“Valideyn əlavə dil öyrənmək niyyəti ilə uşağı rus bölməsinə qoyur” – AÇIQLAMA + FOTO

Cəmiyyət


2023/2024-cü tədris ili üzrə rus bölməsi üzrə birinci sinfə 11 943, məktəbəhazırlıq qruplarına 5 568 uşaq qəbul olub.

Ötən 2022/2023-cü il tədris ilinin əvvəlində isə rus bölməsinə birinci sinfə 14 989, məktəbəhazırlıq qruplarına 6 168 uşaq qəbul olunub.

Rus bölməsinə hər il olduğu kimi bu ildə xeyli müraciət edənlər var. Ötən ilə nisbətən bir qədər azalma müşahidə olunur. Lakin tələbat var. Buna baxmayaraq rus bölməsi ilə bağlı hər zaman fikir ayrı-seçkiliyi var. Bunu da rus bölməsində müəllim çatışmazlığı və təhsilin zəif olması ilə əlaqələndirirlər.

Bəs görəsən, rus bölməsinə marağın əsas səbəbi nədir?

Mövzu ilə bağlı resmixeber.az-a açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı rus bölməsində təhsil almağa meylin olmasının bir sıra səbəblərini açıqlayıb:

“Təhsil haqqında qanunda dövlət dilimiz Azərbaycan dili ilə yanaşı digər dillərdə də tədrisin təşkili nəzərdə tutulub. Belə dillərdə təşkil olunan bölmələrdən biri də rus bölməsidir. Azərbaycan bölməsində olduğu kimi rus bölməsində də tədris Elm və Təhsil Nazirliyinin hazırladığı və təsdiq etdiyi tədris proqramlarına, dərslik və dərs vəsaitlərinə uyğun olaraq həyata keçirilir.

Ölkəmizdə rus bölmələrində təhsil almağa meylin olmasının bir sıra səbəbləri var. Valideynlər elə hesab edirlər ki, dövlət büdcəsi ilə maliyyələşən məktəblərdə övladları əlavə dilə yiyələnəcəklər. Valideynlər övladının gələcəyi barədə düşünürlər. Düşünürlər ki, onlar orta məktəbi bitirdikdən sona bəlli bir ərazidə ölkəmizdən xaricdə gedib, işləyə bilərlər. Dil bilmək yaxşı olsa da, amma təhlükəsizliyimiz baxımından bəzi təhdidlər doğura bilir. Bu, müəyyən qurumlar üçün münbit şəraitin yaradılması deməkdir.  Hesab edirəm ki, bu sahədə geniş təbliğat işlərinin aparılmasına ehtiyac var”.

Təhsil eksperti Qoşqar Məhərrəmov cəmiyyətimizdə ana dilinin əhəmiyyətini başa düşməyən bir qrup insanların olduğunu qeyd edib:

“Ana dili milli vətənpərvərlik cəhətdən önəmlidir. Uşaq ilk vaxtlarda ana dilində təhsil almadıqda daha sonra fənni mənimsəyə bilmir. Uşaq bilmədiyi dildə məktəbə başlayanda ona bir-iki il vaxt lazımdır ki, mənimsəsin. Bu barədə şahidi olduğum hadisə də var. Valideyn əlavə dil öyrənmək niyyəti ilə uşağı rus bölməsinə qoyur. Özləri də bəzən heç evdə rus dilində danışmırlar. Uşaq da rus dilini bilmir. Nəticədə dili öyrənə bilmir”.

“Rus dilini xarici dil kimi öyrənmək lazımdır. İnsan nə qədər çox dil bilsə, yaxşıdır. Sırf əlavə dil bilmək cəhətdən qoymaq aktuallığını itirmiş fikirdir. İnsanın ana dilində danışması çox vacibdir. Dünyanın bütün ölkələrində belədir. Ana dilinə sahib çıxırlar. Bir çoxları başa düşmürlər. Başa düşmədikləri üçün bu addımları atırlar. Valideynləri maarifləndirmək lazımdır ki, rusdilli bölmələr rusdillilər üçündür. Rus dili öyrənmək üçün deyil. Düşünürəm  ki, Azərbaycan bölmələrində rus və ingilis dilinin keyfiyyəti artmalıdır. Bilməlidirlər ki, övladları rus bölməsinə getməsələr də, dili öyrənə bilərlər”, – deyə Q.Məhərrəmov əlavə edib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva qeyd edib ki, artıq rus bölməsində təhsil almaq istəyən uşaqlar əvvəlcədən müsahibədən keçirlər:

“Rus bölməsinə daxil olan uşaqlar üçün əvvəlcədən müsahibə var. Əgər uşaq həqiqətən rus dilində sərbəst danışırsa, düşüncələrini və fikirlərini rus dilində izah edə bilirsə, o zaman rus bölməsinə sənəd verə bilərlər. Tamamilə rus dilində danışa bilməyənləri qəbul etmirlər. Komissiya tərəfindən uşağın dil biliyi araşdırılır. Bu hal çox gözəldir”.

K.Əliyeva valideynin dil biliyinin olmamasının uşaqlar üçün gələcəkdə çətinlik yaratdığını əlavə edib:

“Çox vaxt ailədə nə valideyn, nə də uşaq rus dilində danışa bilmir. Gələcəkdə çətinlik yaranır. Evdə də valideyn bilmədiyi üçün övladı ilə məşğul ola bilmir. İndi ölkədə ingilisdilli və fransızdilli məktəblər fəaliyyət göstərir. Valideynlər uşaqlarını həmin məktəblərə göndərirlər. Yəni təkcə tələbat rus bölməsinə deyil.

Ümumiyyətlə, uşaq yaşlarında dili daha tez öyrənmək olur. Hər bir insan da nə qədər çox dil bilsə, o qədər dünyagörüşünə təsiri olacaq. 21-ci əsrdə yaşayırıq. Bununla dünya arenasına daha yaxşı çıxış əldə edə bilərik. Uşaqlar üçün dil biliyinin olması müsbət haldır. Uşağın rus bölməsində və digər dil üzrə məktəblərdə təhsil almasında qəbahət yoxdur. Əksinə nə qədər çox dil bilsələr, bu onların gələcək inkişafına müsbət təsir göstərəcək”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir