“Ermənistanın qərbmeyilli siyasəti İranda təhlükəli tendensiya kimi qiymətləndirilir və mövcud reallıqlar fonunda İran Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlı görünür”.
Bunu “resmixeber.az”a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, indiyədək İranla Azərbaycan arasında münasibətlərin normallaşmasına dair bir neçə cəhd müşahidə olunub.
Ekspertin sözlərinə görə, bu istiqamətdə son mühüm addım İran hərbi nümayəndə heyətinin Bakıda Hərbi Qənimətlər Parkını ziyarəti oldu:
“Bir müddət əvvəl İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycanda Qoşulmama Hərəkatı çərçivəsində keçirilən sammitdə iştirak etdi. Burada mühüm görüşlərə qatıldı. Təzəlikcə isə ölkəmizdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair birgə komissiyanın 3-cü iclasının keçirilməsi, həmçinin İran nümayəndə heyətinin Hərbi Qənimətlər Parkı ilə tanış olması xüsusi anlam kəsb edir”.
Müsahibimiz İranın Vətən müharibəsindən sonra ermənipərəst mövqeyi ilə seçilməsinə və son zamanlar onu bu mövqeyindən müəyyən qədər çəkinməyə vadar edən proseslərə də diqqət çəkib.
“İran tərəfi ötən üç il ərzində ermənipərəst mövqeyi ilə seçilib. Bu, Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar çərçivəsində əzələ nümayişini də özündə birləşdirib. Lakin Ermənistanın son dövrlər qərbmeyilli siyasəti – Avropa İttifaqı mülki missiyasının orada yerləşdirilməsi, ABŞ ilə keçirilən hərbi təlimlər hazırkı reallıqlar çərçivəsində İran tərəfindən qıcıqla qarşılanıb. Məhz bu səbəbdən Ermənistanın atdığı addımlar İranda artıq təhlükəli tendensiya kimi qiymətləndirilir”, – deyə o söyləyib.
İ.Hüseynov əlavə edib ki, bu gün həm də Ermənistanla Rusiya arasında kəskin fikir ayrılıqları var:
“Mənə elə gəlir ki, çox yaxşı bir məqam yetişib və Ermənistanın Qərbə meyil etməsi, xüsusilə, NATO ölkələri, Fransa ilə olan yaxınlığı Ermənistanın ərazisində geosiyasi problemlərə yol aça bilər. Bu, bir fürsət kimi nəzərdən keçirilməlidir”.
www.RESMIXEBER.az