PARADOKS

AKTUAL

İlham Əliyev 2 sərəncam imzaladı

14-09-2018, 20:53
  •     
  • Siyasət |
  •  Oxunma: 83

İlham Əliyev 2 sərəncam imzaladı Prezident İlham Əliyev Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bizimyol.info-un məlumatına görə, sərəncamda bildirilir ki, əhalinin keyfiyyətli içməli su, eləcə də kanalizasiya xidmətləri ilə təmin edilməsi sosial siyasətin əsas hədəflərindəndir. Bu baxımdan, respublikanın bütün regionlarında yerləşən yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin sabitliyinin və keyfiyyətinin artırılmasına xidmət edən layihələrin icrası müvəffəqiyyətlə davam etdirilir. İcra olunan layihələr çərçivəsində kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması istiqamətində mövcud kanalizasiya şəbəkə və qurğularının cari təmiri, təmizlənməsi, təftişi, yeni kanalizasiya kollektorlarının inşası işlərinə xüsusi diqqət yetirilir.

Bakı şəhərinin Bayıl, 20-ci sahə, Şıx qəsəbələrində formalaşan tullantı sularının nəql edilməsi, Bakı körfəzinə dənizkənarı zonadan tullantı sularının axmasının qarşısını almaq üçün Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 3 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli 2940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ü.R.Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 28 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

“Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 may tarixli 2940 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 962) 1-ci hissəsində “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilsin.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI