PARADOKS

AKTUAL

Prezident: “Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir”

30-01-2019, 04:36
  •     
  • Siyasət |
  •  Oxunma: 56

Prezident: “Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir” Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir”.
Bizimyol.info AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, son 15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib: “On beş il əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, münaqişə, müharibə ocaqları artır və bu meyil əfsuslar olsun ki, güclənir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrində bunu izləyirik və bu meyil əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır”.

Prezident qeyd edib ki, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır: “Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.

“Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər”, – deyə dövlət başçısı vurğulayıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI