Rusiya hökuməti 30-dan çox dost və neytral ölkənin kredit təşkilatlarına və brokerlərinə özünün valyuta, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə verib ki, bunlardan biri də Azərbaycandır.
Bəs Azərbaycanın dövlət və özəl sektoru bu qərardan hansısa formada faydanala bilərmi?
Bu liberallaşma ölkəmizə təsir edəcəkmi? “resmixeber.az” mövzunu iqtisadçı-ekspertlərlə müzakirə edib.
Embarqo aradan qaldırılıb
Onlardan biri – Rəşad Həsənov deyir ki, son qərar Rusiya maliyyə bazarlarında Azərbaycan rezidentlərinin fəaliyyət hüququnun bərpa edilməsi deməkdir. “Yəni bu istiqamətdə embarqo aradan qaldırılıb. Rusiyada həm Azərbaycan Mərkəzi Bankı, həm kommersiya bankları, həm də digər qurumları valyuta və törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirə biləcəklər və beləliklə daha əlverişli vəziyyətlərin qiymətləndirilməsi üçün müəyyən imkanlar formalaşır”.
Onun sözlərinə görə, liberallaşma Azərbaycan banklarına Rusiya rublunun alışı ilə bağlı sərbəst davranmağa, bu sahədə tətbiq etdikləri məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək:
“Çünki onlar üçün alternativ imkan yaradılıb, konvertasiya imkanları genişləndirilib, valyutanı daha əlverişli şərtlərlə konvertasiya edə bilərlər”.
Əlavə investisiya imkanları yaranıb
Digər iqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, Rusiya hökumətinin qərarı Azərbaycanın hüquqi və fiziki şəxsləri üçün əlavə investisiya imkanları yaradıb:
“Həm şirkətlərimiz, həm də vətəndaşlarımız Rusiya birjalarında sərbəst şəkildə valyuta, səhm, istiqraz və digər qiymətli kağızları alıb sata bilər. Amma düşünmürəm ki, bu istiqamətdə nəzərəçarpacaq dərəcədə investisiya qoyuluşu olacaq”.
Azərbaycan valyuta bazarı bundan təsirlənməyəcək
Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, bu qərar Azərbaycanın valyuta bazarına əhəmiyyətli təsir göstərməyəcək:
“Qərar ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına, milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəldilib”.
www.RESMIXEBER.az