“WhatsApp” və “Instagram” yazışmalarımız gizli izlənilir? – AÇIQLAMA + FOTO

DIN


Son illər vətəndaşlar kiberdələduzlar tərəfindən daha tez-tez aldadılır, onların cinayətlərinin qurbanına çevrilirlər. Sosial şəbəkələr isə həmin şəxslərin ən çox istifadə etdiyi yerlərdən biridir. Çünki onlar sosial şəbəkə istifadəçilərini daha rahat şəkildə aldada, onları müxtəlif bəhanələrlə öz oyunlarına, çirkin əməllərinə alət edə bilirlər.

Sosial şəbəkələr üzərindən yayılan elanlardan birinə diqqət çəkmək yerinə düşər. İstifadəçilərdən biri elan paylaşaraq qeyd edir ki, onlara müəyyən məbləğ ödəniş etdikdən sonra onlar xüsusi proqram vasitəsilə başqalarının “WhatsApp” və “Instagram” yazışmalarını izləyə bilərlər:

“Gizli “WhatsApp” proqramı vasitəsilə 13 fərqli adamın danışıqlarını, zənglərini izləyib, mesajlarını oxumaq mümkündür. Bunun üçün izləyəcəyiniz şəxslərin əlaqə nömrəsinin olması kifayətdir. Siz etiraf etmədiyiniz müddətdə onlar bu izləmədən xəbərdar olmayacaqlar. 12 ay ərzində izləməyə alacağınız adamların hətta 9 ay bundan öncəyə qədər olan yazışmalarını, zənglərini də izləyib mesajlarını oxuya biləcəksiniz”.

 Həmin elanı isə müəyyən ödəniş müqabilində reklama yerləşdirərək çoxsaylı insanların diqqətini çəkməyə çalışırlar. Bəs görəsən elanda paylaşılanlar realdırmı? Belə izləmələr mümkündürmü?

Bununla bağlı resmixeber.az-a açıqlama verən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib ki, sosial şəbəkədə təklif olunan “xidmət” sırf dələduzluq xarakteri daşıyır:

“Meta”nın qəbul etmədiyi fərqli tətbiqlər var. Onlardan biri də “WhatsApp Plus”dur. Bir çox mənfi tərəfləri var. Məlumatları üçüncü tərəfə ötürə bilər. Proqramçılar bu tip tətbiqlər yaradaraq qarşı tərəfin “WhatsApp”ını manipulyasiya edirlər. “Web WhatsApp”dan başqa bir tətbiq ilə şəxsi izləmək mümkün deyil.

“Web WhatsApp” digər proqramlar tərəfindən skan edilərək tərəflərin yazışmalarını üçüncü şəxsə ötürə bilməz. Çünki QR-kodu təsdiqləmək lazımdır. Yəni QR-kodu qarşı tərəf təsdiqləməlidir ki, məlumatlarını görə bilərsiniz. Bu arada cihazlar bölümündə neçə cihazın sizin izlədiyini də görə bilərsiniz. Sosial şəbəkədə təklif olunan məsələ sırf kiberdələduzluqdur. Kiberinsident sayılır”.

Hüquqşünas Turan Abdullazadə gizli “WhatsApp” izləmə proqramının real olduğunu düşünmədiyini qeyd edib:

“WhatsApp” öz istifadəçilərinə  rəsmi məlumat verərək bildirir ki, “mesajlar və zənglər şifrələnir”. Hətta “WhatsApp” da onları oxuya və ya dinləyə bilməz. Belə paylaşımda dələduzluq niyyətinin olması ehtimalı böyükdür. Əvvəla vətəndaşlara məsləhətim ondan ibarətdir ki, bu cür yalanlara inanaraq əziyyət çəkib, qazandıqları gəlirlərini riskə atmasınlar. Hər hansı dələduzluq faktı ilə qarşılaşan vətəndaş bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Dələduzluqla bağlı şikayətlərə yerli polis idarəsi tərəfindən baxılır”.

Hüquqşünas bildirib ki, bu şəkildə dələduzluq edən şəxs azadlıqdan məhrum edilə bilər:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa “Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz. Video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulub.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən  şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir