Ülviyyə Zülfiqar: “UNESCO-nun müsbət cavabı region tarixinin təhrif edilməməsi baxımından önəmlidir” – FOTO

Siyasət


“UNESCO-nun Qərbi Azərbaycan İcmasına müsbət cavabı regionun tarixinin təhrif edilməməsi baxımından önəmli haldır”.

Bu fikirləri “resmixeber.az”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının (QAİ) sözçüsü Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması həm indiki Ermənistan ərazisindən çıxarılan soydaşlarımızın hüquqlarının bərpası, həm də buradakı irsimizlə bağlı ədalətin təmin olunması istiqamətində beynəlxalq miqyasda apardığı fəaliyyətini davam etdirir:

“Bununla bağlı ötən gün UNESCO-dan icmaya artıq ikinci rəsmi cavab gəlib. Daha əvvəl icma Azərbaycan ictimaiyyətinin də bu quruma göndərmiş olduğu müraciəti təkrarlamaqla Ermənistana maddi irsimizlə bağlı faktaraşdırıcı missiyanın göndərilməsini tələb edən məktub ünvanlayaraq, həmçinin Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi, o cümlədən elə 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış aşıq sənəti barədə məlumat verərək soydaşlarımıza qarşı törədilən insanlıq cinayətləri nəticəsində irsimizə dəyən zərər barədə narahatlığını ifadə etmişdi. Həmin məktuba da qurum tərəfindən müsbət cavab verilmişdi”.

“Bir əraziyə və ya bir millətə məxsus mədəni irsin dağıdılması bütün bəşəriyyətə zərər vurulması deməkdir, çünki bu halda bəşər tarixinin müəyyən bir kəsimi qərəzli şəkildə məhv edilir. Sözügedən hallar, yəni dünya maddi və qeyri-maddi mədəni irsinin qorunması birbaşa UNESCO-nun mandatına daxil olduğu üçün qurum indi də icmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində təşkilatımızın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə icmanın xahişinə müsbət cavab verib”, – o qeyd edib.

İcma sözçüsü əlavə edib ki, bu, həm soydaşlarımızın mədəni irsinin qorunması istiqamətində, həm də regionun tarixinin təhrif edilməməsi baxımından müsbət bir haldır:

“İndiki Ermənistan ərazisində yüzlərlə məscid, onlarla karvansara, qala, tarixi abidələrimiz, qayaüstü təsvirlərimiz, eləcə də beş yüzə yaxın məzarlığımız ya tamamilə dağıdılmış halda, ya da məhv olmaq üzrədir. Salamat qalan abidələrimiz də Göy Məscid kimi başqa ölkəyə məxsusmuş kimi təqdim edilməkdədir. Bu, insanlığa qarşı haqsızlıqdır, ədalətsizlikdir, cinayətdir. Dağıdılan Qərbi Azərbaycan abidələri təkcə bizə yox, həm də dünya irsinə məxsusdur, ona görə də bu abidələrə dünya miqyasında sahib çıxılmalı, yer üzündən tamamilə silinmələrinə imkan verilməməlidir”.

Ü.Zülfiqar vurğulayıb ki, Qərbi Azərbaycan İcması bütün istiqamətlərdə olduğu kimi, irsimizə sahib çıxılması istiqamətində də fəaliyyətini davam etdirəcək, soydaşlarımızın öz ata-baba yurdlarına geri qayıtmaları və orada yaşamaları üçün bütün mümkün siyasi və hüquqi vasitələrdən istifadə edəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir