PARADOKS

AKTUAL

Prezident İlham Əliyev Tərtər və Ağcabədi rayonlarında olub

29-11-2017, 03:32
  •     
  • SON XƏBƏR |
  •  Oxunma: 25

Prezident İlham Əliyev Tərtər və Ağcabədi rayonlarında olub



Prezident İlham Əliyev Tərtər və Ağcabədi rayonlarına səfər edib.

Rəsmixəbər.az-ın məlumatına görə, dövlət başçısının səfəri çərçivəsində bir sıra istisadi və sosial təyinatlı obyektlərin açılışı olub.
Tərtər rayonuna səfərinə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayan prezident İlham Əliyev bunun ardından Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.
Daha sonra dövlət başçısı Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışını edib. 29,5 kilometr olan yol 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.
Tərtərdə 1170 məcburi köçkün ailəsi üçün salınan 34 binadan ibarət yeni yaşayış kompleksinin də açılışı olub. Buradakı mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır.
50 hektarlıq torpaq sahəsində inşa edilən yaşayış kompleksində məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası da inşa olunub. Bu qəsəbəyə Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Prezident burada Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb. Bu, məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir.
Prezident İlham Əliyev Tərtərdə "N" saylı hərbi hissədə yaradılan şəraitlə də tanış olub. Hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı var.
Prezident İlham Əliyev daha sonra Ağcabədi rayonunda olub və burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra dövlət başçısı Bayraq Muzeyinin açılışında iştirak edib, yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı bu rayonda 37 yaşlı Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. Muzeydə 4782 eksponat qorunur.
Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub. Uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Bina bütün zəruri sosial infrastrukturla tam təchiz edilib.
Dövlət başçısı Ağcabədiyə səfəri zamanı Olimpiya İdman Kompleksinin açılışını da edib. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. Burada 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Kompleksdə 50 yerlik mehmanxana da fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb.
Dövlət başçısı daha sonra Ağcabədidəki "N" saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. Hərbi hissənin əsgər yataqxanasına baş çəkən Ali Baş Komandan, şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxış keçirib.
Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun da açılışı olub. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Zavodda 50-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 400 manat təşkil edir.



SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI