MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Prof.Dr. Fəridə Səfiyeva ilə gőrűşűb

Baş səhifə

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisdə növbəti vətəndaş qəbulu günündə Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor-doktor Fəridə Səfiyeva ilə görüşüb.

Xanım professor xaricdə yaşayan azərbaycanlılar, respublikamızın təhsil ocaqlarındakı rus bölmələrinin şagirdləri üçün yazdığı “Azərbaycan dili” dərsliklərini, eləcə də, görkəmli alim, 43 yaşında əbədiyyətə qovuşmuş Akademik Heydər Hüseynov haqqında yazdığı sənədli əsəri – “Bir ömrün iziylə” kitabını Komitə sədrinə təqdim edib.
F.Səfiyeva Qərbi Azərbaycan İcmasındakı çalışmaları haqqında da Komitə sədrinə məlumat verib.
Professor Səfiyeva ilə Şamaxıda keçirilən “Azərbaycan dili və Ədəbiyyatı Forumu”nun açılış mərasimində apardığı müzakirəni xatırladan Q.Paşayeva, onun doğma dilimizin interaktiv şəkildə öyrədilməsi, xüsusi cədvəllər, diaqramlar və məzmuna xidmət edən digər sxemlər təqdim edərək təsirli tədris formulları tapdığını qədirşünaslıqla vurğulayıb. Özəlliklə xaricdə Azərbaycan dilinin tədrisi, Dünya azərbaycanlılarının uşaqlarına Azərbaycan dilinin öyrədilməsi metodikasını, habelə rus bölmələrinə təhsil alanlarçün yazdığı kamil “Azərbaycan dili” dərsliyini bir model, örnək olaraq xarakterizə edib.
F.Səfiyevanın Qərbi Azərbaycan İcmasındakı çalışmalarını da təqdirlə vurğulayan Q.Paşayeva ona yaradıcı və ictimai fəaliyyətində yeni uğurlar diləyib.
Komitə sədrinin professorla görüşündə razılıq əldə olunub ki, görkəmli filosof Heydər Hüseynovun anadan olmasının 115-ci ildönümü münasibəti ilə Bakı şəhərinin mədəniyyət müəssisələrindən birində anım gecəsi keçirilsin və F.Səfiyevanın akademik haqqında sənədli əsəri gecə iştirakçılarına təqdim olunsun.

Əlavə edək ki, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva
1987-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1997-ci ildə “Bəxtiyar Vahabzadənin dramaturgiyası” mövzusunda fəlsəfə doktorluğu, 2012-ci ildə “Nəbi Xəzrinin yaradıcılığında fərdi üslub və poetika problemləri” adlı doktorluq dissertasiyasını uğurla müdafiə edib. 1999-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dədə Qorqud Elmi Mərkəzində baş elmi işçi vəzifəsində çalışıb. 2001-ci ildən Azərbaycan Dillər Universitetinin Ədəbiyyat tarixi kafedrasının müəllimi, dosenti, 2005-ci ildən 2018-ci ilə qədər “Azərbaycan ədəbiyyatı” kafedrasında müdiri olub. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbiyyat və dillər” kafedrasına başçılıq edir. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Fəridə Səfiyeva 8 kitab, 60-dan çox elmi məqalə, konfrans məruzəsi və tezisin müəllifidir. Məqalələrin bir qismi Türkiyə, Ukrayna və Rusiyanın nüfuzlu dərgilərində çap olunub. Müxtəlif beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış edib. 2011-ci ildə Türkiyədə keçiriən “Eğitimdeki gelişmeler və kültürel paylaşım semineri”nin iştirakçısı olub.
Polşa dövlətinin və Azərbaycanın Polşadakı səfirliyinin sifarişi ilə nəşr olunan “Azərbaycan dili” dərsliyi (“Materialy didaktyczne do nauki jezika Azerbeyjdzanskiego”) Polşa universitetlərində geniş istifadə edilir. Nadir arxiv sənədləri əsasında yazılan “Bir ömrün iziylə” kitabı Azərbaycan xalqının elmi potensialının formalaşmasında böyük xidmətləri olan mərhum Akademik Heydər Hüseynovun həyat və fəaliyyətinə həsr olunub. Kitabın ilk təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşkilatçılığı və iştirakı ilə keçirilib. Kitabın yenidən nəşri fondun vəsaiti hesabına gerçəkləşib.
#MilliMeclis

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir