PARADOKS

AKTUAL

Türkiyəyə və Azərbaycana Avropadan təhdidlər

12-04-2018, 12:32
  •     
  • Siyasət |
  •  Oxunma: 99

Türkiyəyə və Azərbaycana Avropadan təhdidlər Köhnə Qitədə iki qardaş ölkəni hədəfə alan yeni təşkilatlar yaranıb

Son zamanlar Almaniyada bəzi erməni təşkilatlarının və müəyyən şəxslərin fəallığının artması müşahidə edilir. Belə ki, Almaniyada Osmanlı imperiyasında guya “soyqırımına məruz qalmış xalqlardan olan şəxslər” birləşərək “AGADEKA” adlı təşkilat yaratmışlar.

Ermənilərin türk lobbisinə qarşı savaş elanı

Məlumatlara görə, buraya vaxtilə Osmanlı imperiyasının ərazisində yaşamış və guya “soyqırım”a məruz qaldıqlarını iddia edən xalqların və etnik qrupların nümayəndələri, o cümlədən, ermənilər, yunanlar, assuriyalılar, dersimlilər, yezidilər, koçkiri kürdləri və ələvilər daxildir. Almaniyadakı ümumi sayı 3-4 milyon olan türk icmasının daxilində 200 min dersimli, çoxlu kürd, laz, çərkəz, alban, ələvilərdən ibarət insanın olmasını nəzərə alan ermənilər onlarla birləşərək bu ölkədəki türk lobbisinə qarşı mübarizə aparmaq istədiklərini nəzərə çatdırmışlar.

Azat Orduxanyan kimdir və məqsədi nədir?

Təşkilatın prezidenti Pont Yunanları Mərkəzi İdarəsinin vitse-sədri İlias Mavrikisdir. Vitse-prezidenti isə Almaniyada 155 ildir ki, fəaliyyətdə olduğu iddia edilən Erməni Akademiklər İttifaqının sədri Azat Orduxanyandır. Təşkilatın yaradılmasında məqsəd “Osmanlı imperiyası dövründə həyata keçirilmiş soyqırımları”nın tanıdılmasına və həmin xalqların tarixi-mədəni hüquqlarının bərpasına nail olmaqdır. Eyni zamanda, müasir Türkiyə Respublikasına qarşı siyasi tələblərin irəli sürülməsi nəzərdə tutulur. Yaxın günlərdə təşkilatın Almaniyanın Köln şəhərindəki Birinci instansiya məhkəməsində qeydiyyata alınacağı bildirilir.

Ümumiyyətlə, A.Orduxanyan Almaniyada qondarma “erməni soyqırımı”nın ən fəal təbliğatçılarından biridir. O, o, Boxum kitabxanasında vaxtaşırı uydurma “soyqırım”la bağlı kitabların təqdimatını təşkil edir. Lakin sonuncu dəfə Paruyr Sevak adlı şairin bu mövzuda yazılmış şerlər kitabının (alman dilinə Hayd Rike adlı şəxs tərcümə edib) təqdimatına kitabxana rəhbərliyi icazə verməyərək bunu türklər və ermənilər arasında mübahisələrdən yorulduqları ilə əsaslandırmışdı. Eyni zamanda, Dortmund şəhərində olan, Almaniyada 1-ci, dünyada isə 6-cı ən böyük “Romberqpark” botanika bağında növbəti “Alman-erməni dostluq bağı”nın yaradılması nəzərdə tutulur. Dostluq bağlarının ikisi isə Ermənistanın Yerevan və Yeğeqnadzor şəhərlərində yerləşir. Bağın salınmasının bütün xərclərini Almaniya Bundestaqının sədri professor Norbert Lammert öz üzərinə götürüb. Bundestaqın “erməni soyqırımı”nın tanımasına gəlincə, N. Lammertin bu məsələyə müsbət yanaşdığı, hətta uydurma “soyqırım”la bağlı tədbirlərdə vaxtaşırı çıxış etdiyi bildirilir.

Almaniyadakı güclü türk diasporu qarşısında ermənilər zəif mövqedə olduqlarını etiraf edərək, Avropada xristian amili artıq xeyli zəiflədiyindən kilsə və xaçkar inşasının gözlənilən təsir qüvvəsinə malik olmadığını vurğulayırlar. Buna görə də yeni yanaşma konsepsiyası işləyib-hazırlamaq istəyən ermənilərin bu istiqamətdə çoxtərəfli fəaliyyətlərini artırması gözlənilir. Bundan başqa, Avropada Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərən daha bir təşkilatın fəaliyyəti diqqəti cəlb edir.

Avropadan Azərbaycana və Türkiyəyə təhdidlərin yeni qaynağı

Bundan başqa uallıq kəsb etməyə başlayan Avropa Qonşuluq Siyasətinə əsasən, Avropa Birliyi Azərbaycanla əlaqələrini möhkəmləndirməyə çalışır. Bu fonda ölkəmizlə Avropa arasında münasibətlərin yaxşılaşmasından narahat olan bəzi separatçı təşkilatlar tərəfindən guya milli azlıqların hüquqlarının qorunmaması, ölkədə hüququn aliliyi və demokratiyanın inkişafının müşahidə olunmadığı iddia olunur. Məsələn, onlardan biri olan Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (TMXT) və Talış Milli Hərəkatının təşkilatçılığı ilə “Azərbaycan: ikili standartlar və milli azlıqların hüquqlarına hücumlar” mövzusunda Belçikada konfrans keçirilib, ölkəmiz əleyhinə bir sıra fikirlər səslənib. Bu cür təşkilatlara himayəçilik edən “Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı” 1991-ci il fevral ayının 11-də özmüqəddəratını təyinetmə hərəkatının Estoniya, Latviya, Krım, Ermənistan, Gürcüstan, Tatarıstan, Şərqi Timor, Şərqi Türküstan, Tibet, Avstraliya Aborigenləri, Kordilyer, Albaniyadakı yunan azlığı, Kürdüstan, Tayvan və Qərbi Papuadan olan liderlərinin təşəbbüsü ilə yaradılıb. Təşkilatın Haaqada təsis edilməsinin səbəbi Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin həmin şəhərdə fəaliyyət göstərməsidir. TMXT-in Brüssel və Cenevrə şəhərlərində nümayəndəlikləri, dünyanın bir sıra ölkələrində assosiasiyalar şəbəkəsi var. Qurum üzvlərin yardımları, eləcə də, ayrı-ayrı şəxslərdən, fondlardan daxil olan ianələr hesabına maliyyələşir, beynəlxalq demokratiya yönümlü təşkilat kimi təqdim edilir. Məqsədinin təmsil olunmayan və sıxışdırılan, siyasi hüquqları azaldılmış xalqların səsinin eşidilməsinə yardım etmək olduğu bildirilir. Təşkilatın beş əsas prinsipi vardır: özmüqəddəratını müəyyənetmə üçün bərabər hüquqlar; hamılıqla qəbul olunmuş insan hüquqları standartlarına, xüsusilə, İnsan Hüquqları Bəyannaməsinə sadiqlik; demokratik plüralizm prinsiplərinə sadiqlik və totalitarizmdən, eləcədə, dini dözümsüzlükdən imtina; qeyri-zorakılığın inkişaf etdirilməsi və terrorçuluqdan siyasi vasitə üsulu kimi imtina; ətraf mühitin mühafizəsi.

Hazırda təşkilatın 42 üzvü vardır. Üzvləri köklü xalqlardan, milli azlıqlardan, tanınmamış və ya işğal olunmuş ərazilər kimi subyektlərdən ibarətdir. Onların sırasında Abxaziya, Krım tatarları, Şərqi Türküstan, İran Kürdüstanı, İraq Kürdüstanı, İraq Türkmanları, Kosovo qeyd edilə bilər. Cənubi Azərbaycan 2007-ci ildən təşkilatın üzvüdür. Onu Güney Azərbaycan Milli Oyanış Hərəkatı təmsil edir. Ermənistan, Şərqi Timor, Estoniya, Latviya, Gürcüstan vaxtilə adıçəkilən qurumun üzvü olmuşdu, lakin müstəqillik və ya muxtariyyət statusu əldə etdikdən sonra üzvlüklərinə son verilib. Təşkilat öz problemlərini səmərəli şəkildə həll etmək üçün maraqlı qruplara beynəlxalq hüquq, beynəlxalq təşkilatlar, diplomatiya və ictimaiyyətlə əlaqələr sahələrində təlimlər keçir.

Separatçıların təşkilatında Azərbaycandan kimlər var?

Azərbaycandakı milli azlıqlardan talış separatçılığı mövqeyindən çıxış edənlərin təmsilçiləri ilk dəfə 2005-ci il iyun ayının 26-da adıçəkilən təşkilata üzv olub. 2008-ci il martın 1-də üzvlüyə xitam verib, 2014-cü il iyul ayının 15-də yenidən üzvlüyü bərpa edilib. Təmsilçiləri qismində Talış Milli Hərəkatı adlı separatçı təmayüllü qurum çıxış edir. Ləzgilərin təmsilçisi olduğunu iddia edən separatçı təmayülə malik Federal Ləzgi Milli və Mədəni Muxtariyyəti 07 iyul 2012-ci ildə təşkilata üzvlüyə qəbul edilib. 2003-cü ilin iyul ayından təşkilatın baş katibi italiyalı siyasətçi və hüquq müdafiəçisi Marino Busdaçinidir. O, 1956-cı ildə Xorvatiyada anadan olub. Sonradan İtaliyaya köçüb və Triyest Universitetində təhsil alıb. 1970-ci illərdə İtaliyada vətəndaş hüquqları (xüsusilə boşanma və abort hüququ) uğrunda, 80-ci illərdə isə Şərqi Avropada, eləcə də, SSRİ-də mülki və siyasi hüquqlar uğrunda mübarizə aparıb. Transmilli Radikal Partiyanın üzvü olub. 1982-ci ildə Bolqarıstan, 1989-cu ildə SSRİ-dəki fəaliyyətinə görə həbs edilib. 1993-1998-ci illərdə ABŞ-da fəaliyyət göstərib, keçmiş Yuqoslaviya və Ruandada hərbi cinayətlərə dair tribunalın yaradılması üçün kampaniyada iştirak edib. BMT-də ölüm hökmünə moratorium qoyulması üçün çalışıb.

Mirvari Fətəliyeva: “Biz onları dövlətimizə qarşı çirkin oyundan çəkinməyə çağırırıq”

“Bu gün Avropada, xüsusilə Fransada yaşayan azərbaycanlılar tarixi vətənləri Azərbaycanda baş verən hər bir hadisəni həyəcanla izləyir. Bununla bağlı xaricdən vətənimiz Azərbaycana qarşı hər hansı bir çirkin cəhdi və təxribatı qətiyyətlə pisləyirik”. Bunu APA-ya Fransada Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü Mirvari Fətəliyeva bildirib. O qeyd edib ki, 100 il əvvəl Sovet işğalından mühacir etmiş Fransada yaşayan azərbaycanlılar Cümhuriyyət qurucularımız kimi Azərbaycan dəyərlərinin, milli xüsusiyyətlərinin, əsasən həqiqətlərinin təbliğində fəaldırlar: “Azərbaycan müstəqil olduqdan sonra ciddi inkişaf yoluna qədəm qoyub və regionda aparıcı ölkədir. Xaricdə yaşayıb ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı bundan qürur duymalıdır. Biz, Fransada yaşayan azərbaycanlılar bu gün Azərbaycan dövlətinin apardığı xarici siyasətin ətrafında sıx birləşərək yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən hələ də işğalı davam edən torpaqlarımız ilə bağlı həqiqətlərin yayılmasında daha da fəal olmalıyıq. Xaricdə yaşayan əsl azərbaycanlıların tək istəyi bu olmalıdır. Xaricdə yaşayan azərbaycanlılar informasiya əsrində daha diqqətli, daha operativ olaraq tarixi vətənimiz Azərbaycan dövlətinə bir diaspor kimi var gücümüzlə həmrəyliyimizi əsirgəməməliyik. Bu gün güclü, müstəqil Azərbaycan dövləti nəinki ölkədə yaşayan azərbaycanlılar, o cümlədən xaricdə yaşayana azərbaycanlılar üçün də dayaq nöqtəsidir. Biz xaricdən bunu həzm edə bilməyən müxtəlif, bəzi hallarda da içimizdən olan xainlərin vasitəsilə təhqir və qarayaxma kampaniyası aparan dairələrə bildirmək istəyirik ki, güclü Azərbaycan dövlətinin xaricdə də güclü diasporu var və onlar istəklərinə çata bilməyəcəklər”. Diaspor rəhbəri bildirib ki, hər kəs fərqli düşüncə və əqidə sahibi ola bilər, amma bu gün fikirlərini müxalifət adı altında söyüş və təhqirlərlə bildirənlər, gələcəkdə Azərbaycan qarşısında bəlkə də özlərinin də bağışlaya bilməyəcəyi ən səhv yoldadırlar: “Biz onları dövlətə qarşı bu çirkin oyundan çəkinməyə çağırırıq”.

XİN yəmənli bloqerin adını “qara siyahı”ya salmayıb

Yəmən vətəndaşı, bloqer Nada Ahmed Ali Al-Nahdi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubunda N. Al-Nahdi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib. Qanunsuz səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadığını bildirən N. Al-Nahdi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini vurğulayıb və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Məktubunda o həmçinin, gələcəkdə ölkəmizin işğal altında olan ərazilərinə bu kimi səfərlərdən çəkinəcəyini bildirib. N. Al-Nahdinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”na salınmamasına dair qərar qəbul edilib.

Nəzakət Məmmədova, politoloq


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI