Amerikalıların yarısı hesab edir ki, ABŞ dövlət qurumları lazım olduğu kimi işləmir.
Bunu “Associated Press-NORC” tərəfindən aparılan sosioloji sorğu göstərib. Respondentlərin 49%-i ölkədə demokratiya ilə bağlı işlərin yaxşı getmədiyi qənaətindədir.
Rəyi soruşulanların daha 10%-i hesab edir ki, demokratiya kifayət qədər və ya çox yaxşı işləyir. Respondentlərin 40%-i isə düşünür ki, mövcud siyasi quruluş qismən yaxşı işləyir. Sorğuda iştirak edənlərin 53%-i Konqresin demokratik dəyərlərin qorunması vəzifəsinin öhdəsindən gəlmədiyini bildirib, 16%-i isə əks mövqedə olduğunu qeyd edib.
Respondentlərin təxminən yarısı hesab edir ki, həm Respublikaçılar, həm də Demokratlar partiyaları ABŞ-də demokratik sistemi qoruyub saxlaya bilmirlər. Xüsusən, respondentlərin 47%-i Demokratlar, 56%-i isə Respublikaçılar partiyası haqqında belə fikirdədir.
Respondentlərin 53%-i hesab edir ki, sadə amerikalılar ABŞ hökumətində təmsil olunmur, 12%-i ABŞ-nin siyasi institutlarındakı təmsilçilikdən razıdır, 35%-i isə təmsilçilik səviyyəsinin orta səviyyədə olduğunu düşünür.
Respondentlərin üçdə ikisi hakimiyyətin immiqrasiya, büdcə xərcləri, silah satışı, abort, yarıdan çoxu sağlamlıq və ətraf mühit məsələləri, təxminən yarısı iqtisadi mövzular üzrə siyasətindən narazıdır.
Qeyd edək ki, sorğu iyunun 22-dən iyunun 26-dək ABŞ-nin 1220 yetkin sakini arasında aparılıb.
Mənbə: İnterfaks
www.RESMIXEBER.az