“Ermənistanın himayədarları ilə birlikdə BMT Təhlükəsizlik Şurasında (TŞ) yaratmağa çalışdığı növbəti “humanitar böhran” şousu iflasa uğradı. Erməni lobbisinin və onu himayə edənlərin BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək ümidi puça çıxdı və əksinə, proses İrəvanın öz əleyhinə çevrildi. Təhlükəsizlik Şurasında Azərbaycana qarşı birləşmiş şər koalisiyası istədiyini ala bilmədi və diplomatiyamız bu sınaqdan da üzüağ çıxdı”.
“resmixeber.az” xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib. Onun sözlərinə görə, Ermənistanın bütün cəhdlərinə və hazırlıqlarına baxmayaraq, BMT-dəki müzakirələr Azərbaycanın irəli sürdüyü bir sıra təkliflərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi faktını ortaya qoydu:
“Bir çox ölkələrin nümayəndələri açıq şəkildə Ermənistanın humanitar ehtiyaclar məsələsini siyasiləşdirdiyini, Azərbaycanın humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin kifayət qədər adekvat olduğunu qeyd etdilər. Bu faktın özü Ağdam-Xankəndi yolunun humanitar yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasının yeganə vasitə olduğunu təsdiqləmiş oldu. Azərbaycan nümayəndə heyətinin BMT tribunasında Azərbaycana yönəlik saxta iddialara verdiyi tutarlı cavablar erməni yalanlarının beynəlxalq müstəvidə növbəti ifşası kimi tarixə düşdü”.
F.Şahbazlı qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ermənistan və himayədarları anlamalıdırlar ki, Azərbaycanın müstəqil və prinsipial siyasətinə qarşı qurulmuş istənilən çoxkombinasiyalı təxribata, hücuma qarşı ölkəmizin hər zaman alternativ planı və cavabı var:
“Ermənistan və onun himayədarlarının Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurası vasitəsi ilə həyata keçirməyə çalışdığı şantaj planı da güclü Azərbaycan diplomatiyası sayəsində sıradan çıxarıldı”.
www.RESMIXEBER.az