Xətai rayonunda yaşayan sakinlər narazıdırlar.
resmixeber.az-ın məlumatına görə, onlar bildiriblər ki, rayonun Sabit Orucov küçəsi, 1188-ci məhəllədə yerləşən məktəbin yanındakı yol təhlükə saçır.
Bildirilib ki, piyada keçidi olan işarə görünən yerdə quraşdırılmayıb:
“Hər gün burada qəza baş verir. Ərazidə məktəb var və işarə görünmür. Maşınlar sürətlə keçir və yol-nəqliyyat hadisələri qaçılmaz olur. İndi məktəblərdə tətil olsa da, təxminən bir aydan sonra dərslər başlayan zaman uşaqlar, ətrafdan keçənlər üçün bu yol çox təhlükəli olacaq. Eyni zamanda, ərazidə maşınlar dəfələrlə heyvanları vurub”.
Nəqliyyat üzrə ekspert Adil Nəbiyev resmixeber.az-a açıqlamasında bildirib ki, sürücülər yaşayış evlərinin, məktəblərin olduğu yerdən sürətlə keçməməlidirlər:
“Paytaxtımızın bir çox küçələrində təhlükə saçan, gözdən yayınan işıqfor və nişanlar var. Baş verən yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də budur”.
O qeyd edib ki, paytaxt küçələrində xəbərdarlıq nişanları çox azdır:
“Nişanlar ağacların budaqları və ya görünməyən bir yerdə qalır. Aidiyyəti qurumlar birlikdə hərəkət etməli, nişanları görünən yerdə yerləşdirməli, ağacları budamalıdırlar”.
Məsələ barədə aidiyyəti qurumlara sorğu ünvanlanıb.
İlhamə Əbülfət
www.RESMIXEBER.az