1984-cü ildə “Azərbaycanfilm” kinostudiyası o vaxt gənc olan rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevə Xalq yazıçısı Mövlud Süleymanlının ssenarisi əsasında “Bəyin oğurlanması” filminin çəkilişlərini həvalə edir. Kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən bəhs edən ekran işi Azərbaycan kino mədəniyyətinin nadir incilərindəndir.
AZƏRTAC xəbər verir ki, filmin əsas səhnələri Azərbaycanın əsrarəngiz təbiətə və qədim tarixə malik bölgələrindən olan Şamaxının Məlhəm kəndində çəkilib. Əsas hadisələr isə İsrafil və Həsənin evində cərəyan edib. Bunlar filmdən sonra kəndin ən məşhur evlərinə çevrilib.
İsrafilin yaşadığı evin sahibi Nazim Əmirov deyir ki, bu ev ona atasından qalıb. Evi olduğu kimi qoruyub-saxladığını qeyd edən müsahibimiz bildirir ki, İsrafilin idarə etdiyi maşın da onun atasına məxsus olub:
“1984-cü ildə film çəkiləndə ev necə olubsa, bu gün də elə qalır. Evin daxilində, həmçinin xaricində heç bir yenilik etməmişik. Kino çəkilişlərinin əsas hissəsi burada aparılıb. Bura qız evi idi, elçilik, gəlin köçürmə, rəqslərin əksəriyyəti bizim həyətdə, bu evdə lentə alınıb”.
Kütləvi çəkilişlərdə iştirak edənlərin əksəriyyəti, demək olar ki, kənd camaatı idi. Sakin Rasim Ələsgərov deyir:
“Aktyorlar tez-tez qonağım olardılar. Sentyabr ayından dekabradək film çəkildi. Camaat necə lazımdırsa, kömək də etdi, iştirak da. Çox məşhur film oldu. Bizi görənlər kinonun harada çəkildiyini soruşardılar. Deyəndə ki bizim kənddə, inanmazdılar”.
Çəkilişlər Şamaxıda üzüm yığımı vaxtına təsadüf edib. Kənd sakini Faiq Əlibəyov nəinki filmdə, kadr arxasında da gülməli hadisələrin baş verdiyini deyir. Belə hadisələrdən biri “Miriş” obrazını canlandıran mərhum Xalq artisti Arif Quliyevin başına gəlib.
“Kino bizim qonşuda çəkilib, o günlərin şahidiyəm. O vaxt Şamaxıda kütləvi üzüm yığılırdı. Bir gün xəbər çıxdı ki, Arif Quliyevi Şamaxıda tutub aparıblar üzüm yığmağa. Sonra onu axtarıb tapdılar, dedilər ki, səhv olub, bu, aktyordur, çəkilişdə iştirak etməlidir. İndi filmə baxanda o günləri xatırlayırıq”, – deyə Faiq Əlibəyov o günləri yada salır.
“Bəyin oğurlanması” filmində tamaşaçılar tərəfindən sevilən aktyorlar rol alıblar. Ekran işində səs operatoru obrazını canlandıran Xalq artisti İlham Namiq Kamal çəkilişlərdə tam iştirak edə bilməsə də, qonorarını yüksək məbləğdə aldığını deyir:
“Orada mən baş rollardan birinə çəkilmişəm, amma filmin titrlərində səs operatoru İlham Əhmədov yazılıb. Həmin vaxt mən bir aylığa Yaxın Şərqə getməli idim. Gəlib Ceyhun Mirzəyevə dedim ki, mən gedəndə qonorarımı ala bilməyəcəyəm. Mənim epizodlarda iştirak etdiyimi təsdiqləmək üçün rejissorun qol çəkməsi lazım idi. Davud Zöhrabov o vaxt kinostudiyanın direktor müavini idi. O, Ceyhun Mirzəyevdən soruşanda ki İlham Məmmədov bütün epizodlara çəkilib? Ceyhun müəllim “bəli” cavabını verib. Bununla da həmin filmdən 5 000 rubla yaxın pul adım. Az pul deyildi, o vaxtı bu pula maşın almaq olardı”.
“Bəyin oğurlanması” filmi 1985-ci ildə ekrana çıxıb. Artıq nə az, nə çox – düz 38 ildir ki, bu filmin hər kadrı, hər epizodu tamaşaçılarda təbəssüm, həyəcan, nostalji hisslər yaradır. Ekran əsəri bu gün də sevə-sevə izlənilir, filmdə səslənən ifadələr dillər əzbərinə çevrilib.
Qeyd edək ki, bu kənddə “Bəyin oğurlanması”, “Qaraca qız”, “Qaçaq Nəbi”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm” kimi filmlərin də çəkilişləri aparılıb.
www.RESMIXEBER.az