Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasına səfəri Cənubi Qafqazda aşkar və gizli ambisiyalar həyata keçirənlərə qarşı mənalı cavabdır.
Azərbaycanla Türkiyə regionda revizionist məqsədləri iflasa uğradıb yüksəksəviyyəli və çoxtərəfli əməkdaşlıq formatı qurmaqda ritorikalarını gücləndirirlər – Ərdoğanın Naxçıvanda Prezident İlham Əliyevlə müzakirələrinin qayəsinə həmin prizmadan baxmaq məntiqəuyğun olardı.
Bakı ilə Ankara sülh və təhlükəsizliyə töhfə verəcək çoxtərəfli əməkdaşlıq platformasını təşviq etmək üçün regionda genişmiqyaslı əlaqə körpüsü qurmaq niyyətini göstərirlər.
Ərdoğanın Naxçıvana səfəri zamanı həmin niyyət İğdır-Naxçıvan qaz xəttinin təməlinin qoyulması ilə göstərildi.
Şərqi Anadolu Təbii Qaz Əsas Xətti üzərindən çıxış alan İğdır Qaz Boru Kəmərinin davamı Naxçıvana qədər uzanacaq. Naxçıvana qədər olacaq boru kəmərinin uzunluğu 85 kilometrdir, bununla da Muxtar Respublikanın təbii qaza olan tələbatı tamamilə qarşılanacaq.
Enerji sahəsindəki bu əməkdaşlıq bütövlükdə Azərbaycanın, o cümlədən Muxtar Respublikanın müdafiə vəziyyətində Türkiyənin, onsuz da, güclü olan qarantiyasını enerji faktoru ilə daha da gücləndirir.
Ərdoğanın səfəri ilə bağlı gündəliyin qlobal teatrdakı nüvəsinin içərisinə girəndə meydana daha böyük nüfuz dairəsinin atıldığını sezmək elə də çətin olmamalıdır.
Fikir verək, Əliyev Ərdoğanla mətbuata birgə bəyanatında yeni qaz-boru kəmərinin əhəmiyyəti haqqında bəyanat verdikdən sonra Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını da tarixi hadisə kimi qiymətləndirdi.
Qeyd edilən dəmir yolu Çinin qlobal sferaya nüfuzunu dərinləşdirən Şərq-Qərb Nəqliyyat Marşrutunun Orta Dəhlizdəki mühüm komponentinə çevrilir.
Həm enerji, həm də dəmir yolu layihələri regionda alternativ oyunçu olan Çinin ABŞ və Rusiya qarşısındakı müəyyən uğurlarının siqnalıdır – bu amil Bakı-Ankara tandemindəki strateji maraqlara əhəmiyyətli dərəcədə cavab verir.
Proses Azərbaycanın Ermənistan üzərində qələbəsinin məntiqi davamı olaraq Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələri fonunda qabarıqlaşır.
Təsadüfi sayıla bilməz ki, Əliyev Ərdoğanla məhz antiterror tədbirləri bitdikdən sonra görüşdü. Bunun müstəsna əhəmiyyəti – liderlər Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsinin ardından yarana biləcək regional nəticələri müzakirə edir və strateji müttəfiqlik maraqları naminə yeni yol xəritəsi müəyyənləşdirirlər.
Bu mənada Əliyevin bir daha Qərbi Zəngəzurun Azərbaycandan qopardılıb Ermənistana verilməsini xatırlatması üç aspektin tutumunda işıqlanır.
Birincisi, Azərbaycan-Ermənistan sülh danışıqlarındakı gündəlikdə Əliyevin Qərbi Zəngəzura qayıdışla bağlı diktələrinin məzmunu açılır.
İkincisi, Türkiyənin son vaxtlar Zəngəzur dəhlizinin açılması ilə əlaqədar güclənən ritorikasının perspektiv layihələndirilməsi təsiredici mexanizm kimi üst səviyyəli real nəticələrə hesablanır.
Üçüncüsü, Naxçıvan və Türk Dövlətləri Təşkilatı mövzusu xüsusi şəkildə gündəliyə oturur.
Təbii ki, mövcud və gələcək risklər Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı dövriyyədə tutulacaq. Buna görədir ki, Əliyevlə Ərdoğan regionda arta bilən təhdidlərin kanallarını bağlayacaq vasitələrdən biri kimi əhəmiyyət qazanacaq Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışını etdilər.
Hərbi kompleks Azərbaycanın özünü qorumaq vasitəsinin tərkib hissəsidir. Bu, Azərbaycanın suverenlik və ərazi bütövlüyü normalarında böyük pay almasının indikatoru kimi həm rəmzi, həm də praktiki əhəmiyyətə sahibdir.
Ümumilikdə Ərdoğanın Naxçıvana gəlməsinin doğura biləcəyi regional nəticələri belə təsnifatlandıra bilərik:
1. Türkiyə Azərbaycanın yanında olmaqla açıq və güclü dəstəyini regionda yaranmış mənzərənin fonunda bir daha nümayiş etdirir. Bu, regionda işğalçılıq siyasətinə, onun körüklənməsinə Ankaranın neytral qalmayacağını, əksinə, mühüm təcrübi addımlar atacağını anons edir;
2. Bu əlaqənin komponenti regionda yeni nəqliyyat və enerji layihələrinin təyinatı ilə möhkəmlənəcək;
3. Zəngəzur dəhlizi proyektinin icrası üçün yaranmış regional şərait qlobal tələbatın tərkib hissəsi kimi sürətli fazaya daxil ola bilər;
4. Naxçıvanla əlaqədar yeniliklər Türk Dövlətləri Təşkilatının regional çərçivələrini qlobal miqyasa doğru itələyən xarakterə sahibdir.
Aqşin Kərimov
www.RESMIXEBER.az