Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb:
Müxbir: Müsahibəyə görə minnətdarıq. Biz yalnız üç gündür Bakıdayıq. Ölkənizin və şəhərin nə dərəcədə müasir olması bizdə dərin təəssürat yaratdı və getdiyimiz hər yerdə bir Azərbaycan elementi var.
Prezident İlham Əliyev: Düzdür. İlk öncə, Azərbaycana xoş gəlmisiniz. Gəldiyinizə və ölkəmizə diqqət yetirdiyinizə görə sağ olun. Çox şadam ki, siz Azərbaycanda bir neçə gün olacaqsınız və bu, ölkəmizi və xalqımızı daha yaxından tanımaq üçün yaxşı fürsət olacaqdır. Tamamilə haqlısınız ki, biz şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlayırıq. Eyni zamanda, biz ölkəmizi müasirləşdiririk. Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərsiniz. Zənnimcə, bu, həqiqətən mühüm nailiyyətdir və bunu qeyd etdiyinizə görə sağ olun.
Müxbir: Sizin qədər olmasa da, biz də bir sıra şəhərlərdə olmuşuq. Ancaq Bakı mənim səfər etdiyim heç bir şəhərə bənzəmir.
Prezident İlham Əliyev: Sağ olun.
Müxbir: Cənab Prezident, müsahibəmizin əvvəlində bildirmək istəyirəm ki, bu il mərhum atanız Ümummilli Lider Heydər Əliyevin 100 illiyi qeyd olunur. O, təkcə Ulu Öndər və müasir Azərbaycanın qurucusu deyil, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs olub. Ona görə bir daha onun xatirəsinə ehtiramımızı ifadə edirik.
Prezident İlham Əliyev: Çox təşəkkür edirəm. Tamamilə haqlısınız ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.
Tamamilə haqlısınız ki, o, Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Müxbir: Bir çox çinli izləyici diqqət yetirib ki, atanız Çinə rəsmi səfərləri zamanı rəsmi proqramdan əlavə o, sadə çinli ailələrlə görüşüb və onların həyatı ilə maraqlanıb. Çinli məktəblilərlə görüşüb və bölgələrə səfərlər edib. Buraya biz fotoları gətirmişik və Sizdən xahiş edək ki, bunlarla bağlı əlavə məlumat verəsiniz. Məsələn, bu şəkil 1990-cı illərdə çəkilib. Burada o və çinli ailədir.
Prezident İlham Əliyev: Bəli, düzdür.
Müxbir: Gözəl şəkildir.
Prezident İlham Əliyev: Bəli. Bu, bir daha onu nümayiş etdirir ki, sizin dediyiniz kimi, o, yalnız rəsmi təmaslarla kifayətlənmirdi və xalqlar arasında münasibətlər qurmağa çalışırdı. Bu foto da məhz onu nümayiş etdirir.
Müxbir: Bu fotoda isə o, məktəblilərlə söhbət edir.
Prezident İlham Əliyev: Bəli.
Müxbir: Onlara hədiyyə verir. Xoşunuz gəlirmi?
Prezident İlham Əliyev: Bəli, bu, sizin dediklərinizin aydın təzahürüdür. Sağ olun.
Müxbir: Burada isə Çin səddinə, “Qadağan olunmuş şəhər”ə və digər tarixi yerlərə səfərlər var.
Prezident İlham Əliyev: Bəli.
Müxbir: Atanız Çini və oraya səfərlərini Sizə necə təsvir edirdi? Çin onun üçün nə demək idi və Siz nəsildən-nəslə ötürülmüş bu dostluğun davamını necə görürsünüz?
Prezident İlham Əliyev: Əslində, Çin onun üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi.
Sıravi insanlarla görüşlər isə onun təbiəti ilə bağlı idi. O, burada – Azərbaycanda da hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. Təbii ki, o, Çində, həmçinin sadə insanların həyat tərzi ilə maraqlanırdı.
Beləliklə, bizim ikitərəfli münasibətlərimizin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır.
Müxbir: Biz Bakının müxtəlif yerlərində atanızın heykəllərini gördük və onun adını daşıyan prospektlər, memoriallar var. Zənnimcə, burada Sizin atanıza olan ehtiram və məhəbbətin daha dərin mənası var. Şəxsən Sizin üçün atanız kim olub?
Prezident İlham Əliyev: Xüsusilə Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun valideynləri çox əzizdir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir. Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam.
Xüsusilə 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, o, həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən bəlkə də yeganə şəxs idi. O, yaxşı dərk edirdi ki, bu, ona baha başa gələ bilər. Biz Sovet İttifaqında yaşayırdıq, ölkənin dağılmasına hələ iki il qalırdı və 1990-cı ilin yanvarında bunu hələ heç kəs təsəvvür edə bilməzdi. Yüzdən artıq günahsız insanın, mülki vətəndaşın həyatına son qoyan bu zorakı və qanlı hücumu pisləmək böyük cəsarət və xalqa sevgi tələb edirdi.
Bununla yanaşı, o, sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. O, bunları nəzərə almalı idi, lakin onun üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Bu, onun üçün və bizim üçün mürəkkəb dövr idi, lakin ailəmiz bir yerdə idi.
Eyni vəziyyət Azərbaycanda vətəndaş qarşıdurması zamanı qarışıqlıq, çaşqınlıq və xaosun hökm sürdüyü dövrdə idi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevdə gördü və ən çətin vaxtda onu dəvət etdi. O, gənc deyildi, onun artıq 70 yaşı var idi. Onun 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bu, onun Azərbaycan xalqına məhəbbətini və sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycanlıların onu müasir Azərbaycanın qurucusu hesab etməsi tamamilə doğrudur. Ona olan ehtiram təkcə bir meyarla bağlı deyil, burada müxtəlif səviyyələr var. O, bütün həyatını bu işə həsr etdi. Ən mürəkkəb dövrdə ölkəyə rəhbərlik etmək, ən münasib həll yollarını müəyyənləşdirmək, eyni vaxtda müdriklik və cəsarət nümayiş etdirmək – bütün bunlar siyasətçiyə xas olan nadir keyfiyyətlərdir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan böyük ölkə deyil. O vaxt artıq Azərbaycanın bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdi və biz nəhəng iqtisadi çətinliklərlə üzləşmişdik. İnflyasiya 1000 faizdən artıq idi. İşsizlik və yoxsulluq hökm sürürdü. Ordu demək olar ki, mövcud deyildi. Belə bir vəziyyətdə ölkəni parçalanmaqdan qorumağa, onu inkişaf yoluna çıxarmağa və bugünkü səviyyəyə çatdırmağa müvəffəq olmağı yalnız böyük şəxsiyyət edə bilərdi.
Bizim və şəxsən mənim hədəfim isə dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır.
Beləliklə, təkcə 100 illiyini qeyd etdiyimiz üçün deyil, ümumiyyətlə, müasir Azərbaycan haqqında danışarkən faktdır ki, təməl Heydər Əliyev tərəfindən qoyulub və 1990-cı illərin mürəkkəb dövründə onun liderliyi olmasaydı, bugünkü Azərbaycan başqa vəziyyətdə olacaqdı. Hansı problem və çətinliklərlə üzləşəcəyini heç təsəvvür etmək belə olmazdı.
Müxbir: Dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda Azərbaycan həssas rol oynayaraq böyük nailiyyətlər əldə edə, iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yarada bilib. İcazənizlə, Çin-Azərbaycan əlaqələrindən danışaq. Bu yaxınlarda Siz bu münasibətləri əla adlandırdınız. Hazırda vəziyyət nə yerdədir və Sizcə bu əlaqələri növbəti səviyyəyə qaldırmaq üçün nə edilməlidir?
Prezident İlham Əliyev: Bəli, bunu bir daha təsdiq edə bilərəm ki, münasibətlər əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir.
Beləliklə, xarici siyasət prioritetlərinə və gündəliyə gəldikdə, mən Azərbaycanın və Çinin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqlar görürəm. Son zamanlar bizim münasibətlərimiz daha da intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. Bu səbəbdən, uzun bir yolun başlanğıcında olduğumuzu deyəndə, buraya məhz bu məsələlər daxildir. İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır.
Müxbir: Siz bir neçə dəfə Prezident Si Cinpinlə görüşlərinizə toxundunuz. Sizin onun bir lider kimi haqqında fikriniz nədir, o, Sizdə necə təəssürat yaradır?
Prezident İlham Əliyev: Mənim Prezident Si Cinpinlə həm Çində, həm də beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmək imkanım olub. Ona dərin ehtiramım var. Onun uzaqgörənliyi, zəkası, səmimiliyi və ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq Azərbaycanın gündəliyindən daha genişdir.
Buna baxmayaraq, bizim əməkdaşlığımızın mahiyyəti və perspektivləri barədə dərindən məlumatlı olması göstərir ki, cənab Si Cinpin olduqca məsuliyyətli şəxsdir və çox uğurlu xarici siyasət bunun nəticəsidir. Bilirsiniz ki, dünyada Çinin dostlarının sayı ildən-ilə artır və bu, məhz həmin müdrik siyasətin nəticəsidir. Biz onun ölkəsinin inkişafını və yardıma ehtiyacı olanlara dəstək istiqamətindəki fəaliyyətini yalnız alqışlaya bilərik. Hesab edirəm ki, bu, dünyada nadir hallardan biridir. Bu, xüsusilə indi aktual məsələdir. Vaxtında və digər mənbələrdən yardım ala bilməyən ölkələrə kömək edilir. Sizə Azərbaycanla bağlı nümunə deyə bilərəm. COVID-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik və bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu. Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?!
Bununla yanaşı, deyə bilərəm ki, yəqin sizin də məlumatınız var, bəzi Qərb dövlətləri lazım olduğundan 5 dəfə artıq həcmdə peyvənd tədarük edirdilər və bununla da peyvənd istehsal etməyən, buna çıxışı olmayan ölkələri vaksinasiyadan məhrum etdilər. Onlar peyvənd millətçiliyi nümayiş etdirdilər. Onu da qeyd edim ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq peyvənd millətçiliyinə qarşı ictimai şəkildə mübarizə aparan ölkələrdən biri idi. Demək istədiyim odur ki, bu nümunə Çinin Azərbaycanla bağlı siyasətini nümayiş etdirir. Əminəm ki, bu siyasət yardıma ehtiyac olan zaman hər bir ölkəyə şamil edilir.
Beləliklə, dediyim kimi, mənim Prezident Si Cinpinlə çoxsaylı görüşlərim olub. İnsan olaraq o, çox mehriban, hörmətcil və səmimi adamdır və şəxsən mən onunla təmasdan çox razıyam.
Müxbir: Bağlantı və infrastruktur layihələri haqqında danışarkən, qeyd edək ki, Azərbaycan bir rekorda imza atıb – bu, “Bir kəmər, bir yol” layihəsində iştirak edən ölkələr arasında 307 günə infrastruktur layihəsinin icrasıdır. Bu, ən qısa müddətdə icra deməkdir. Söhbət nəhəng infrastruktur layihəsindən gedir. Azərbaycan buna necə nail olub və “Bir kəmər, bir yol” layihəsinin faydasını necə görürsünüz?
Prezident İlham Əliyev: İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.
Beləliklə, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi. Hazırda isə biz, nə ilə məşğuluq? İndi biz, sadəcə, texniki imkanları artırırıq. Məsələn, biz ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq. Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır.
Biz hazırda mövcud dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin. Biz böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görürük. Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Lakin mən hesab edirəm ki, bu rəqəm bir neçə dəfə artıq ola bilər. Biz bu istiqamətdə, həmçinin çinli tərəfdaşlarımız və qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal işləyirik. Burada inzibati bağlantı da olmalıdır. Burada tariflərlə bağlı vahid siyasət olmalıdır. Gömrük qaydaları sahəsində daha geniş qarşılıqlı əlaqələndirmə olmalıdır ki, necə deyərlər, bu qapını daha da geniş aça bilək. Yəni, gələcəkdə ölkələrimiz arasındakı münasibətlər Azərbaycan vasitəsilə daha çox yüklərin daşınmasında vacib rol oynayacaqdır. Sizin də qeyd etdiyiniz kimi, biz bütün işləri vaxtında və qısa zamanda icra etdik. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir.
Müxbir: Məlumdur ki, Azərbaycan “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” layihəsinin təşəbbüskarıdır. Bu, nə dərəcədə əhəmiyyətlidir?
Prezident İlham Əliyev: Əslində, bu, “Bir kəmər, bir yol” layihəsinin bir hissəsidir. Çünki bizə məlumdur ki, hazırkı geosiyasi vəziyyətdə Transxəzər marşrutu Mərkəzi Asiya ölkələri üçün ən əhəmiyyətli marşruta çevrilib. Dediyim kimi, xəritəyə baxanda aydın olur ki, Avropaya və əks-istiqamətdə yüklərin daşınması üçün Mərkəzi Asiya ölkələrinin seçimi o qədər də geniş deyil.
Müxbir: Dəniz yolu və Transsibir marşrutu da var, ancaq o, vaxt baxımından daha uzundur.
Prezident İlham Əliyev: Bəli, bu bir səbəbdir, həmin nəqliyyat marşrutu ilə əlaqədar digər səbəb isə geosiyasi dəyişikliklər, məhdudiyyətlər və sanksiyalardır. Bu, həmin tranzit marşrutunu mürəkkəbləşdirir. Beləliklə, sual yaranır – Xəzər dənizi vasitəsilə olmasa, bəs, haradan olsun? Mərkəzi Asiya ölkələri inkişaf edir və ixracyönümlü daha çox məhsul istehsal edir. Həmçinin daha çox məhsul alır və bu baxımdan Xəzər dənizi marşrutu həyati əhəmiyyət kəsb edir. Xoşbəxtlikdən biz illər əvvəl ev tapşırığımızı yerinə yetirmişik və hər bir şey hazırdır. İndi isə bu infrastrukturu genişləndirmək asan olacaq. Həmçinin nəqliyyat infrastrukturunun genişləndirilməsinə yatırılacaq vəsait təxmin edilən yük həcminə uyğun olacaq.
Mən ötən il və bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm və bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda, daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımalarının illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq.
Müxbir: Məndə çox maraqlı məlumatlar var ki, Sizinlə bölüşmək istərdim. Oradan görünür ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 gün çəkir, əgər siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir.
Prezident İlham Əliyev: Elədir, bəli, bu, həqiqətdir. Yeri gəlmişkən, biz bu səbəbdən bu marşrutun qurulmasına və çəkilməsinə başladıq, çünki o, mövcud deyildi. Bu, Azərbaycanın irəli sürdüyü və Türkiyə ilə Gürcüstandakı tərəfdaşlarımızın fəal dəstəyini almış yeni daşımalar yoludur, bağlantıdır və infrastrukturdur. 2017-ci ildə burada – Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə daşımalar hələ ki, prioritetlərdən biri hesab edilmirdi. Buna görə, biz lazım olduğu qədər yüklərin daşınma həcminə sərmayələr yatırdıq. Lakin hazırda biz nə ilə məşğuluq? Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək.
Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir.
Müxbir: Siz bağlantıların, “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni aspekti haqqında danışdınız. Biz iki gün əvvəl “Muğam Klub” restoranında olduq. Gördüklərimiz mənə böyük təəssürat bağışladı. Əlbəttə ki, qədim Karvansaranı ziyarət etdik. Orada qədim İpək Yolu ilə tanış olduq. Orada sanki zaman yenidən göz qabağına gəlir və siz tarixi, insanları, ticarəti və mədəniyyətləri, ənənələri seyr edə bilirsiniz. Çin tərəfinin “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni dəyərini necə görürsünüz? Bilirəm ki, ölkənizdə qədim İpək Yolunun bərpasına hələ 1990-cı illərdən çalışırsınız.
Prezident İlham Əliyev: Əlbəttə ki, birmənalı olaraq, bu, dostluğa əlavə təkan və töhfə verəcək. Qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə, Azərbaycanın mədəni irsi, gördüyünüz kimi, dövlətimiz tərəfindən lazımınca qorunur. Bu, bizim üçün qorunmalı, saxlanılmalı və yeni nəsillərə ötürülməli sərvətdir ki, onlar da eyni münasibət bəsləsinlər. Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq. Baxmayaraq ki, Azərbaycan uzun müddət öz dövlətçiliyindən məhrum idi. Biz müstəqil ölkə deyildik. Lakin, eyni zamanda, biz milli özünəməxsusluğumuzu, dilimizi, ədəbiyyatımızı, musiqimizi və ənənələrimizi, mədəni irsimizi qoruyub saxlamışıq. Hətta müstəqil olmadığımız vaxtlarda, bunu bacarmışıq. Beləliklə, dünya irsinin bir hissəsi olan mədəni irsimizin qorunmasını birmənalı olaraq davam etdirəcəyik. Eyni zamanda, tərəfdaşlarla bağlantı yaradan bir çox layihələr daha çox səfərlərlə, turistlərlə, ticarətlə, qarşılıqlı fəaliyyətlə nəticələnəcək. Bunun sayəsində mədəniyyətlərimiz və cəmiyyətlərimiz daha da zənginləşəcək. Bir sözlə, biz həmin məsələyə belə nöqteyi-nəzərdən baxırıq. Bəxtimiz çox gətirib ki, Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir. Biz bunları qorumağa çalışırıq və əminəm ki, bu işin öhdəsindən gələcəyik.
Müxbir: Atalar sözü var: Ticarət dayananda, müharibələr başlayır.
Prezident İlham Əliyev: Elədir.
Müxbir: Ticarət nə qədər çox olarsa, ölkə əhalisi üçün daha çox fürsətlər açılır.
Prezident İlham Əliyev: Tamamilə doğrudur. O, sabitliyi, təhlükəsizliyi möhkəmləndirir və müəyyən dərəcədə, sözün yaxşı mənasında, qarşılıqlı bağlılığı artırır. İnsanlar, ölkələr üçün daha çox fayda olur. Bu şəraitdə, əlbəttə, sabitlik bərqərar olur.
Müxbir: Prezident Əliyev, Sizə deməliyəm ki, iki il əvvəl BBC-nin jurnalistinə verdiyiniz müsahibədən sonra Çində kifayət qədər məşhurlaşdınız. Bir çox insanlar deyirdilər ki, Qərbə münasibətdə maraqların tarazlaşdırılması üçün ölkə rəhbəri məhz bu cür addım ata bilərdi. Bu, necə baş verdi?
Prezident İlham Əliyev: Bilirsiniz, 44 günlük Vətən müharibəsi zamanı mən çox sayda müsahibələr verdim. Bu, əsasən, Qərb jurnalistlərinə verilən müsahibələr idi. Onların əksəriyyəti, deyərdim ki, çox aqressiv idi və çalışırdılar Azərbaycanı təcavüzkar kimi təsvir etsinlər. Bilirsiniz, öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq. Əlbəttə, əmin idim ki, videoreportaj hazırlamaq məqsədilə Azərbaycana gəlmiş və mənimlə görüşmək istəyən Qərb jurnalistləri yaxşıca hazırlaşmışlar. Münaqişənin tarixi, kimin təcavüzkar, kimin isə təcavüz qurbanı olması, nəyin baş verdiyi barədə onların bilməməsini təsəvvür etmək sadəlövhlük olardı. Lakin, eyni zamanda, onlar nəinki görüşümüz zamanı vəziyyəti təqdim etməyə çalışırdılar, – çünki Azərbaycanda olarkən çoxlu reportajlar hazırlamışdılar, – onlar çalışırdılar ki, Azərbaycanı təcavüzkar kimi qələmə versinlər. Əlbəttə, bu, tamamilə qəbuledilməz idi. Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi və biz həmin reallıqda 30 il idi ki, yaşayırdıq. Bu, həqiqətdir.
Müxbir: Bir çox insan hesab etdi ki, Culian Assanj tezisi böyük əks zərbə oldu. Bu necə fikrinizə gəldi?
Prezident İlham Əliyev: Əslində, əgər siz kimisə nəyinsə pozulmasında ittiham etmək istəyirsinizsə, birinci, güzgüdə özünüzə baxıb görməlisiniz, sizin üzünüzdə qüsurlar varmı? Culian Assanjın başına gələnlər, tamamilə qəbuledilməzdir. Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Həmin insan səfirliklərin birində illər boyu işgəncəyə məruz qalıb. Hazırda o, işgəncədədir. Mən burada mənəvi işgəncəni nəzərdə tuturam. Onun fiziki işgəncəyə məruz qalmasını bilmirəm. Bilmədiyim məsələni deyə bilmərəm. Lakin, insan bəzi mənbələrdən əldə etdiyi müəyyən məlumatı açıqladığına görə əzab-əziyyətlərlə üzləşib. Bəlkə də, o, səhv edib, yaxud qaydaları pozub. Bununla belə, Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Ona görə dedim, baxın Culian Assanjın məsələsinə, görün həmin insanla siz nə etdiniz? Onda, siz kimisə bu məsələdə necə ittiham edə bilərsiniz? Həmin hadisə sizin tarixinizdə ən qara səhifədir. Siz də qeyd etdiyiniz kimi, iki ildən çox vaxt keçir və hazırda Culian Assanj haradadır? O, hələ də həbsxanadadır. Hələ də, həbsxanadadır. Kimsə onun haqqında danışır? Yox.
Müxbir: Mən özüm səkkiz il Vaşinqtonda müxbir işləmişəm və hər iki istiqamətdə çox şeyi öyrəndim. Azərbaycan, Çin kimi qeyri-Qərb ölkələrin Qərb mətbuatında qərəzli təsviri haqqında danışdıqda, əlbəttə, Siz hesab edirsiniz ki, onlar bu ölkələrə ədalətli yanaşmırlar. Sizcə, bu, niyə baş verir? Səhv təsvirin verilməsinin arxasında duran meyarlar nədir? Yəni, qeyri-Qərb aləmini, o cümlədən Çini səhv təsvir etməyin səbəbi nədir?
Prezident İlham Əliyev: Eyni üsulu Çinə qarşı tətbiq etmələrinin səbəbini söyləmək mənim üçün çətindir. Çox güman ki, bunun səbəbləri var. Amma, Azərbaycana gəldikdə, amillər müxtəlifdir. Əsas olmasa da, həmin amillərdən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar. Lakin, bu, yeganə səbəb deyil. Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik. Fikrimcə, bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar.
Müxbir: Karneqi Beynəlxalq Sülh Fondu…
Prezident İlham Əliyev: Elədir ki, var. Onlar tam asılıdır və yiyələri ilə razılaşdırmadan bir addım belə sağa, yaxud sola ata bilməzlər. Lakin, bilirsiniz, biz bu mühitdə yaşamağa öyrəşmişik. Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir!
Cəmiyyətimiz həmrəy olması və güclü ictimai dəstək, əlbəttə, əsasən bizim siyasətimiz, əvvəlcə işğal altında olmuş ərazilərin azad edilməsi sayəsində formalaşır. Lakin, həmçinin bu, anti-Azərbaycan təşviqatına olan reaksiyadır. Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil. Biz 30 il işğala məruz qalmışıq və Ermənistan işğalını orada pisləyən olmadı.
Müxbir: Onlar yalnız dinc yolla nizamlamanı qeyd etdilər.
Prezident İlham Əliyev: Düzdür. Yalnız dinc yolla nizamlama, ərazi bütövlüyünü dilə gətirmirdilər.
Müxbir: Bu, ikili standartların jarqonudur.
Prezident İlham Əliyev: Elədir! Bunlar ikili standartlardır və cəmiyyətimiz bunları çox yaxşı anlayır. Həmçinin bilmək vacibdir ki, söhbət təkcə bəzi jurnalistlərin müsahibəsindən getmir. Bu halda hökumətlər də var. Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar.
Müxbir: Ərazi bütövlüyü haqqında danışdıqda, bir çox çinlilərin qəlbinə yaxın olan, onlar üçün əziz olan məsələ var: bu, Tayvan məsələsidir. Tayvan məsələsinə kənardan müdaxilə var. Siz öncə söylədiniz ki, Çini bölmək səylərini dəstəkləmirsiniz. Bu barədə ətraflı deyə bilərsinizmi?
Prezident İlham Əliyev: Bilirsiniz, biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir. Xalqların öz müqəddəratının təyin edilməsi hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli deyil. Bu, beynəlxalq hüququn fundamental prinsipləridir. Buna görə, Vahid Çin siyasəti ilə bağlı mövqeyimiz tam aydındır və ümid edirəm ki, bəzi Qərb hökumətləri də bu mövqeyə uyğun davranacaqlar.
Müxbir: Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, bilirik ki, atəşkəs mövcuddur, lakin vəziyyət mürəkkəb olaraq qalır. Əvvəlki hadisələrin hamısını nəzərə alaraq, cənab Prezident, Siz sülh müqaviləsi haqqında nə düşünürsünüz? Onu nə vaxt gözləmək olar? Əgər olarsa, o, necə olacaq?
Prezident İlham Əliyev: Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, – əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, – həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Həmçinin əlavə etmək istəyirəm, Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir.
Müxbir: Prezident Əliyev, gəlin Sizin sevdiyiniz mövzulardan birinə keçək – idman və fitnesə.
Prezident İlham Əliyev: Yaxşı.
Müxbir: Siz turnikdə dartındığınız videonu qoymusunuz. 60 yaşınız tamam olurdu həmin vaxt.
Prezident İlham Əliyev: Bəli.
Müxbir: On beş dəfə. Çox xoş təəssürat bağışladı. Daha çox da edə bilərsiniz…?
Prezident İlham Əliyev: Əvvəllər çox edirdim. Sadəcə, indi birinci dəfə göstərdim. Gənc olduğum zaman bunu heç zaman göstərmirdim, çünki gənc insan üçün bunu çox etmək təbii haldır. Nəyə görə bunu göstərdim? İstəyirəm ki, gənc nəsil eynən bu cür etsin. Demək istəyirəm ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan. Mənim gənc nəslə ismarışım bu idi. Əgər siz hesab edirsiniz ki, 60 yaşınız var, edə bilməzsiniz, yanılırsınız, bacararsınız. Amma ondan çox dartınmaq, bəlkə də, bacararam. Lakin bu, o qədər cəlbedici olmaz.
Müxbir: Tam haqlısınız. Siz, həmçinin ağır atletikanı sevdiyinizi gizlətmirsiniz. Hətta, yaxın dostunuz, Prezident Ərdoğanın qarşısında hazırlıq olmadan göstərdiniz.
Prezident İlham Əliyev: Bu, işin asan hissəsi idi. Bəli, o qədər də ağır deyildi.
Müxbir: Amma Siz bunu etdiniz. İdmana şəxsi sevginizi daha böyük ismarışa çevirmək bacarığınız təsirlidir. Elə baxaq Bakıya, onun mərkəzində F1 yarışları keçirilir. Sizdə 2020-ci ilin futbol üzrə Avropa çempionatının oyunları, 2015-ci ildə ilk Avropa Oyunları təşkil olundu. İdmana həvəsiniz barədə söyləyin, nəyə görə məhz idman?
Prezident İlham Əliyev: Birincisi, mən idmanı sevirəm. İkincisi, ömrüm boyu mən idmanla müəyyən fasilələrlə məşğul olmuşam. Əfsuslar ki, bəzən atmışam, sonra yenidən başlamışam. Gənc yaşlarımda idmanla çox fəal məşğul olurdum. Sonra dayandırırdım və yenidən başlayanda mənim üçün formanı qaytarmaq çox asan olurdu.
İkincisi, idman ictimai həyatın mühüm amilidir. İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. Beləliklə, biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi, çünki mən aydın şəkildə anladım ki, bunsuz biz qələbə qazana bilməyəcəyik. Bəli, biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. Lakin sizə deyə bilərəm ki, hazırda, iki il yarımdan sonra, Qələbəmizin əsas meyarı qələbə ruhu idi. Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər, çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi. İdman həm budur, həm fiziki sağlamlıq deməkdir, çünki biz istəyirik ki, cəmiyyətimiz sağlam olsun. Biz istəyirik cəmiyyətimiz fiziki baxımdan güclü olsun. Bunun üçün idman birinci yerdədir. Əlbəttə ki, yaxşı qida, pis vərdişlərin olmaması məsələsi də var. İdman bəlkə onları üstələyir. Həmçinin hazırda biz idmanın kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq. Eyni zamanda, bu, beynəlxalq nüfuz deməkdir, çünki ilk Avropa Oyunları həqiqətən Azərbaycanı Avropaya açdı. Formula 1 yarışlarını artıq yeddi dəfə keçirmişik. Xüsusən də, nəzərə alsaq ki, o, şəhər küçələrində baş verir. Bu, Bakını heç vaxt görməyən üçün şəhərimizin təqdimatıdır. Formula 1-in auditoriyası 500 milyondur. İlk Formula 1 yarışlarından sonra turizm 20 faiz artdı və COVID-dən əvvəl hər il on – on beş faiz artım var idi. Yarışlar sayəsində çoxlu xarici turist gəldi. Ölkəyə çox xarici valyuta daxil oldu. Bir çox amillər hər bir hökumətin idmanın inkişafına böyük diqqət yetirməli olduğunu göstərir.
Müxbir: 2020-ci ilin futbol üzvə Avropa çempionatını çox yaxşı xatırlayıram.
Prezident İlham Əliyev: Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirildi. Bəli, Bakı artıq böyük idman tədbirləri üçün beynəlxalq məkana çevrilib. Ölkəmizdə, həmçinin 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirildi. Təsəvvür edin, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları bir şəhərdə cəmi iki il ərzində keçirilib. Bu, bir daha Azərbaycanı idman ölkəsi kimi nümayiş etdirir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz müsəlman aləminin, eyni zamanda, Avropanın bir hissəsidir. Ölkəmizin yerləşməsi çox unikaldır. Ölkəmizin siyasəti, cəmiyyətin statusu bütün bunların təzahürüdür.
Müxbir: Prezident Əliyev, Hancouda Asiya Oyunları yaxınlaşır və Çinin Çendu şəhərində Dünya Universitet Oyunları gözlənilir. İdmançılara və iştirakçılara nə deyərdiniz? Çində keçiriləcək həmin oyunlardan gözləntiləriniz?
Prezident İlham Əliyev: Mən yalnız uğurlar arzulayıram. Əminəm ki, oyunlar mümkün ən yüksək səviyyədə təşkil olunacaq. Çində idman tədbirlərinin necə təşkil edildiyinə bələdəm. Mən Pekində keçirilmiş Olimpiya Oyunlarında oldum, 2008-ci ildə gözəl ölkənizdə bir neçə gün keçirdim. Yəqin bilirsiniz, biz Asiya Oyunlarında iştirak etmirik, lakin Dünya Universitet Oyunlarında 150-dən artıq atletlə böyük komanda ilə iştirak edəcəyik. Onların sayı heç zaman olmadığı qədər bir neçə dəfə çox olacaq. İdmançılara qələbə, təşkilatçılara uğurlar, Çin xalqına bu oyunlarda sevinc arzu edirəm.
Müxbir: Son olaraq, Azərbaycan sıravi çinlilərə görə uzaq, lakin sirli ölkədir. Mən burada ölkə Prezidenti ilə əyləşmişəm. İcazə verin soruşum: Siz proqramımızın çinli tamaşaçılarına söyləyə bilərsinizmi nəyə görə onlar Azərbaycanı növbəti turizm məkanı kimi seçməlidirlər?
Prezident İlham Əliyev: Bilirsiniz, birincisi, insanlarımız çox mehriban və qonaqpərvərdirlər. İkincisi, bizim çox müasir hotel infrastrukturumuz var. Rəngarəng təbiətimiz var. Ölkədə doqquz iqlim qurşağı var. Ölkənin ərazisi o qədər böyük deyil, siz qatarla, avtomobillə və yaxud ən uzağı təyyarə ilə asanca qət edə bilərsiniz. Yol infrastrukturu ən yaxşılar sırasındadır. Mətbəx, fikrimcə, ən yaxşılar sırasındadır.
Müxbir: Biz çoxlu kabab yedik.
Prezident İlham Əliyev: Hava çox yaxşıdır. Dağlarda xizək sürə bilərsiniz. Xəzər dənizində üzə bilərsiniz. Velosipedlə dağlara çıxmaq, palçıq vulkanlarını görmək, Qarabağın dağlarına və meşələrinə getmək olar. Göl və çaylarımız var. Həmçinin düşünürəm ki, çinli turistlər görəcəklər ki, Azərbaycan xalqının Çinə böyük rəğbəti var. Onlar ölkənizi tanıyır, dost olduğumuzu bilirlər. Ona görə, çinlilər özlərini öz evindəki kimi hiss edəcəklər.
Müxbir: Prezident Əliyev, ölkənizdə bizi qəbul etdiyinizə görə bir daha çox sağ olun. Bu müsahibəyə görə minnətdarıq.
Prezident İlham Əliyev: Sağ olun.
www.RESMIXEBER.az