyinatları mümkün olmayıb. Yerdə qalan 22 nəfərə isə dövlət komitəsi tərəfindən mütəmadi olaraq məscidlərdəki vakant vəzifələr barədə məlumat verilir, müxtəlif vəzifələr təklif edilir. Yəni ehtiyat kadr siyahısında olan şəxslər vakant vəzifə yarandıqda və onlar həmin yerlərdə işləməyə razı olduqda təyinatları həyata keçiriləcək.

Sentyabr ayının 4-dən 19-dək 2023-cü ilin may ayında elan edilmiş müsahibənin imtahan mərhələsi keçirilib. Bu dəfə müsahibəyə çıxarılmış 19 vakant vəzifə üçün 113-ü qadın və 180-i kişi olmaqla 287 namizəd sənəd verib. İmtahanlardan 23-ü qadın və 52-si kişi olmaqla 75 nəfər uğurla keçib. Hazırda onların təyinatı məsələsinə baxılır. Qaydaya uyğun olaraq 30 gün ərzində bu işin yekunlaşdırılması planlaşdırılır.

– İşğaldan azad edilmiş ərazilərdəki dini ibadət yerləri ilə bağlı vəziyyət nə yerdədir? Yaxın vaxtlarda yeni təyinatlar nəzərdə tutulur?

– İşğaldan azad olunmuş ərazilərdə dövlət başçısının göstərişinə əsasən dini abidələrə xüsusi diqqət göstərilir. Bildiyiniz kimi, baş planı təqdim olunmuş şəhərlərdə dini ibadət yerlərinin tikintisi və tarixi abidələrin bərpası nəzərdə tutulub. Bu günə qədər işğaldan azad olunan ərazilərdə yalnız bir məscidin təmir-bərpa işləri başa çatdırılıb. O da Şuşadakı Yuxarı Gövhər Ağa məscididir. Bu yaxınlarda ora təyinat həyata keçirilib. Laçın, Ağdam və digər ərazilərdə məscidlər tikildikdən və ya təmir-bərpa işləri yekunlaşdıqdan sonra din xadimlərinin təyinatı həyata keçiriləcək.

– Ötən il İslam dininə aid ibadət yerləri və ziyarətgahlarda fəaliyyət göstərən din xadimlərinin attestasiyanın keçirilməsi üçün Attestasiya Komissiyası yaradılmışdı. Komissiya işə başlayıb? Müsahibə yolu ilə işə qəbul olunmuş din xadimləri hansı mərhələdə attestasiyadan keçiriləcəklər?

– Biz hər ötən gün dəyişən dünyada yaşayırıq. Bu dəyişiklik həyatımızın yalnız iqtisadi və texnologiya sahələrinə deyil, əxlaqi-mənəvi dəyərlərə də təsir göstərir. Hadisələrin gedişatı bizdən hər sahədə, o cümlədən dini fəaliyyət sferasında da daim təkamüldə olmağı tələb edir. Təbii ki, söhbət cəmiyyətdəki transformasiyaya görə dində hansısa reformdan, islahatdan getmir. Din hansısa dövr və məkan üçün göndərilməyib. Lakin dinin insanlara çatdırılmasında müasir reallıqları nəzərə almayanda onun uca məqamına xələl gətirilir. Bu gün bunun acı nəticələri İslam coğrafiyasında kifayət qədərdir.

Eləcə də müstəqillik tariximizdə bunun mənfi təsirlərini görmüşük. 30 ildə cəmiyyətimizin dinlə bağlı kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsində xarici amillərin təsiri olub. Dindarlaşma prosesində belə tendensiya dindən siyasi məqsədlərlə istifadə cəhdlərinin yaranmasına, radikal, fanatik və ekstremist qrupların baxışlarının yayılmasına səbəb olub, nəticədə yüzlərlə azərbaycanlı gənc ölkə sərhədlərindən kənardakı silahlı münaqişələrə cəlb olunublar. İslam dünyası, o cümlədən ölkəmizdə dinlə bağlı neqativ tendensiyaların əsas səbəblərindən biri də kadr məsələsidir. Kadr çatışmazlığının aradan qaldırılması qədər onların cəmiyyətin inkişaf dinamikası və tələbatına uyğun hazırlanması dini sahədəki problemlərin həlli istiqamətində böyük önəm kəsb edir.

Belə keşməkeşli transformasiya dövründə din xadimlərimiz xalqımıza məxsus milli-mənəvi, xüsusilə dini dəyərlərin sonrakı nəslə ötürülməsində, tolerantlıq və birgəyaşayış ənənələrinin formalaşmasında önəmli yer tuturlar. Bu məqsədlərin reallaşması üçün kadr hazırlığının inkişaf etdirilməsi, həmçinin, mövcud din xadimlərinin bilik və bacarıqlarının yüksəldilməsi əhəmiyyətli məsələdir. Din xadimlərinin müsahibə və attestasiyalarının əsas hədəfi də kadr potensialının qiymətləndirilməsi və onların təkmilləşdirilməsidir.

Bildiyiniz kimi, bu məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb. Belə ki, Qanunun 8-ci maddəsinə əsasən, təyin olunmuş din xadimləri beş ildən bir Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və mütəxəssislərinin iştirakı ilə attestasiyadan keçirilməlidirlər. Qaydalarda belə attestasiyaların keçirilməsi, müvafiq komissiyanın fəaliyyəti və tərkibinin müəyyənləşdirilməsi ilə bağlı bəndlər əksini tapıb. QMİ və ya Dövlət Komitəsi tərəfindən təyin olunmuş din xadimlərinin attestasiyası ilə bağlı hansısa fərq yoxdur, fəaliyyətə başlamalarında beş il keçdikdən sonra attestasiya ediləcəklər.

Dövlət Komitəsi tərəfindən QMİ, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələrindən ibarət Attestasiya Komissiyasının tərkibi təsdiqlənib. Eyni zamanda, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması və attestasiyası üzrə proqram da hazırlanıb. Yaxın tarixdə din xadimlərinin attestasiyası həyata keçiriləcək. Attestasiya olunacaq din xadimlərinin siyahısı imtahandan bir ay öncə hazırlanacaq və özlərinə bu barədə məlumat veriləcək.

– Attestasiyadan keçə bilməyən din xadimləri dərhal işdən çıxarılacaq?

– Qaydaya görə Attestasiya Komissiyası tərəfindən din xadimlərinə “tutduğu vəzifəyə uyğun gəlir”, “Komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir” və ya “tutduğu vəzifəyə uyğun gəlmir” qiymətlərindən biri verilə bilər. Onların fəaliyyətinə dərhal xitam verilməsi attestasiyanın nəticələrindən asılıdır.

– Ötən dövr ərzində neçə din xadimi işdən çıxarılıb? İşdən çıxarılan şəxslər yenidən hazırlaşıb imtahan verə bilərlər?

– “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”ndakı məsələlərdən biri də din xadimlərinin vəzifədən azad olunması ilə bağlıdır. Qayda bu istiqamətdə subyektivliyi tamamilə aradan qaldırıb və qanunsuz işdən çıxarmaların qarşısını alıb. Qaydanın 8-ci bəndi bütövlüklə bu məsələyə həsr olunub.

Dövlət Komitəsi tərəfindən 2022-2023-cü illərdə 179 din xadimi vəzifəsindən azad edilib. Onların əksəriyyəti müvafiq dini təhsili olmadığına və fəaliyyətlərində nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqlarına görə işlərindən kənarlaşdırılıblar. Həmçinin öz ərizələri ilə fəaliyyətinə xitam verilənlər də var. Onların müsahibə üçün müraciət etmələri məsələsinə gəlincə, dini ali və orta ixtisas təhsili olan Azərbaycan Respublikasının vətəndaşlarının imtahanlarda iştirak etmələrinə hansısa məhdudiyyət yoxdur. Onlar tələb olunan sənədləri Dövlət Komitəsinə təqdim etməklə müsahibələrdə iştirak edə bilərlər.

– Elə ziyarətgahlar var ki, orada fəaliyyət göstərən din xadimləri həmin ziyarətgahlara qohumluq əlaqələri ilə bağlıdırlar. Həmin din xadimləri attestasiyadan keçmədikdə onların ziyarətgahlarda fəaliyyətinə icazə veriləcək? Əks halda hansısa problem yaranmayacaq?

– Qanun qarşısında hamı bərabərdir. Din xadimlərinin fəaliyyəti ilə bağlı qanunvericilik aktlarında da ziyarətgahla bağlı hansısa istisna yoxdur. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ var.

Azərbaycanda tarixi kökü olan, əhali tərəfindən böyük ehtiramla yad edilən, məsələn, Bakıdakı “Mir Möhsün ağa” və “Bibiheybət”, Gəncədəki “İmamzadə” və digər belə ziyarətgahlarda məscidlər mövcuddur. Qanunvericiliyə uyğun olaraq onların dini icmaları dövlət qeydiyyatına alınıb, eyni zamanda, həmin ibadət evlərinə din xadimləri təyin edilib. Yəni tarixi kökü olan, dini icması dövlət qeydiyyatından keçmiş ziyarətgahlarda din xadimlərinin təyin edilməsi və ya vəzifəsindən azad olunması ilə bağlı ənənə mövcuddur. Gələcəkdə bu istiqamətdə hansısa problemlərin olması gözlənilmir.

Tarixi kökü olmayan, əhalinin dini biliklərinin az olmasından yararlanaraq yaradılmış, xüsusilə ailələrin nəzarətində olan ziyarətgahlara gəlincə, onların mütləq əksəriyyəti şəxsi evlərdə yaradılıb. Belə yerlərin çoxu mövsümi fəaliyyət göstərir. Son illərdə belə ziyarətgahlara inamın azaldığı, hətta bəzilərinin fəaliyyətinin dayandığı müşahidə olunur. Burada əhalinin dini biliklərinin artmasının xüsusi rolu var. Çünki bilgisizlikdən “ziyarətgah” dediyimiz bu yerlərin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Əslində onlar cəhalət və xurafatın məhsuludur. Həmin ziyarətgahların gələcəkdə öz varlıqlarını qoruması gözlənilmir. Buna görə də, onlara din xadimi təyin edilməsi zərurəti yaranması da proqnozlaşdırılmır.

– Dini biliklərdən söz düşmüşkən, qəbiristanlıqlarda fəaliyyət göstərən bəzi din xadimlərinin dini savadları ilə bağlı şübhələr var. Onların fəaliyyəti hansısa formada yoxlanılacaqmı? Ümumiyyətlə, həmin şəxslərin məzarlıqlarda bu cür fəaliyyətinə icazə verilməsi nə dərəcədə doğrudur?

– Son illərdə bu istiqamətdə müsbət tendensiya baş verir. Əksər yaşayış yerlərindəki məzarlıqlarda dini ayinləri rəsmi din xadimlərinin icra etdiyi müşahidə olunur. Lakin böyük şəhərlərin qəbiristanlıqlarında az da olsa xalq arasında “ara mollası” deyilən həmin şəxslərin dini ritualları yerinə yetirməsi halları olur. Əslində, onların heç biri din xadimi deyil, əksəriyyətinin müvafiq dini təhsili yoxdur. Düşünürəm ki, dini sahədəki kadr hazırlığında kəmiyyət və keyfiyyət göstəriciləri yüksəldikcə belə hallar aradan qalxacaq.

– Paytaxt qəbiristanlıqlarında yer çatışmazlığı məsələsi də var. Eyni zamanda, məzar daşlarının vahid standartlarının yaradılacağı deyilmişdi. Bu istiqamətlərdə hansısa işlər aparılır?

– Qəbiristanlıqlarla bağlı məsələlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2018-ci ilin dekabrında təsdiqlənmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” ilə tənzimlənir. Həmin qaydalarda yeni məzarlıqların salınması, o cümlədən qəbirüstü abidələrin standartları ilə bağlı bəndlər geniş şəkildə əksini tapıb. Hazırda qəbiristanlıqların mütləq əksəriyyəti bələdiyyələrin balansındadır. Eyni zamanda, onların idarə olunması bələdiyyələrə həvalə olunub.

Qəbiristanlıqlardakı yer çatışmazlığı barədə bir paytaxt sakini kimi qeyd etməliyik ki, bu ümumi mənzərəni əhatə etmir. Ümumi götürdükdə Bakı şəhərində qəbir yeri çatışmazlığı yoxdur. Vaxtaşırı yeni məzarlıqlar üçün yer ayrılır. Yer çatışmazlıqları əsasən şəhərin mərkəzinə yaxın olan qəbiristanlıqlarda müşahidə olunur. Hansı ki, onların ərazisini genişləndirmək mümkün deyil.

– Yas mərasimlərinin dəbdəbəli keçirilməsinin qarşısının alınması istiqamətində hansısa tədbirlər həyata keçiriləcək? Ümumiyyətlə, bunun qarşısının müəyyən qanunlar vasitəsilə alınması mümkündür? Yoxsa sadəcə maarifləndirmə yolu ilə həll edilə bilər?

– Qəbir daşı standartları, məzarlıqlarda dini fəaliyyət və yas mərasimlərindəki dəbdəbə – bunların biri digəri ilə bağlı məsələlərdir. Hər üçü haqqında danışılarkən dinə tez-tez istinad edilməsinə baxmayaraq, əslində onların hər üçü də bilgisizlikdən, cəhalətdən qaynaqlanır. Ümumiyyətlə, bunlar yalnız dini məsələ deyil, eyni zamanda, cəmiyyətdəki sosial-mədəni prosesin tərkib hissəsidir. Belə adətlərin yaranmasında tariximizdəki milli-mənəvi dəyərlərimizə qarşı repressiv yanaşmaların, öz maddi maraqları naminə əhalinin dini savadsızlığından istifadə edən din xadimlərinin və öz sosial statusunu, yəni fərqlənmək və üstünlük hissələrini bu yolla göstərmək istəyən insanların da rolu var. Məsələn, Sovet dövründə dinə qarşı aparılan siyasət nəticəsində nüfuzlu, savadlı din xadimlərinin əksəriyyəti repressiyaya məruz qalıb və ya sıxışdırılıblar. Dini həyatı yaşamaq demək olar ki, yas mərasimlərində mümkün idi. Belə vəziyyətdə, məhdud imkanlarla yas və dəfn mərasimləri, eləcə də qəbir daşı məsələsində yeni adətlər, xurafat elementləri meydan gəlib.

Artıq illərdir qeyd edilən istiqamətlərdə maarifləndirmə işləri həyata keçirilir. Bunun nəticəsində yas mərasimləri ilə bağlı bir sıra adətlərdə dəyişikliklər baş verib. “Yeddi”, “cümə axşamı” və s. bu kimi mərasimlər əksər şəhər və rayonlarımızda keçirilmir. Yüzlərlə şəhər, rayon və kəndlərimizdə ehsan süfrələri hazırda çay və halvadan ibadətdir. Ehsan süfrələrindəki əvvəlki israfçılıq, ümumiyyətlə, müşahidə olunmur. Bu gün istənilən qəbiristanlıqda “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın standartlarına uyğun qəbir daşlarını görmək mümkündür.

Eyni zamanda, din xadimlərinin bilik səviyyəsinin artırılması və onların sosial problemlərinin həlli istiqamətində də ciddi işlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb ki, onlar dini mühitdəki xarici təsirlərin, neqativ tendensiyaların və yad mədəniyyətlərin din adı altında ölkəmizdə yayılmasının qarşısının alınmasında, həmçinin, dini maarifləndirmə işində mühüm rol oynayırlar. Bunlarla yanaşı, din xadimlərinin təyinatı ilə qanunvericilikdəki dəyişikliklər, onların fəaliyyəti və qəbiristanlıqların idarə edilməsi ilə bağlı sözügedən qaydalar qəbul olunub.

Ümumilikdə, görülən işlər, yəni, qanunvericiliyin təkmilləşdirilməsi və din xadimlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı tədbirlər kompleks mahiyyətlidir, dini sfera və onunla əlaqəli sahələrdəki mənfi halların aradan qıldırılmasına ciddi təsir göstərib. O cümlədən də yas mərasimlərinə. Bu gün yas mərasimlərində dini ayinləri, əsasən, rəsmi din xadimləri yerinə yetirir. Onların üzərinə düşən əsas vəzifələrdən biri də yas mərasimlərində xurafat və dinlə əlaqədar olmayan elementlərə qarşı maarifləndirmə işi aparmaqdan ibarətdir.

– Nəzir qutularına nəzarət hansı formada həyata keçirilir, toplanan nəzirlər necə istifadə olunur, nəzir qutularına nəzarət həmin məscidin icmalarındadır. Burada şəffaflıq necə qorunur? Nəzirlərin onlayn formada toplanması üçün də prosedur hazırlanmalı idi. Vəziyyət nə yerdədir?

– Qanunun 18-ci maddəsinə görə dini qurumlar ianələr qəbul edə bilərlər. Bu gün ianələr elə məscidlərin dini icmaları tərəfindən toplanır. Müşahidələrimizə görə, əhali hələ də nəzir və sədəqələrini nağd şəkildə verməyi üstün tuturlar. Bunun səbəblərindən biri ənənədirsə, digər səbəbi dini icmalarımızın texniki olaraq elektron ödənişləri qəbul etməyə hazır olmamasıdır. Bu istiqamətdə ciddi maarifləndirmə işinə ehtiyac duyulur.

Dini qurumlar topladıqları ianələrdən xeyriyyəçilik və mədəni-maarif istiqamətində, eləcə də ibadət evlərinin təsərrüfat və kommunal xərclərinin ödənilməsinə sərf edə bilərlər. Təbii ki, dini icmalar ianələrin mənsub olduqları dinin prinsiplərinə uyğun yığılması və xərclənməsində mənəvi məsuliyyət daşıyırlar. Eyni zamanda, qeyd etməliyik ki, ianələr dini qurumların institutlaşması, həmçinin əhatəli fəaliyyəti üçün vacib amillərdəndir.

Məsələnin qanunvericilik tərəfinə gəlincə, dini qurumlar maliyyə əməliyyatları zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanunvericilik aktlarına riayət etməlidirlər. Hazırda ianələrin toplanması və xərclənməsi ilə bağlı bəzi təkliflər verilib. Bu sahənin tənzimləməsi üçün müvafiq qaydanın hazırlanması üzərində müzakirələr aparılır.

– Son illərdə müzakirə olunan məsələlərdən biri də azanın öz dilimizdə oxunması, namazın öz dilimizdə qılınmasıdır. Buna münasibətiniz necədir?

– Azanın, eləcə də namazdakı surə və duaların Azərbaycan dilində oxunması ilə bağlı çağırışlar vaxtaşırı gündəmə gəlir. Xüsusilə də, dini vəziyyətdə hansısa problemlər yarandıqda belə müzakirələr daha çox olur. İlahiyyatçıların əksəriyyəti birmənalı olaraq bunun əleyhinə çıxır. Quranın ərəb dilində nazilinin Allahın təqdiri olduğunu bildirirlər. Eyni zamanda, bunun dini həmrəyliyi zədələyəcəyini deyənlər də var. İbadətlərdə milli dillərdən istifadənin tərəfdarları mənasını bilmədən oxunan surə və duaların dini cəhətdən bir anlam ifadə etmədiyini deyirlər. Bəziləri isə İslam dinində ibadətlərin hansısa dildə oxunması şərti olmadığını iddia edirlər. Fikrimcə, bu gün dindarlarımızın əksəriyyəti azanın, ibadətlər zamanı oxunan surə və duaların mənasını bilirlər. Eyni zamanda, azan tarixən ərəb dilində oxunub, dünya həmişə bu ənənəyə sadiqlik nümayiş etdirib, onu dini həmrəyliyinin simvolu kimi qoruyub saxlayıb. Bu gün bu ənənənin dəyişməsinə ehtiyac yoxdur.

Məsələnin hüquqi aspekti barədə bildirməliyik ki, Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də, digər qanunvericilik aktlarında insanların, vətəndaşların dinə münasibəti, dini yaşam tərzi vicdan və özünü ifadə azadlığının tərkib hissəsidir. İnsanlar hansısa dini seçib-seçməməkdə azaddırlar. Onları zorla hansısa dinə sitayiş etməyə və ya dini ayinləri yerinə yetirməyə məcbur etmək yolverilməzdir. Eyni zamanda, Konstitusiyamıza görə dinin dövlətdən ayrı olduğunu vurğulamalıyıq. Məsələyə həm dini, həm də hüquqi prizmadan baxdıqda, vahid mövqeyi görürük: dini inanc insanın vicdan məsələsidir və səmimi hisslərinə söykənir. İnancını ifadə etmək forması onun azadlığının tərkib hissəsidir.

– Hazırda Vasim Məmmədəliyev və Ziya Bünyadovun Qurani-Kərim tərcüməsi daha məşhurdur və çox yayılıb. Bundan başqa, Əlixan Musayev və Nəriman Qasımoğlunun da tərcümələri var. Quranın daha mükəmməl şəkildə yenidən tərcüməsi nəzərdə tutulub?

– Bizə məlum olan tarixi mənbələrə görə, Quran Azərbaycan dilinə ilk dəfə Ağqoyunlular dövründə tərcümə edilib. Ötən əsrdə Mir Məhəmməd Kərim ağa və Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi tərəfindən müqəddəs kitab doğma dilimizə tərcümə olunub və yayılıb.

Vasim Məmmədəliyev və Ziya Bünyadovun tərcüməsi bir sıra məsələlərə görə, xüsusilə də Sovet dövründə ərsəyə gəldiyi üçün xalqımızın qəlbində xüsusi yer tutub. Ona dinimiz, milli-mənəvi dəyərimiz uğrunda mübarizənin simvolu kimi baxmışıq. Bundan sonra Nəriman Qasımoğlu, Tariyel Həsənov və digərləri tərəfindən Quran tərcümə olunub. Ümumiyyətlə, Quranın mükəmməl tərcümə edilməsi mübahisəli məsələdir. Bu yalnız Azərbaycan dilinə tərcümə ilə bağlı deyil. Digər dillərə tərcümə ilə bağlı da oxşar problemlər var. Əslində, subyektiv yanaşmalar Quranı ərəbcə oxuyanlar arasında da mövcuddur. Təəssüflə qeyd etməliyik ki, bunun dilçiliklə yanaşı, məzhəbçilikdən qaynaqlanan səbəbləri mövcuddur.

Ümumiyyətlə, müsəlman alimləri Quranın tam olaraq başqa dillərə tərcüməsinin mümkün olmayacağını deyirlər. Belə iddiaların yanlış təfsirlərə və fikir ayrılığına səbəb olacağından ehtiyat edirlər. Belə reallıqlar çərçivəsində istənilən tərcümə tənqidlərə və subyektiv mülahizələrə məruz qalacaq. Ancaq bunun Qurani-Kərimlə insanlar arasında keçilməz səddə çevrilməsi yolverilməzdir. Quranın milli dillərə tərcüməsinə qarşı çıxmaq və onun haqqında xurafatlar yayılması bu gün müsəlmanların çoxunun Qurandan uzaq düşməsinə səbəb olub və onları həqiqətləri vasitəçilərdən öyrənməyə məcbur qoyub. Nəticədə coğrafiyadan və siyasi mühitdən asılı olaraq İslama daha dərin və barışmaz münasibət yaranmasına gətirib çıxarır.

Adlarını qeyd etdiyimiz şəxslərin, ümumiyyətlə, bu gün dünyadakı tərcümələrin əksəriyyəti məna baxımından tərcümələrdir. Belə tərcümələr dindarların əqidəsinin kamilləşməsində müstəsna rol oynayır. Onlar arasında həmrəyliyi gücləndirir, onları kənar təsirlərdən qoruyur. Hər bir müsəlman mütləq anladığı və dərk etdiyi dildə Quranı oxumalıdır. Hər bir evdə Quranın orijinal mətni ilə yanaşı, onun tərcüməsi də olmalıdır. Çünki Quran İslam dininin ilk və toxunulmaz mənbəyidir. Allah onu bizlərə oxuyaraq və dərk edərək yaşamaq üçün göndərib.

Dövlət Komitəsi daim bu məsələyə önəm verib. Dəfələrlə Qurani-Kərim tərcümələrini nəşr etdirib, dini icmalar və inanclı insanlar arasında paylayıb.

– Quru sərhədləri açıldıqdan sonra xaricə dini turların sayının artacağı istisna edilmir. Xaricdəki dini ibadət yerlərinin siyahısı tərtib olunacaqdı. Belə bir siyahı hazırlanıb?

– Xarici ölkələrdəki müqəddəs məkanlara səfərlərin tənzimlənməsi, bu sahədə nəzarətin təminatı önəmli məsələlərdəndir. Dini turizmini turizmin digər növləri ilə eyniləşdirmək doğru deyil. Marşrut xətlərinin təhlükəsizliyi və zəvvarların sağlamlığının sığortası – xüsusilə əlamətdar mərasimlər zamanı – ən ciddi problemlərdəndir. Dəfələrlə vətəndaşlarımızın viza, hotel, nəqliyyat və digər xidmətlərə görə aldadılması və hüquqlarının pozulması ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda, səfərlər zamanı bəzi radikal-ekstremist dairələr və xarici xüsusi xidmət orqanları tərəfindən ölkəmiz əleyhinə vətəndaşlarımızın əməkdaşlığa cəlb edilməsi halları baş verib.

Bildiyiniz kimi, dini turizm sahəsinin tənzimlənməsi məqsədilə 2021-ci ilin may ayında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa 6.1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, xarici ölkələrdə yerləşən və müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətlərinin müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirildiyi bildirilib. Lakin pandemiya şərtlərinə görə bu sahədə işlər dayanıb. Hazırda dini turizmin təşkili ilə bağlı qaydaların hazırlanması istiqamətində müzakirələr aparılır. Əsas hədəf isə ziyarətlər zamanı vətəndaşlarımızın hüquqlarının müdafiəsi və din sahəsindən ictimai təhlükəsizliyimizə gələ biləcək təhdidlərin qarşısının alınmasıdır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir