Qərbi Azərbaycan İcması AŞ-nin Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsi barədə bəyanat yayıb

HƏRBİ


“Avropa Şurasının Baş Katibi Mariya Pejçinoviç Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 2023-cü il 28 iyul tarixli qərəzli bəyanatına cavab olaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasının (AŞ) Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsindən və ikili standartlar nümayiş etdirməsindən ciddi narahatlığını bildirir”.

Bu barədə İcmanın bəyanatında qeyd edilib.

Bildirilib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı cəfəngiyatdır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Azərbaycanın Qarabağ bölgəsində 10 minlik hərbi kontingenti üçün hər vəchlə təchizat yolu axtaran Ermənistan bu mənfur cəhdləri ilə Azərbaycanı şantaj etməyə, Azərbaycanın sözügedən ərazisi üzərində suverenliyini zəiflətməyə və orada separatizm meyllərini gücləndirməyə çalışır.

Bu baxımdan, Ermənistanın “humanitar böhran” barədə saxta rəvayətlərinin Avropa Şurasının son bəyanatında öz əksini tapması təəssüf doğurur.

Ermənistanın etnik təmizləməsindən əziyyət çəkən yüz minlərlə azərbaycanlını özündə birləşdirən Qərbi Azərbaycan İcması 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyona yaxın azərbaycanlıların çəkdikləri iztirablarına məhəl qoymayan Avropa Şurasının ikili standartlarını və riyakarlığını sərt şəkildə qınayır. Xatırladaq ki, Ermənistan kütləvi qovulma və etnik təmizləmə qurbanı olan Qərbi azərbaycanlıları hələ də öz ata-baba yurdlarına qayıtmaq hüququnu rədd edir.

Özünü “insan haqlarının qoruyucusu” adlandıran Avropa Şurası Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalmış yüz minlərlə azərbaycanlıların hüquqlarına biganəliyi fonunda, sözügedən saxta “humanitar böhrana” dərhal diqqət yetirməsi onun qərəzliliyini ortaya qoyur. Bu, Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.

Avropa Şurası qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə qayıtmaq hüquqlarını fəal şəkildə müdafiə etməli və onlara qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasına töhfəsini verməlidir.

“Biz Avropa Şurasını öz mövqeyinə yenidən baxmağa, Ermənistanın yalançı təbliğatını rədd etməyə, azərbaycanlılara qarşı nümayiş etdirdiyi qərəz və ayrı-seçkiliyinə son qoymağa və ədalətə sadiqliyini qorumağa çağırırıq”, – bəyanatda vurğulanıb.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir