Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası şəhidin nəşinin 31 il sonra tapılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Dövlət Komissiyasından daxil olan məlumatda deyilir:
“Mətbuat nümayəndələrinin çoxsaylı sualları nəzərə alınaraq, I Qarabağ müharibəsində itkin düşdüyü bildirilən şəhid Rəhman Əhliman oğlu Həsənovun cəsədinin 31 ildən sonra tapılması və ekshumasiya edilməsinə dair kütləvi informasiya vasitələrində yayılmış məlumatla bağlı tərəfimizdən araşdırma aparılıb.
Məlum olub ki, Rəhman Əhliman oğlu Həsənov 1992-ci ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşdə qəhrəmancasına həlak olub. Onun nəşi elə həmin vaxt döyüş bölgəsindən götürülərək Laçın rayonu, Suarası kəndində dəfn edildiyi üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyat alınmayıb. Bu günlərdə onun məzarının ətrafında yaxınları tərəfindən təmizlik və abadlıq işləri aparılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası həssas xarakter daşıdığını nəzərə alaraq, itkin düşmüş şəxslər mövzusunda yoxlanılmamış məlumatların yayılmamasını xahiş edir”.
www.RESMIXEBER.az