Qaçaqmalçılıqda təqsirləndirilən Elçin Dadaşov və Ukrayna vətəndaşı Anton Borodinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“resmixeber.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı Ziya Mansurov işin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmənin baxış iclası sentyabrın 26-na təyin edilib.
Qeyd edək ki, ittiham aktına görə, E.Dadaşov və A.Borodin 9 yanvar 2023-cü il tarixdə Varşava-Bakı aviareysi ilə Polşadan Azərbaycana gəldikdən və Heydər Əliyev Beynəlxalq Aeroportunda baqajlarını götürdükdən sonra zərgərlik məmulatlarını bəyan etməmək və gömrük baxışından yayınmaq üçün gömrük əməkdaşları tərəfindən çantalarına vurulmuş qırmızı lenti sökərək həmin zərgərlik məmulatlarını çantalarından çıxarıblar.
Onlar məmulatları hərəsi öz gödəkcəsinin cibinə qoyub. A.Borodin E.Dadaşovla birlikdə qeyd edilən zərgərlik məmulatlarını həmin tarixdə, saat 4 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirib və üzərlərində şəxsi yoxlama aparılarkən qeyd edilən zərgərlik məmulatları onlardan aşkar edilərək götürülüb.
Hər iki şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
www.RESMIXEBER.az