“Səbuhisiz bir il necə keçdi, bilmirəm. Elə hiss edirəm ki, hər dəqiqə yanımdadır. Uşaq evində olanda gözümüz qalırdı pəncərədə ki, nə vaxt buradan çıxacağıq? Kaş elə orada, amma yan-yana qalardıq. Çünki oradan çıxandan sonra biz dərk etdik ki, əsl həyat nə qədər çətin imiş”.
Bu sözləri resmixeber.az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.
O deyir ki, qardaşı barədə keçmiş zamanda danışmaq ona hər zaman ağırdır:
“Bu gün qardaşımla bərabər beş şəhidin anım günüdür. Sözün açığı, bir il o qədər tez gəldi keçdi ki, fikirləşirəm ki, necə yaşadım? Şəhid anaları, ataları ilə burada, məzar başında o qədər zaman keçirdik ki, elə bilirdim, qardaşım yanımdadır. Ürəyimin dərinliyində güləndə, ağlayanda, xoşladığı filmə baxanda elə bilirdim, yanımda oturub, mənimlə birgə baxır. Yoxluğunu hiss eləmədim. Qardaşımı da, məni də bu gün tək qoymadılar. Xalqımız sağ olsun, hər zaman dəstək oldu mənə. Bu elə bir itkidir ki, ailəmiz, əzizimiz olsun deyəndə kimsəmiz yox idi. İndi canımın parçasını itirdim, hamı bizə ailə yaxını kimi davranır”.
Sənan qeyd edib ki, Səbuhi ilə həmişə evlərinin olmasını istəyiblər:
“Allaha hər gün deyirdim, məni qardaşımın yanında utandırmasın. Ata övladına istədiyini edə bilməyəndə necə boynubükük qalar, mən də Səbuhinin yanında eləyəm. Ona ailə mühiti yarada bilmədim, həyat bizi ayrı-ayrı yerlərə sovurdu. Allah bütün şəhidlərə rəhmət eləsin. Qardaşımdan sonra daha bir övladım oldu. Səbuhi qız uşaqlarını çox sevirdi. Mələk adından da xoşu gəlirdi. İkinci qızımın adını Mələk qoyduq. Qardaşım mələk oldu, qızım da onun mələyi olsun”.
Sənan Əhmədov onu da qeyd edib ki, Xətai rayonu Əhmədli qəsəbəsində qardaşı Səbuhi Əhmədovun adını daşıyan küçə əsaslı təmir olunub.
Xatırladaq ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin təxribatı ilə silahlı toqquşma baş verib. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçu olmaqla ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini bildirib.
Müdafiə Nazirliyi növbəti günlərdə həyatını itirən hərbi qulluqçuların sayının artdığını elan edib. Ümumi nəticədə hərbi əməliyyatlar zamanı həyatını itirən hərbi qulluqçuların sayının 80, yaralananların – 282 olduğu bildirilib.
Şəhid Səbuhi Əhmədov SOS uşaq kəndində böyümüşdü.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
www.RESMIXEBER.az