Uşaqlarda müşahidə edilən yuxu pozulmaları psixi və ya patoloji faktorlarla əlaqəli ola bilər. Hamiləlik zamanı ananın həyat tərzi və hətta doğuş prosesinin özü gələcəkdə körpənin sağlamlığına təsir göstərə, nevroloji problemlər yarada bilər.
Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.
Həkim-nevropatoloq Təranə Həşimovanın sözlərinə görə, yeni doğulmuşların yuxu saatları daha uzun olur və getdikcə qısalır.
Belə ki, 0-3 yaşlar arası qaydasında olan yuxu uşaq inkişafının ən önəmli amillərindəndir:
“Bildiyimiz kimi, uşaqların fiziki inkişafını təmin edən boy hormonu daha çox yuxu prosesi zamanı ifraz olunur. Normal tənzimlənən yuxu rejimi böyüməkdə olan orqanizm üçün çox əhəmiyyətlidir, uşağın zehni və fiziki inkişafına təsir edir”.
Həkim-nevropatoloq uşaqlarda yuxu pozğunluğuna təsir edən səbəblərin müxtəlifliyinə də toxunub, bu səbəblərə uşaqların düzgün qidalanmaması, gündəlik həyat tərzi, geyim, uşağın yatağı (bəzən valideynlər uşağı öz çarpayısında və ya analar daha çox qucaqda və ayaqda yürüyərək yatırdırlar) və s. səbəblər olduğunu nəzərə çatdırdı.
T.Həşimova sadalanan bu səbəblərin təsirindən uşaqlarda sağlam yuxunun pozulduğunu və bunun da onlarda ciddi nevroloji problemlərin yaranmasına zəmin yaratdığını bildirir:
“İstisna hallar olaraq, digər nevroloji problemlər olarsa (bu vəziyyət nevroloq tərəfindən dəyərləndirilir), müalicə etioloji faktorları aradan qaldırmaqla aparılır. Əlbəttə ki, yaşdan asılı olaraq, müalicə və tövsiyələr də fərqlidir. Uşaqlar zəruri tibbi müayinələrdən keçirildikdən sonra tibbi zərurət olarsa, onlar yaşa görə neyrosonoqrafiya və elektroensefaloqrama göndərilir.
Bütün hallarda biz uşaqlarında yuxu pozğunluğuna rast gəlinən valideynlərə ərazi üzrə poliklinikalardakı həkim-nevropatoloqlara müraciət etməyi tövsiyə edirik”.
www.RESMIXEBER.az