Ötən gün Şəki rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Aydınbulaq-Aşağı Daşağıl avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib, yolun bəzi hissələrinə və suötürücü borulara ziyan dəyib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, yolun 13-16-cı km-də Şirinbulaq kəndindən gələn sel suları yolun 15-ci km-də yerləşən suötürücü borunu tamamilə palçıq, lil, qum-çınqılla doldurmuş və sel suyu yolun üzərindən aşaraq Əlyar kəndinin daxili yollarını bərbad vəziyyətə salıb.
Aşağı Daşağıl kəndi ərazisində yolun 250 metrlik hissəsində (əsasən yolun 13-16-cı km-də) çiyin hissələri tamamilə yuyulmuş, asfalt örtükdə hissə-hissə dağıntılar meydana gəlib.
Şirinbulaq və Təpəcənnət yollarında suötürücü borular 80% lil və qum-çınqılla dolub.
Agentliyin apardığı təxirəsalınmaz tədbirlər nəticəsində yollarda yaranmış problemlər aradan qaldırılıb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Təbii fəlakət səbəbindən avtomobil yollarında yaranmış fəsadların aradan qaldırılması davam etdirilir.
www.RESMIXEBER.az