Azərbaycan Müdafiə Nazirliyi Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə məlumatları hər gün yeniləyir.
Siyahı son deyil və açıqlanan rəqəmlər regionu sözün hər mənasında barıt çəlləyinə çevirmək cəhdlərinin aşkar nişanələrini göstərir.
Ən çox artilleriya qurğuları, raketlər, zirehli texnikalar, hava hücumundan müdafiə vasitələrindəki say nisbəti Qarabağda təhdid mənbəyinin geniş ərazilərə sıçraması üçün tramplin olması faktını qeyd edir.
Azərbaycan bu dəlilləri saxlayır, ələ keçirdiyi qənimətlərin siyahısını açıqlayır, bu məsələ beynəlxalq terrorizmlə mübarizə çərçivəsində rəsmi Bakının oynadığı rolun əhəmiyyətini artırmalıdır.
Belə ki, Azərbaycan regionda silah-sursat anbarlarının məhvini həyata keçirməklə və digərlərinin müsadirəsini reallaşdırmaqla, separatçılıq və terrorçuluq əməllərinin qarşısını almaqla beynəlxalq aləmin diqqətini qlobal təhdidin tərkib hissəsinə yönəltmək yolunda əhəmiyyətli faktlar toplayır.
Bu əşyayi-dəlillərə beynəlxalq terrorizmə qarşı mübarizə aparan və ya ən azından belə görüntü yaradan hər bir güc diqqət yetirməlidir, Azərbaycanın hərəkətlərinin nəticələrini alqışlamalıdır.
Deməli, bu qədər silah-sursat və texnikanı regiona cəmləyən Ermənistanın beynəlxalq hüquqi prosedurlarla cəzalandırılması prosesi önə çıxa bilər.
Əgər beynəlxalq hüquq zərrə qədər də olsa işləyirsə, onda Azərbaycanın axtarışa verdiyi şəxslərin mühakiməsi üçün lazım olan prosedurlar dəstəklənə bilər.
Çünki regiondakı cəbbəxanalar bir ilin, beş ilin yox, 30 illik işğalçılıq siyasətinin nəticələridir – bunu qurub yaradan Robert Koçaryan, Serj Sarqsyan kimi ideoloqlar, icraçılar cəzaya layiqdirlər.
Ona görə də fikirləşmək olar ki, Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistanı müttəhim kürsüsündə oturtmaq üçün yeni dalğa başlada bilər.
Aqşin Kərimov
www.102info.az