PARADOKS

AKTUAL

Qazaxıstanın müstəqilliyinin simvolu - təngə

18-11-2017, 16:01
  •     
  • MARAQLI |
  •  Oxunma: 27

Qazaxıstanın müstəqilliyinin simvolu - təngə


Qardaş Qazaxıstan dövləti rubl məkanından çıxaraq öz milli valyutasına 24 il öncə - 1993-cü il noyabrın 15-də qovuşub. Yəni 24 il öncə məhz bu gün qazax xalqı milli pul vahidi olan “təngə”nin tədavülə buraxılmasının sevincini yaşayıb.
Prezident Nursultan Nazarbayevin “müstəqilliyin simvolu” adlandırdığı təngə tədavülə buraxıldığı ilk vaxtlarda 1 təngə 500 rubla, 1 dollar isə 4,7 təngəyə bərabər idi.
Təngə haqqında nələri bilirik? 1993-cü il noyabrın 12-də prezident Nursultan Nazarbayevin sərəncamı ilə üç gün sonra – noyabrın 15-də milli valyutanın dövriyyəyə girməsi qərara alındı. Həmin sərəncama əsasən, noyabrın 15-dən 20-dək Qazaxıstan vətəndaşlarına əllərindəki sovet rublını milli təngəyə dəyişdirmək üçün şərait yaradıldı. Eyni zamanda, insanlar çətinlik çəkməsin deyə müəyyən müddət rubl da təngə ilə yanaşı ödəmə vasitəsi kimi tədavüldə qaldı.
Məlumat üçün bildirək ki, Qazaxıstan Milli Bankı vətəndaşlardan aldığı həmin rublları Petropavlovsk şəhərindəki bir anbarda saxlamaqdadır.
İlk təngənin dizaynı yerli rəssamlar - M.Alin, T.Süleymenova, A.Düzəlhanov və H.Qabcalelov tərəfindən işlənib, hazırlanıb. Həmin pul vahidlərinin üzərində dünya şöhrətli alim və filosof Əl-Fərabi, qazax xalqının milli şairləri Abay və Süyinbay, eyni zamanda xan və sultanlar - Abılay və Abilhayır, alim Şokan Ualihanov, bəstəkar Kurmanqazı kimi şəxslərin şəkilləri əks olunub. Qazaxıstanın müstəqilliyinin 25-ci ilində Milli Bank üzərində prezident Nursultan Nazarbayevin şəkli olan 10 minlik istiqrazlar da buraxıb.
İlk başda milli pula hansı adın verilməsi məsələsi xeyli müzakirə olunub, onun “akşa”, “som”, “altın” adlandırılması təklif edilib. Nəhayət, sonda təngə adının üzərində dayanılıb.
Qazaxıstan Müstəqil Dövlətlər Birliyində öz pulkəsən fabriki olan 4 ölkədən biridir. Digər üç ölkə Rusiya, Ukrayna və Özbəkistandır. Qazaxıstan milli valyutası kağız pulla yanaşı, həm də nikel, gümüş və qızıl tərkibdə kəsilir.
Bu gün istifadə edilən təngələr 18 səviyyə təhlükəsizlik xüsusiyyətinə malikdir ki, onlardan ikisi dollar və avroda da mövcuddur.
Sonda qeyd edək ki, Qazaxıstanın Milli Bankı normal pul kəsimi ilə yanaşı, lazım olanda xatirə pul vahidi və istiqrazlar da buraxır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI