Beynəlxalq qurumların Xaçatryan “sevgisi”: Erməni cəlladın həbsi Qərbi narahat edib – ŞƏRH + FOTO

Siyasət


Ermənistanın 30 il davam edən işğal siyasətinə, törətdiyi soyqırımlara göz yuman bir sıra Qərb dövlətləri, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar Azərbaycana qarşı yenidən çirkin təbliğata başlayıblar. İşğal altında olan Azərbaycan torpaqlarında uzun illər yol verilən qanunsuzluqlara göz yuman qurumların erməni sevgisi bitib tükənmir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yaratdığı reallığı həzm edə bilməyən həmin ölkə və qurumlar birtərəfli qaydada Ermənistanın və Qarabağdakı separatçı qüvvələrin tör-töküntülərinin müdafiəçisinə çevriliblər.

Həmin qüvvələr bu dəfə Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni cəlladı Vaqif Xaçatryanın müdafiəçisi kimi çıxış etməyə çalışırlar və ermənilərin qaldırdığı səs-küy kampaniyasına da qoşulublar.

Qeyd edək ki, bu şəxs 1991-ci il dekabrın 22-də Xocalının Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı və deportasiyasında mühüm rol oynamış erməni cəlladlarından biridir. Müalicə adı altında Xankəndidən İrəvana getməyə cəhd göstərən terrorçu ilə bağlı neçə gündür ki, erməni tərəfi şou kampaniyasına başlayıb, müxtəlif beynəlxalq təşkilatlara müraciət edib. İlk reaksiyanı isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi verib. Məhkəmə Azərbaycanın səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubda Ermənistan hökumətinin sorğusu əsasında V.Xaçatryanın saxlanması şəraiti və sağlamlıq durumu barədə məlumatın təqdim olunması xahiş edilib.

AİHM-nin bu çağırışı ilə eyni vaxtda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryan Spolyariç-Eqqer arasında telefon danışığı baş tutub. Məlumata görə, tərəflər V.Xaçatryanın həbsini, Laçın yolunun açılması və Qarabağda “humanitar böhran” məsələsini müzakirə ediblər.

Otuz ilə yaxın davam edən erməni işğalı, talanı və zülmü qarşısında ağzına su alıb susan AİHM, BQXK və digər strukturların “operativliyi” təəccüb doğurur.

Birincisi, Azərbaycan torpaqlarında qətliam, soyqırımları törətmiş erməni terrorçuları barəsində kifayət qədər fakt və sübutlar beynəlxalq strukturlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edilib. Erməni quldurlarının bəziləri azərbaycanlılara qarşı cinayətlər törətdiklərini açıq formada etiraf ediblər. Söhbət Xocalı, Meşəli və digər bölgələrimizdə törədilən saysız-hesabsız qətliamlardan gedir. Belə cinayətkarların hansı haqqında cinayət işi açılıb və yaxud başqa hüquqi ölçü götürülüb? Əksər müraciətlər Beynəlxalq Ədalət Məhkəməsinin arxivlərində yatır.

İkincisi, Meşəlidə məhz V.Xaçatryanın başçılığı və iştirakı ilə 25 soydaşımız amansızlıqla qətlə yetirilib. Erməni terrorçu qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından o, Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il 12 noyabr tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xaçatryan erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən, odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan insanları öldürüb.

Üçüncüsü, beynəlxalq təşkilatlar ikili standartlara əsaslanan mövqe tutular, rəsmi Bakının təqdim etdiyi məlumatları deyil, Ermənistanın qərəzli “arqumentlərini” əsas götürürlər. Xaçatryanın həbsindən sonrakı hay-küy Ermənistanın və onun havadarlarının cinayətkarlığı, soyqırımını dövlət səviyyəsində dəstəklədiyini sübut etdi.

Bu gün Ermənistan və ona havadarlıq edən, erməni lobbisindən yemlənən qurumların Xaçatryan sevgisi, onun saxlanmasına etirazları hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil. Ən dəhşətli və utancverici hal ondan ibarətdir ki, bu erməni cəlladına yenə də BQXK yardım etmək istəyib. O, BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb. Rəsmi Bakı bəyan edib ki, Meşəli hadisələri ilə bağlı saxlanan Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur. Onun həbsi də beynəlxalq və milli hüquq normalarına uyğundur və bu təcrübə Azərbaycanın cinayət mühakimə icraatında mövcuddur.

Beləliklə, Azərbaycan daxili işlərinə hər hansı bir müdaxiləni yolverilməz hesab edir və buna qarşıdır. Tək Xaçatryan deyil, onunla birlikdə azərbaycanlılara qarşı soyqırımılara, qətliamlara yol verən şəxslərin axtarılıb tapılması və ədalət məhkəməsi qarşısına çıxarılmasına nail olacaq. Xaçatryan da bu qəbildən sonuncu erməni terrorçusu olmayacaq və buna da hər kəs əmin ola bilər.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir