PARADOKS

AKTUAL

“Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirilib - QHT TV

23-06-2017, 01:32
  •     
  • Siyasət, SON XƏBƏR |
  •  Oxunma: 153

“Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirilib - QHT TV
“Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirilib - QHT TV
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq ictimai forum keçirilib.

APA-nın məlumatına görə, forumda Xarici İşlər Nazirliyinin əməkdaşları, xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, KİV və QHT rəhbərləri, ekspertlər iştirak ediblər.

Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən və Xocalı soyqırımından danışıb. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Bu, Azərbaycanın xarici siyasətinin prioritetidir”.

Keçən ilin aprel döyüşlərində Azərbaycan ordusunun uğurlarından söz açan V. Quliyev qeyd edib ki, prezident İlham Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini vurğulayıb: "Dövlət başçısı bildirib ki, Göyçə, Zəngəzur tarixi torpaqlarımızdır. Gənc nəsil bilməlidir ki, o torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq".

Millət vəkili Elman Nəsirov ATƏT-in Minsk qrupu yaradılması ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq xarakter aldığını söyləyib: "Azərbaycanla Ermənistanın, Rusiya ilə ABŞ-ın, NATO-nun, Türkiyənin, İranın mövqeləri üst-üstə düşdüyü zaman Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa, Rusiya, işğalçı Ermənistan xristian dövlətləri, işğala məruz qalan Azərbaycan müsəlman dövlətidir. Yəni 4-ün 1-ə nisbətində münaqişənin həllinə çalışırıq. Bu nisbətin 4-ün 4-ə olmasını təmin etmək üçün həmsədrlər sırasına Türkiyə, Pakistan və Qazaxıstanın daxil edilməsi məntiqli olar. Bu halda münaqişənin həllində həm də iki sivilizasiyanın iştirakı təmin edilər. Biz mütləq bu münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyik, torpaqlarımızı geri qaytaracağıq”.

Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov ermənilərin Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi ilə əlaqədar Ağdərədə "Marağa-150" abidəsinin qoyulduğunu xatırladıb: "Bu, ermənilərin Marağadan, yəni İrandan Dağlıq Qarabağa 150 il əvvəl köçürülməsi ilə bağlı idi. İrəvanda, Göyçə və Zəngəzurda da ermənilər yaşamayıblar. Ermənilər Dağlıq Qarabağa çar Rusiyasının işğalçılıq siyasətinin nəticəsi olaraq köçürülüblər. Çar Rusiyasının bu gün əldə etdiyimiz hərbi xəritələrində də hər hansı erməni toponimi yoxdur, bu ərazilərdə ermənilərin yaşamadığı aydın görünür, azərbaycanlıların yaşadıqları bölgələr olaraq əksini tapır. Böyük dövlətlərin ikili standartları münaqişənin ədalətli həllinə imkan vermir".

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi”, millət vəkili Hikmət Babaoğlu "Ermənistanın işğalçılıq siyasəti, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən əsas faktor kimi”, filologiya elmləri doktoru Rövşən Məmmədov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda transmilli informasiya siyasəti”, iqtisadi elmlər doktoru Fikrət Yusifov "Ermənistanın işğalçılıq siyasəti və humanitar fəlakət” mövzularında məruzə ilə çıxış ediblər.

Müzakirələrdə Metsamor Atom Elektrik Stansiyasının region üçün böyük bir təhlükə mənbəyi olduğu, Ermənistanın regionda humanitar fəlakətə aparan addımları, informasiya müharibəsi sahəsində görülən işlərdən bəhs olunub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI