“Ağalıda doğulmasam da, indi hiss edirəm ki, buradan kənarda yaşaya bilmərəm”.
Bu fikirləri “resmixeber.az”un Qarabağ bürosuna açıqlamasında işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd sakini Kənan Nəbiyev deyib.
Kənd sakininin sözlərinə görə, Ağalıya ilk qayıdan ailələrdən biri də onun ailəsi olub.
Kənan 1997-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda doğulub. Ailədə iki qardaşdırlar. Əvvəllər Ağalını görməsə də, valideynlərindən eşitdikləri onda Ağalı kəndinə qarşı böyük bir sevgi hissi yaradıb.
“Ata-anamın hər zaman Ağalı ilə bağlı dedikləri yaddaşımda silinməz iz buraxıb. Nə zamansa bu kəndi görəcəyimə inanırdım. Müharibədən sonra ilk olaraq Ağalının bərpa olunması xəbərinə çox sevindim. Valideynlərimi təhrik edirdim ki, nə olur-olsun, ilk köçənlərdən biri biz olaq. Nədənsə həmişə mənə elə gəlirdi ki, görmədiyim Ağalının havasından udub, suyundan içmişəm. Nə hiss olduğunu bilmirəm. Amma bunu bura köçən günə qədər hiss edirdim. Təbii ki, valideynlərimin də söhbətləri buna təsir edirdi”, – deyə o bildirib.
K.Nəbiyev əlavə edib ki, hazırda Ağalı kəndini dünyanın ən gözəl məkanı bilir, burada yaradılan şəraiti, təmiz havanı və suyu qoyub heç yerə getmək niyyətində deyil:
“Biz Bakıdan çıxanda ürəyimdə bir rahatlıq var idi. Elə bil bu yurddan uzaqda olmağımızın üzərindən illər keçməyib. Mənə deyirdilər ki, belə rahat olmağına baxma, Bakı üçün darıxacaqsan. Amma heç də elə olmadı. Burada doğulmasam da, indi hiss edirəm ki, Ağalıdan kənarda yaşaya bilmərəm”.
www.RESMIXEBER.az