PARADOKS

AKTUAL

“Yeni doğulan uşaqlar üçün birdəfəlik müavinət ayrılmasını nəzərə almalıyıq”

14-11-2017, 03:31
  •     
  • Siyasət |
  •  Oxunma: 32

“Yeni doğulan uşaqlar üçün birdəfəlik müavinət ayrılmasını nəzərə almalıyıq” Qüdrət Həsənquliyev: “Hazırda ölkədə bir uşaq doğumu 500-1000 manata başa gəlir”

Milli Məclisin komitələrində büdcə müzakirələri yekunlaşdı

Milli Məclisin komitələrində Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi davam etdirilib.Layihələr Milli Məclisin daha 5 komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
Müzakirələrdə komitələrin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak edib. Komitələrin birgə iclası Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovamın sədrliyi ilə keçirilib.

Vitse-spiker bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. “Həmçinin bu layihəni ölkəmizin beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirəm. Büdcə zərfində gəlirlərin və xərclərinin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim”.

“Biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemili tədbirlər davam etdiriləcək”

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, 2018-2021-ci illərdə Azərbaycanda qeyri-neft sənayesi orta hesabla 7,3% artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, gələn il aqrar sektor üzrə 6,2% artım proqnozlaşdırılır:

Nazir müavini qeyd edib ki, turizm sektoru üzrə ən yüksək səviyyədə və müasir standartlara uyğun qurulmuş infrastruktur bu sahənin inkişafı üçün münbit şərait yaradıb. “Son illərdə bir çox beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi xarici vətəndaşların Azərbaycana marağını daha da artırıb. Görülən işlər nəticəsində ölkəyə turist axını güclənib. Gələn il turizm sektoru üzrə 6,6%, növbəti üç ildə isə orta hesabla 6%-dən çox artacağı proqnozlaşdırılır”.

Nazir müavini İKT sektorunda da artım gözlənildiyini bildirib: “Belə ki, İKT sektorunda gələn il 5,1%, növbəti illərdə 6%-dən çox artım nəzərdə tutulur. Həmçinin gələn il ölkə iqtisadiyyatına 15,9 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır”.
S.Həsənova qeyd edib ki, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemili tədbirlər davam etdiriləcək.

“Rayon və şəhərlərin yerli xərclərinin 424 milyon manat təşkil edəcək”

Maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 4 milyon manat çoxdur.

Gələn il də rayon və şəhərlərin yerli xərclərinin 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 mln. manat çoxdur: “2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1% olacaq ki, bu da cari illə müqayisədə 0,2 faiz-bənd aşağıdır. Natural ifadədə isə maliyyə yardımının məbləği əvvəlki ilə nisbətən 1 milyon manat azalaraq 73 milyon manat olacaq”.

“Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri artırılır”

Azər Bayramov deyib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri artırılır. Belə ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub.
Nazir müavini qeyd edib ki, bu, cari illə müqayisədə 49,5% və ya 161 mln. manat çoxdur.

Teatra ayrılan vəsait azaldılır

Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycanda teatr və kino sahəsinə dövlət tərəfindən maliyyənin az ayrılmasına narazılığını bildirib.
O qeyd edib ki, kinematoqrafiyanın inkişafı üçün güzəştlər edilməlidir. R. Hüseynovun sözlərinə görə, bu, zərurətdir.

Komitə sədri onu da bildirib ki, teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var. O bunun bu sahəyə pis təsir edəcəyini vurğulayıb, bunun heç olmasa yenidən qismən artırılmasının vacibliyini önə çəkib.

Deputat Elmira Axundova da mədəniyyət üçün büdcədə nəzərdə tutulan 304 milyonluq vəsaitin yetərli olmadığı barədə fikirlərlə razılaşıb: “Amma bununla belə, bu boşluğu Heydər Əliyev Fondunun təşkil etdiyi kulturoloji aksiyalar doldura bilir. Bu fond Azərbaycanın birinci vitse-prezidenti, hörmətli Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirir. Yəni büdcədə mədəniyyət sahəsinə ayrılan vəsait yetərli olmasa da, bu sahənin inkişafına diqqət göz önündədir”.

“Prezident təqaüdçüsü özünə dərman ala bilmirsə…”

Deputat Fazil Mustafa da büdcəyə pul gətirən sahələrin inkişafına vəsait ayrılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, kinematoqrafiyaya, turizmə ayrılan vəsait gələcəkdə büdcəyə gəlir gətirə bilər.

O həmçinin qeyd edib ki, hər hansı bankın ziyan etməsi vətəndaşın günahı deyil. “Vətəndaş neynəsin ki, hər hansı bank büdcəyə ziyan vurub? Vətəndaşın sağlamlaşdırılması üçün büdcədə addımlar atılmalıdır. İnsanların sosial şərtlər altında əzilməməsi üçün işlər görülməlidir. Əgər bu gün prezident təqaüdçüsü özünə dərman ala bilmirsə, deməli, bu barədə ciddi düşünmək lazımdır”.

“Bələdiyyələr tərəfindən 30 layihə hazırlansa da, heç biri keçməyib”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, yerli icra hakimiyyət orqanları bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır. O qeyd edib ki, bu il bələdiyyələrə subvensiya ayrılması məsələsi hələ də öz həllini tapmayıb: “Bələdiyyələrə ayrılan vəsaitin bir hissəsi subvensiya şəklində olsun. Bunun mahiyyəti odur ki, bələdiyyə konkret müvafiq layihəni icra etsin. Məsələn, gələn il bələdiyyələrə 5,2 milyon manat ayrılıb. Olmazdı ki, bu, subvensiya formasında ayrılsın?”.
Komitə sədri əlavə edib ki, 2016-cı ildə bələdiyyələr tərəfindən 30 layihə hazırlansa da, heç biri keçməyib: “2018-ci ildə isə ümumiyyətlə bələdiyyələrin layihəsi barədə heç nə əksini tapmayıb. Bu laqeydlikdirmi? Bu nə deməkdir?”.

Komitə sədri hökumət tərəfindən bu məsələlərə aydınlıq gətirilməsini tələb edib.

Azərbaycan mətbuatına dövlət büdcəsindən maliyyənin artırılması təklif edilir

Müzakirələr zamanı Azərbaycan mətbuatına dövlət büdcəsindən maliyyənin artırılması təklif olunub. Deputat Hikmət Məmmədov bildirib ki, informasiya təhlükəsizliyinin təminatında, kütləvi informasiya vasitələrinin rolu böyükdür. Bu səbəbdən kütləvi informasiya vasitələrinə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac var.
H. Məmmədov bildirib ki, Azərbaycanda çap mediasının saxlanmasına, bu sahənin inkişaf etdirilməsinə görə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna dövlət tərəfindən maliyyə vəsaiti ayrılır: “Hesab edirəm ki, ayrılan vəsait yetərincə deyil. Ölkə mediasının daha da inkişaf etdirilməsi məqsədi ilə KİV–in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılmalıdır”.
Deputat ali təhsil müəssisələrində təhsil alan fiziki qüsurlu şəxslərin övladlarının təhsil haqqından azad edilməsi və ya digər güzəştlərin tətbiqini də təklif edib. O bildirib ki, sosial evlərin tikintisinə maliyyə vəsaitlərinin ayrılması böyük təşəbbüsdür.
Deputat Azərbaycanda aztəminatlı ailələrin, müharibə veteranlarının və valideynləri sağ olan qaçqın usaqların təhsil haqqından azad edilməsinə ehtiyac olduğunu da bildirib: “Onsuz da belə insanların sayı azdır”.

“Onlayn mətbuata da bir milyon manat vəsait ayrılarsa…”

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da mətbuata dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması məsələsinə toxunub. O qeyd edib ki, onlayn mətbuata da bir milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticə hiss olunacaq: “Hazırkı dövrdə onlayn mətbuatda reklam gəlirləri yetərli deyil. Onlayn mətbuat reklam bazarında özünü tutana, maliyyələşdirənə qədər dövlətin vəsait ayırmasına böyük ehtiyac var”. O, Azərbaycanda xəbər televiziya kanalının yaradılmasını təklif edib. Bildirib ki, Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün xəbər-informasiyaya üstünlük verilən televiziya kanalının fəaliyyətinə ehtiyac var: “Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordunun böyük məbləğdə maliyyələşdirilməsi təqdirəlayiqdir. Unutmaq lazım deyil ki, Azərbaycan informasiya savaşına da önəm verməlidir. Bunun üçün də kiçik maliyyə həcmli televiziyanın yaradılması mümkündür”.Eflatun Amasov

“ “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməlidir”

Deputat Qüdrət Həsənquliyev “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsi təklif edib.O bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək.
O qeyd edib ki, əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır: “Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur. Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”.

“42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək?”

Qüdrət Həsənquliyev qaçqın və məcburli köçkünlərin mənzil problemindən də danışıb. “Hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır. 2018-ci ilin büdcə layihəsində onlar üçün 200 milyon manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Həmçinin 42 milyon manat xarici kreditlər hesabına ayrılacaq. 42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək? Bu haqda məlumat verilməlidir”.
Deputat hesab edir ki, prioritet yeni idman obyektləri olmalı deyil. “Yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
İdman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır. Prioritet 25 ildən artıq bir müddətdə dözülməz şəraitdə yaşayanlar üçün şərait yaratmaq olmalıdır”.

“Hazırda ölkədə bir uşaq doğumu 500-1000 manata başa gəlir”

Q.Həsənquliyev Hazırda ölkədə bir uşaq doğumu 500-1000 manata başa gəlir. həmçinin uşaqlar üçün müavinətlərin artırılmasının vacibliyini qeyd edib. “Avropa ölkələrində dövlət hər ay uşağa 100 avro pul verir. Heç olmasa işsiz valideynlərin uşaqlarına müavinətlər artırılmalıdır. Heç olmasa onlar üçün birdəfəlik müavinət ayrılmasını nəzərə almalıyıq”.
Q.Həsənquliyev qeyd edib ki, hakimlərin sayı 2 dəfə artırılmalıdır. “Hazırda ölkədə 555 hakim ştatı var ki, onlardan 49-u vakansiyadır. Azərbaycanda min nəfərə düşən hakim sayı Avropa ölkələrindən çox geri qalır. Hakimlərin sayı 2 dəfə artırılmalıdır. Bunun üçün də vəsait ayrılmalıdır. Başqa sahələrdən vəsaiti kəsmək olar. İdman obyektərini tikintisini təxirə salmaq olar. Həmçinin yeni səhiyyə və təhsil obyektərinin tikintisinə büdcədən vəsait ayırmaq əvəzinə bu obyeklərin özəlləşdiriməsi daha məqsəduyğundur”.

“İnsanlar təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər”

Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məşğulluq idarələrinin fəaliyyətini tənqid edib: “Mən konkret olaraq bilmirəm ki, məşğulluq idarələrinin funksiyaları nədir? Mən gələn plenar iclasda məşğulluq idarələri ilə bağlı xüsusi yanaşmamı ortaya qoyacam. Bu gün biz bu idarələrdən eyni cavablar alırıq”.

Komitə sədri büdcədə sosial evlərlər və ipoteka ilə bağlı artımların olmasını müsbət qiymətləndirib. “İnşaat sektoru sadəcə hansısa bir binanın tikintisi demək deyil. İnsanlar bu obyektlərdə işləyirlər, vergi ödəyirlər. Yəni yeni iş yerləri yaradılır. İnsanların gəlir yerləri artır. İpoteka ilə bağlı artım isə onu özündə ehtiva edir ki, insanlar güzəştli ipoteka şərtləri ilə yeni mənzillərə sahib ola biləcəklər”.

Komitə sədri bildirib ki, regionlar öz büdcələrinin formalaşdırılmasında fəal olmalıdırlar və investisiyalar cəlb etməlidirlər.

“Bu gün Azərbaycanın büdcəsi ona imkan verir ki, bəzi bölgələrə dotasiyalar ayıraq. Amma yerli icra strukturlarının təkmilləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır”.
Deputatın sözlərinə görə, rəhbərlik etdiyi komitəyə ünavanlanan müraciətlərdən biri də tələbələrin təhsil haqqı ilə bağlıdır.

“Bizə ünvanlanan müraciətlərdən görünür ki, insanlar təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Təhsil isə millətin gələcəyidir. Biz bununla bağlı Təhsil Nazirliyi və parlamentin Elm və təhsil komitəsi ilə birgə də ictimai dinləmələr aparacağıq”.

“İstehsalat sahələri yaradılsa, aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”.

İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılmasının vacibliyini vurğulayıb. “Belə olsa məhbuslar üçün də yaxşı olar. Məsələn, aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”.

Ombudsman bir sıra təkliflərlə çıxış edib: “Şəhid ailələrinə sığorta pulunun ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmçinin regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır. Bu insanların öz hüquqlarını müdafiə etməsi baxımından çox vacib addım olardı”.

Siyasi partiyalara ayrılan vəsait artırılsın

F.Muradov qeyd edib ki, bütün dünyada ali qanunvericilik orqanlarında təmsil olunan siyasi partiyaların büdcələri kifayət qədərdir.
“Düşünürəm ki, siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə baxılmalıdır. Bu gün Azərbaycanın əleyhinə işləyən qurumlar, qeyri-hökumət təşkilatları var ki, onların büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur. Biz siyasi islahatların aparılmasını istəyiriksə, siyasi partiyaların büdcəsinə yenidən baxılmalıdır”.

Deputat Tahir Kərimli də 10 ildən çoxdur bu vəsaitin eyni qaldığını deyib: “Mən Maliyyə Nazirliyinə üzümü tutaraq soruşmaq istəyirəm, hazırda aylıq 8 min manata partiya necə yaşaya bilər? Biz bunu nəzərə almalıyıq və siyasi partiyalara maliyyə ayrılmasına baxılmalıdır”.

“Neftin qiyməti 45 yox, 50 dollardan götürülsün”

Tahir Kərimli 2018-ci ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsini təklif edib. “Büdcədə neftin qiyməti 45 dollardan hesablanacaq. Neftin qiyməti 65 dollar olduğu halda, niyə belə olmalıdır? Biz bundan qorxmamalıyıq. Beynəlxalq təşkilatların əksəriyyəti neftin qiymətini 50 dollardan hesablayır”.

O qeyd edib ki, neftin qiymətinə uyğun bir sıra sahələrə ayrılan vəsaitlər artırılmalıdır.
T.Kərimliyə cavab verən maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin 45 dollardan hesablanması normaldır.

Müzakirələrdən sonra komitələrdə büdcə müzakirələri başa çatıb və sənəd plenar iclasa tövsiyə edilib. Bundan əvvəl müzakirələr noyabrın 7-də İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin, noyabrın 8-də isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb və sənəd yekdillikllə plenar iclasa tövsiyə edilib.

Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq və müzakirələr 3 gün davam edəcək.
Növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

Mərkəzləşdirilmiş gəlirlər 19 mlrd. 476,329 mln. manat, yerli gəlirlər 650,671 mln. manat, mərkəzləşdirilmiş xərclər 20 mlrd. 181,608 mln. manat, yerli xərclər 724,092 mln. manat məbləğində gözlənilir.

Növbəti il ARDNF-dən büdcəyə 9,216 mlrd. manatın transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat az olub.

Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23223,2 mln. manat və ya əvvəlki ilə nisbətən 246 mln. manat (1,1%) çox, xərcləri 26674,1 mln. manat və ya əvvəlki ilə nisbətən 3895,4 mln. manat (12,7%) az nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 36,3%-i və ya 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 63,7%-i və ya 2 mlrd. 278,8 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.

İcmal Büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun 2018-ci il üçün büdcəsinin gəlirləri 10 mlrd. 676,4 mln. manat nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 137,5 mln. manat və ya 1,3% azdır. Qeyd olunan məbləğin 9 mlrd. 723,8 mln. manatı və ya 91,1%-i mənfəət neftinin və qazın satışından daxilolmalar təşkil edir. ARDNF-nin 2018-ci il üçün büdcəsinin xərcləri 11 mlrd. 986,5 mln. manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 3 mlrd. 223,9 mln. manat və ya 21,2% azdır.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 355,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 4,8 mln. manat və ya 1,3% çoxdur. Naxçıvan Muxtar respublikasına dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 281,9 mln. manat olmaqla əvvəlki ilə nisbətən 3 mln. manat və ya 1,1% çoxdur.

2018-ci ilin icmal büdcəsinin kəsiri 3 mlrd. 450,9 mln. manat (2017-ci illə müqayisədə 4 mlrd 141,4 mln. manat və ya 54,5% az) və ya nəzərdə tutulan ÜDM-in 5%-i (2017-ci illə müqayisədə 6,2% bənd az) səviyyəsindədir.

ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 14 mlrd. 127,3 mln. manat (2017-ci illə müqayisədə 4 mlrd. 278,9 mln. manat və ya 23,2% az) və ya nəzərdə tutulan ÜDM-in 20,4%-i həcmində olacaq ki, bu da 2017-ci illə müqayisədə 6,6% bənd azdır.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI